Xəbər lenti
Dünən, 19:25

 

Dollar valyuta kimi dünyada hegemon mövqeyə sahibdir. Heç bir valyuta onunla ciddi rəqabətə girə bilmir. Qaz, neft, buğda, qızıl və s. kimi strateji malların 64 faizi dollarla alınıb-satılır.

Şübhəsiz ki, dolların bu qədər işlək olması beynəlxalq arenada ABŞ-a böyük üstünlüklər verir və bu ölkənin gücünə güc qatır. Dollardan sonra ən çox istifadə olunan valyuta isə avrodur. Beynəlxalq alış-verişin 19 faizi bu valyutanın payına düşür.

Normalda dolların hər hansı başqa bir valyuta tərəfindən sıxışdırılması az ehtimal olunur. Bunun üçün strateji malların alış-satışının dollarla yox, tutaq ki, avro ilə həyata keçirilməsi gərəkir. Bu isə az ehtimal olunur.

Ancaq dünyanın bir çox ölkələri dolların dominantlığına son qoymağa çalışır. Bu ölkələr arasında Rusiya, Çin, İran öndə gedir.

Etiraf olunmasa da, Avropa Birliyi də dolların üstün mövqedə qərar tutmasından məmnun deyil. O da məlumdur ki, Avropa Birliyi ilə Rusiya arasında ciddi iqtisadi əlaqələr var. Rusiya Avropa Birliyinə neft və qazı satan əsas ölkədir. O da sirr deyil ki, Rusiya Avropa Birliyinə satdığı neftin və qazın pulunu avro ilə almaqda maraqlıdır. Təbii ki, bu, Avropa Birliyinin də maraqlarına uyğundur.

Hadisələrin bu cür gedişinə ABŞ-ın reaksiyası necə ola bilər? Bəzi ekspertlər hesab edirlər ki, belə olduqda ABŞ hərbi müdaxiləyə əl atmaqdan belə, çəkinməyəcək...

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin RT telekanalına eksklüziv müsahibəsində deyib ki, Avropa Birliyi və Rusiya üçün dollar yad elementdir. Hər iki tərəf üçün ticarəti dollar müstəvisindən avro müstəvisinə keçirmək daha xeyirli olardı.

Rusiya iqtisadiyyatına görə sorumlu olan bu şəxs açıqlamasında bildirib ki, hazırda Avropa Birliyi ilə Rusiya arasında iqtisadi əlaqələr baxımından, intibah dövrü yaşanır. Nazir açıq şəkildə bəyan edib ki, Rusiya avronun beynəlxalq arenada, xüsusən enerji sahəsində mövqeyinin möhkəmlənməsində maraqlıdır və buna dəstək verir.

Qeyd olunur ki, Rusiya Macarıstan və Finlandiyada nüvə reaktorları quraşdıracaq. “Nord Stream 2” qaz kəməri də gündəmdədir.

Bu kimi işlərin avro ilə görülməsi Rusiyanın marağındadır. Və dollara qarşı olan ölkələrin də bu kimi gedişlər etməsinə təkan verə bilər. Bu isə dolların dominantlığına son qoya bilər...

Elbəyi Həsənli, musavat.com

https://21stcenturywire.com/2018/12/24/russia-backs-eu-pledge-to-move-off-the-dollar-for-energy-trading/?fbclid=IwAR0niikvJPGhgmvPlmHXLvCkcavYtZPTp0Wchucvn4UJpCYmaL6JIYOafyM




Ana səhifəyə qayıt        Baxış: 400          Tarix: 25-12-2018, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma