Xəbər lenti

 

“İstər kölgə iqtisadiyyatının qarşısını almaq, istərsə də korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün ilk növbədə vəzifəli şəxslərdən gəlir və xərcləri barədə deklorasiya tələb olunmalıdır. Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər və necə qazanırlar. Yalnız bundan sonra qeyri-qanuni qazanc yollarını bağlamaq olar”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov 11 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin yanvar müşavirəsini “Hürriyyət” qəzetinə şərh edərkən belə deyib.

Qeyd edək ki, həmin iclasdakı çıxışında kölgə iqtisadiyyatını böyük bəla kimi qiymətləndirən Prezident ona qarşı amansız mübarizə aparacağını bildirərək demişdi:

“Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq".

Ölkə başçısının bu mövqeyini təqdirlə qarşılayan Ədalət lideri, nəhayət ki, ölkədə dövlətçilik ənənələrinin formalaşacağına ümidvar olmaq istədiyini bildirib:

“Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatları iri məmurların nəzarəti altında formalaşır. Onlar korrupsiya yolu ilə mənimsədikləri vəsaitləri böyük iqtisadi layihələrə yatıraraq daha çox varlanırlar. Buna baxmayaraq, qeyri-qanuni gəlirlərini vergi orqanlarından gizlətməkdən də çəkinmirlər. Vergi orqanları isə bir tikə çörək pulu qazanan sadə vətəndaşların boğazından yapışıb istismar edirlər. Pezidentin özünün də vurğuladığı kimi, ötən ilə qədər hətta onlardan bir il əvvəlin vergiləri də toplanırdı. Bu qədər özbaşınalığa məruz qalan iş dünyası harınlamış məmur oliqarxiyası ilə rəqabətə necə duruş gətirə bilərdi?”

Prezidentin müsbət mesajlarına baxmayaraq,  mövcud rejimlə kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizənin mümkün olmayacağından ehtiyatlanan partiya sədri fikirlərini belə əsaslandırdı:

“Korrupsiya, rüşvətxorluq və bunun nəticəsi olaraq ortaya çıxan kölgə iqtisadiyyatı indiki rejimin mahiyyətindən qaynaqlanır. Bu cür qanunsuz iqtisadi fəaliyyətlər yalnız indiki hakim iradəyə sərvət qazandırmır, həm də məmurları gözükölgəli edərək özünə bağlayır. Onlar ölkənin başqa cür idarə olunması yollarından xəbərsizdirlər və içərindən çıxa bilməyəcəkləri cinayət bataqlığına sürükləndiklərindən mövcud vəziyyətin dəyişdirilməsini də istəmirlər. Odur ki, kölgə iqtisadiyyatı ilə mübarizələrinin də Qarabağ probleminin həllindəki mövqeləri kimi nəticəsiz qalacağından şübhələnirəm. Necə ki, indiyə qədər “ Bayrağımız Xankəndindən və Şuşada dalğacaq” deyən hakimiyyətin indi 5 rayonu geri qaytarmağa böyük nailiyyət kimi baxdığı ortaya çıxdı. İndisə ermənilər bir qarış torpağı belə, qaytarmayacaqlarını açıq şəkildə bəyan etdikləri halda, Azərbaycan hakimiyyəti cınqırını belə çıxara bilmir. Mümkündür ki, hakimiyyətin kölgə iqtisadiyyatı ilə mübarizəsi də bayrağımızı Xankəndində və Şuşada dalğalandırmağa bənzəsin”.

Hakimiyyətin həqiqətən də kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə əzmi vardırsa, ona bəzi məsləhətlər vermək iltifatı göstərən İlyas İsmayılov deyib:

“Biz partiya olaraq dəfələrlə bu məsələylə bağlı mövqeyimizi açıqlamışıq. Təəssüf ki, təkliflərimizə indiyədək barmaqarası baxılıb. Əgər hakimiyyət indi öz səhvini anlayıb düzəltmək istəyirsə, biz ona bunun yollarını  məmnuniyyətlə göstərə bilərik. Qeyd edim ki, partiyamızın korrupsiya, rüşvətxorluq, inhisarçılıq və bu bəlaların nəticəsi kimi ortaya çıxan kölgə iqtisadiyyatına qarşı mübarizə ilə bağlı mövqeyi ötən il Ovqat.com saytında dərc olunan müsahibəmdə də öz əksini tapmışdı. Biz yenidən həmin təklifləri gündəmə gətirməyə məcburuq. (İlyas İsmayılovun haqqında bəhs etdiyi müsahibə ilə bu ilinkdə tanış ola bilərsiniz:

http://ovqat.com/manset/23009-lyas-smaylov-korrupsiya-il-mubariz-taprqla-yox-qanunla-aparlmaldr.html - Hürriyyət)

Kölgə iqtisadiyyatı və korrupsiya ilə effektli mübarizə ilk növbədə milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik bazası hələ də yaradılmayıb. Bu mübarizə dövlət vəzifəsi daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Xatırladım ki, bu barədə hələ 2005-ci ildə qanun qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir.

İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Prezident də öz çıxışlarında xərclər üzərində nəzarətin gücləndirilməsini vacib sayıb. Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. Həmin sənəd belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq.

Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.

Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya və onun üzərində qurulan kölgə iqtisadiyyatına aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, Prezidentin təbirilə desək, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə vermiş oldu. Düşünərəm ki, Prezident kölgə iqtisadiyyatının qarşısını almaq üçün bu qanun layihəsini tezliklə MM-ə göndərməlidir. Yəqin ki, MM-də onun təşəbbüsünün əleyhinə getməzlər.

Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılıb, həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının, habelə nəqliyyat prokurorluqlarının bərpasını tələb edir.

Beşincisi, bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 13 il əvvəl keçən Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur. Qeyd edim ki, mən bu barədə fikirlərimi dəfələrlə müxtəlif platformalarda dilə gətirmiş və bəzi mühüm təkliflərlə çıxış etmişəm.

İnhisarçılığın və korrupsiyanın tamamilə ortadan qaldırılması da kölgə iqtisadiyyatına qarşı mübarizənin başlıca metodlarındandır. Xatırlatmaq yerinə düşər ki, II Dünya müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində  inhisarçılığın və kölgə iqtisadiyyatının ləğvi birinci yerdə dururdu. Çünki kölgə iqtisadiyyatı və inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Bir-birilə üzvü şəkildə bağlı olan bu iki amil insan hüquq və azadlıqlarını pozur, vətəndaşların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran bu bəlaya qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 19-01-2019, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma