Zabil Həsənov
Bəli, bəli, düz oxudunuz, SSRİ-ni məhv edən Ağcabədi rayonudur. Təccüblənməyin, Qərbin bütün cəhdlərinə baxmayaraq, SSRİ adlı imperiyanın dağılmasına gətirib çıxaran əməllərin təməli məhz Ağcabədi adlı bir cənub rayonunda qoyulmuşdur.
Hələ tələbə olarkən Qərbin sosializmi tarixin səhvi adlandırması fikirini qəzəblə qarşılamışdım. Aldığımız sovet təhsili məni və mənim kimi başqa gəncləri sosializmin yeğanəliyinə və əbədiliyinə inandırmağı bacarmışdı. Təhsilimi başa vurduqdan sonra məlum oldu ki, fərqlənmə diplomu almamağımın səbəbi “Elmi kommunizm” nəzəriyyəsindən aldığım yeganə 3 qiymətidir. Sonralar ictimai mühitə bələdçiliyim artdıqdan sonra bunun səbəbini nəzəriyyənin bitkin olmamasında gördüm.
Sovet idelogiyasının cəmiyyətə gətirdiyi çoxlu bəlalardan biri şəxsiyyətin məhv edilməsi olmuşdur. Bu cəmiyyətdə şəxsiyyətin özünü tapması məsələsi qəliz məsələ idi. Vısotski, Qədir Rüstəmov, Rəmiş, Çingiz Mustafayev və s. kimi azad fikirlilər bu cəmiyyətə yad adamlar hesab edilirdi. Hətta ideologiyanın göylərə qaldırdığı şəxslərin belə sonluğu çox vaxt faciələrlə nəticələnməsinə aid kifayət qədər faktlar var. Nəyin bahasına olursa olsun, sovet sistemini daim qalib kimi göstərmək, saxta “sovet adamı” obrazı yaratmaq və sonda onu lazımsız əşya kimi kənara atmaq sistemin yaşam tərzi idi. Hər şey ideologiyaya qurban verilirdi və bu ideologiya da nəticəsiz bir iş idi. Ən əsası partiya tapşırığını “canla-başla” yerinə yetirmək sistemin başlıca şüarına çevrilmişdi. Bu zaman hansısa “dəvriş” və ya “dəvrişlərin” ( bu termin kənd təsərrüfatı nazirliyinin o zamankı yüksək rütbəli vəzifəlililərindən birinin bir kolxoz sədrinə verdiyi məsləhətdən götürülüb) qanı bahasına olsa belə, nailiyyət əldə etmək sistemin yazılmamış qanunlarından idi. Beləcə yuxarıdan gələn və ildən-ilə keçdikcə böyüyən tapşırıqların yerinə yetirilməsi məsələsi zaman keçdikcə çətinləşir və yerlərdə yuxarıları razı salmaq yolları axtarılırdı. Və tapıldı da.
1965-1968 illərdə Az.SSR-nın Ağcabədi rayonun birinci katibi işləmiş Məmməd Əsgərov partiya tapşırığının “canla-başla” yerinə yetirilməsinin bir yolunu “kəşf”etdi; planda nəzərdə tutulan sahələrdən əlavə uçota alınmayan pambıq sahələri salındı. Beləliklə, sahələrin məhsuldarlığı “artdı” və nəzərdə tutulan plan artıqlaması ilə yerinə yetirildi, Ağcabədi rayonu pambıqçılıq rayonu kimi ad çıxardı. Böyük rəqəmlərlə tanınan rayonda rəhbərçilik estafeti Vahid İsmayılova verildi. Rəqəmlər böyüdükcə, yeni “zirvələr” fəth edildikcə uçotsuz əkin sahələri də artırdı. Əkilən artıq sahələr kolxozçular arasında bölünür, becərmə haqqı isə verilmirdi. Yəqin gənclərimiz deyəcəklər ki, heç belə haqsızlığa qarşı çıxan olmurdu? Gördüyü işin haqqını tələb edən bir traktorçunun qaçağa çevrilməsi və milis işçiləri tərəfindən güllələnməsi faktı da rayon əhalisinin yaşlı hissəsinin yadında qalmış olar. Amma nə faydası. Müxtəlif idarələr öz işlərini qoyub məcburən ümumi səfərbərliyə cəlb edilirdi. Xidmət sahələri ancaq axşamlar fəaliyyət göstərə bilərdi, xəstələr həkimə ancaq axşamlar gedə bilərdi və s.
Ziyanvericilərə qarşı mübarizədə zəhər səpən təyarələrdən istifadə edilirdi. Bu isə əhali arasında xəstəliklərin artmasına gətirib çıxarırdı. O qədər də böyük olmayan (42-43 ev) kəndimizdə bir ildə ölən uşaqların sayı 14 olmuşdu. Həmin uşaqlar haqqında dəqiq məlumat almaq istəsəm də, kənd həkimi onların çoxunun qeydiyata alınmadığını söylədi. Yəni kənd sovetində ölən uşaqların çoxunun rəsmi qeydiyatı aparılmırdı.
Planlar, öhdəliklər isə durmadan yüksəlirdi. Əlavə meliorasiya işləri aparılaraq dövriyyəyə yeni əkin sahələri buraxılırdı. Bu da tükəndikdən sonra, növbə meşələrə çatdı; ağaclar qırılır, yerində əkin sahələri yaradılırdı.Yaxınlığımızda, rayonun Qaradolaq adlanan kəndi ərazisində yerləşən, nəhəng ağacları ilə fərqlənən, zəngin fauna və floraya malik meşə massivinin pambıqçılığa qurban verildiyi yaxşı yadımdadır. Zaman keçdikcə belə sahələr də tükənməyə başlamışdı. Yenə vəziyyətdən çıxış yolu axtarılmağa başlanıldı və bu çıxış yolunu hansı kolxoz sədrinin ilk tətbiq etdiyini bilmirəm. Beləliklə, kolxozlardan məntəqələrə pambıq əvəzinə pullar daşınmağa başlandı. Sadəcə kolxozlar qəbul məntəqələrindən, verilən pulun miqdarı müqabilində, pambıq təhvil verdiyi haqqında sənədlər əldə edirdilər. Qalan işlərin məsuliyyəti isə pambıq qəbulu məntəqələrinin üzərinə qoyulurdu.
Məsələyə belə yanaşma istehsalda da yeniliyə səbəb oldu. Belə ki, əvvəllər artıq sahələr əkən pambıq briqadirləri indi bunun əksini etməyə başladılar; onlar üçün ayrılmış sahələrin 60-70 faizində əkin aparıb, qalan sahələrdə taxıl, yonca, bostan bitkiləri və s. əkərək satışa çıxarırdılar. Həm də bu sahələr kağız üzərində şumlanır, arat edilir, malalanır, toxum səpilir, seyrətmə aparılır, 3-4 dəfə ketmanlanır, 3-4 dəfə suvarılır, ziyanvericilərə qarşı kimyəvi və bioloji mübarizə aparılır, dəfələrlə pambıq cərgələrinin arası çəkilir, məhsulu yığılır, çöpü çalınır və s. Saxta cədvəllər yazılır, pullar götürülüb pambıq qəbulu məntəqələri üçün saxlanılırdı.
Rayonun “XX partiya qurultayı” adına kolxozunun o zamankı sədri Şahin Əliyevin dediyi bu sözlər hələ də yaşlılar arasında populyarlığını saxlayır; “Yoldaşlar, təcürbə göstərir ki, pambıq əkmədən də planı doldurmaq olar”. Yaxınlarda, vaxtilə Ağcabədi rayon “Aqraprom”-nun sədri olmuş, Aqil Muradovun; “Darıxmayın, gələcəyik, yenə qayıdacağıq” sözlərinə Yeni Qaradolaq icra nümayəndəsi Arif İsmayılovun cavabı tutarlı oldu: “Sizi də gördük, axşam dirənib kolxozun pulunu məntəqələrə verdirirdiniz, sabah da prokuroru kolxoza yoxlamağa göndərirdiniz”-dedi.
“İş metodu” tədricən kənd təsərrüfatından sənayeyə də sirayət edirdi. Yığılan pullar pambıq qəbulu məntəqəsindən pambıq emalı zavodlarına, oradan əyrici, əyricidən sonra toxucu fabriklərinə, oradan isə tikiş fabriklərinə gedib çıxırdı. O dövrlərdə ferma müdiri işləmiş qohumlarımdan biri danışırdı ki, ferma malı üçün Yevlaxdan gətirdiyim yemi satıb pulunu süd yazdırmaq məqsədi ilə rayon süd kombinatına aparsam da, pula yiyə duran olmadı və məni Mingəçevir şəhərinin istehlak cəmiyyətinə göndərdilər. Oradakılar isə şəhərdə bir mağazaya gedib pulu ora verməyi və həmin mağazadan yağ qəbul etdiyini təsdiqləyən sənəd alıb gətirməyi tapşırdılar. Beləcə satdığım yemin pulu Mingəçevirdə bir mağazaya gedib çıxdı.
Gənclərimiz yəqin bu tapmacanın mahiyyətini anlamadılar. Bu işin mahiyyəti odur ki, guya yem verməklə inəklərdən alınan süd kombinatda yağa çevrilmiş, alınan yağ isə Mingəçevirə satılmağa yollanmışdır və bu işi ordakı mağazalardan biri yerinə yetirmişdi. Artıq bu cür idarəetmə qonşu rayonlara da yayılmağa başlamışdı. Zərdab, Bərdə, Beyləqan, İmişli və s. Tədricən respublikanın bütün rayonları yeni iş metodunu mənimsəməyə başlamışdı.
Nəhayət 1977-ci ildə (1985-ci ilə qədər) Məmməd Əsgərovun kənd təsərrüfatı naziri təyin olunması bu metodun ölkədə tam qələbə çaldığının göstəricisi oldu. Paralel olaraq özbək qardaşlarımız da bizdəki iş təcürbələrindən yararlanmağa başladılar və metod Özbəkstanda da geniş vüsət aldı. Bu o demək idi ki, metod həm də qəti qələbə çalmışdı. İstehsal əyalətlərdə olduğu halda emal müəssələri Rusiya daxilində idi və metod tədricən bütün ölkənin müəssələrinə sirayət etdi. Əgər yazılanlara inansaq, Bakıdan qapıları blomlu boş vaqonlar mahlıc aparmaq adı ilə uzaq San Peterburqa yola salınırmış. Hətta Kremldə oturanların özlərinin etrafına görə, istehsala qoyulan hər manatın, ən yaxşı halda, 50-60 qəpiyi geri qayıdırdı. Belə bir dönəmdə hakimiyyətə gələn Qarbaçov nəsə etmək qərarına gəldi və nəticə SSRİ adlı imeriyanın süqutu oldu.
Yenidənqurmaya münasibətlər indinin özündə də müxtəlifdir. Kimisi Qarbaçovu Amerika kəşfiyyatının agenti, kimisi isə bilrəkdən SSRİ-ni dağıtmaq istəyən adam kimi təqdim edir. Amma mənim fikirimcə, həmişə islahatlar adı ilə SSRİ adlı binada kosmetik düzəlişlər etmək yolu ilə gedilmiş, necə deyərlər, binanın ancaq rənglərini təzələməklə məşğul olmuşlar. Qarbaçov isə onun suvağını təzələmək fikirinə düşmüşdür. Sən demə, bu binanı da saxlayan elə suvaqmış və uçqun qaçılmaz oldu. SSRİ dağıldı. Əvvəllər yalnız bir dəfə Sov.İKP-yə baş katib seçilmiş Nikita Xurruşov ölkədə əsaslı islahatlar aparmaq fikirinə düşmüş (deyəsən sosializmdə mülkiyyət məsələsində solluğa meyillilik) amma ideologiya tərəfdarları onu “vaxtında zərərləşdirmişlər”. Beləcə SSSR-i adlı böyük bir imperiya tarixin arxivinə verilmiş oldu. Bəs bizim qəhramanların aqibəti necə oldu?
Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ,"Oktyabr İnqilabı" ordeni, ən əsası, 1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.” Deyilənə görə damarını kəsərək intihar (???...) etmişdi (1988).
Vahid İsmayılov, iki Lenin, iki Oktyabr İnqilabı, bir Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmiş, bir neçə şagırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü oilmuşdur.” Deyilənə görə özünü asaraq intihar (???...) etmişdi (1983).
Ağcabədililər təkcə imperiyanın çökdürülməsi ilə işlərini bitmiş hesab etməmiş və həmçini sovet sisteminin dayaqlarının dağıdılmasında ilkinlər sırasında olmuşlar ki, bu da ayrıca bir yazının mövzusu ola bilər.
P.S. Deyəsən Ağcabədidə yenə küləklər əsir...
Paylaş: