Xəbər lenti

 

ABŞ Venesuelanın Dövlət Neft Şirkətinə (PDVSA) qarşı sanksiya tətbiq edəcək.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Xəzinə Departamentinin sədri Stiven Mnuçin bildirib.

Ağ evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə birgə brifinq keçirən Mnuçin vurğulayıb ki, PDVSA artıq sanksiyaya məruz qalacaq şirkətlər siyahısına salınıb və onunla ticari əlaqələrini sürdürən bütün şirkətlər bu məhdudiyyətlərə tabe olmalıdırlar.

Mətbuat konfransında çıxış edən Con Bolton isə Maduronun legitimliyini tanımadıqlarını və "müvəqqəti ölkə başçısı" kimi Xuan Guaidonu gördüklərini deyib.

ABŞ-ın Venesuela Dövlət Neft Şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edən fəlsəfə elmləri doktoru Aydəm İsmayılov isə bu qərarın Venesueladan çox, Rusiya və Çinə qarşı yönəldiyinə inanır:

 “Mənim fikrimcə, Venesuela böhranı nəhənglərin neft savaşının nəticəsidir. Belə ki, son illərdə ciddi iqtisadi böhran keçirən Venezuela bu vəziyyətdən çıxmaq üçün öz enerji ehtiyatlarının istismar haqqını Rusiya və Çinə satmışdı. Ümumilikdə, 140 milyard dollarlıq xarici borcunun 30 milyardını Çinə, 20 milyardını isə Rusiyaya borclu olan bu ölkə aldığı kreditlərini nəqd pulla deyil, neft və qazla ödəyir. Onun ən çox neft və qaz satdığı ölkə isə Rusiyadır. Rosneft ilə müxtəlif zamanlarda müqavilələr bağlayan Venesuela öz Patao və Mejillones təbii qaz yataqlarını 30 illiyinə rus şirkətinin istismarına verib və gələcək 15 il ərzində sözügedən sahələrdən ildə 6,5 milyard kubmetr həcmində qaz istehsal etmək barədə razılaşıb. Rosneft son olaraq 2017-ci il aprelində PDVSA ilə bağladığı  müqavilə çərçivəsində Venesuelaya 6 milyard dollar avans verib”.

Venesuela prezidenti Nikola Maduronun keçən ay 3 günlük Moskva səfərində Rusiyalı həmkarı ilə ölkənin qızıl və neft sektorlarına 6 milyard dollarlıq investisiya qoyuluşu barədə razılıq əldə etdiyini xatırladan Aydəm İsmayılov rəsmi Karakasın öz təbii sərvətlərini dəyər-dəyməzə xarici şirkətlərin istismarına verməsinin səbəblərinə də aydınlıq gətirib:

“Sovet təsərrüfatı anlayışından xilas ola bilməyən ölkənin hətta öz təbii sərvətlərini hasil etmək üçün investisiya qoya biləcək qüdrəti yoxdur. Dünyanın ən böyük kabohidrogen ehtiyatlarına sahib olmasına baxmayaraq, son 20 ildə gündəlik neft hasilatı 3.4 milyon bareldən 1.4 milyon barelə düşən Venesuela xarici sərmayədarlara böyük ehtiyac hiss edir. Ölkə hakimiyyətinin sırf siyasi təmayül səbəbindən Rusiyaya və Çinə yönəlməsi isə ABŞ-ın neft şirkətlərini qıcıqlandırır. Venesuelada son siyasi böhranın bu üzdən çıxması, ABŞ-ın açıq şəkildə qiyamçıları dəstəkləməsi sirr deyil”.

Qlobal güc mərkəzlərinin Venesuela savaşının dünyanın yenidən bölüşdürülməsində mühüm hadisə kimi tarixə düşəcəyini bildirən A.İsmayılov Rusiya və Çinin bu prosesə laqeyd qalmayacağını təxmin edir:

“Mümkündür ki, Rusiya ABŞ-ın bu həmlələrinin əvəzini Qara dəniz hövzəsində yerləşən ölkələrdən çıxsın. Bildiyimiz kimi, ABŞ bu hövzədə də Rusiyanı sıxışdırır. Xüsusilə Gürcüstan və Ukraynada maraqları sıxışdırılan Rusiyanın baş verən hadisələrə əks-reaksiyaları hər gün artır. Bu yaxınlarda Azov dənizində Ukrayna gəmiləri ilə bağlı yaşanan gərginliklər də sözügedən geopolitik hesablaşmadan qaynaqlanırdı. ABŞ-ın Venesuelaya müdaxiləsindən sonra Rusiyanın da Qara dəniz ölkələrinə basqılarını artıracağını düşünürəm. Çünki ABŞ-ın Cənubi Amerikadan sonra Qara dəniz hövzəsinə yönələcəyi istisna edilmir və böyük ehtimalla, Rusiya gözlənilən təhlükənin qarşısını zamanında  almağa çalışacaq”.




Ana səhifəyə qayıt        Baxış: 818          Tarix: 29-01-2019, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma