Xəbər lenti

Adil Məmmədov

Naxçıvan Müəllimlər  İnstitutunun dosenti,

Əməkdar həkim

 

Əminəm  ki, rəhmətlik Sabir  indi  yaşasaydı, KİV-də  biz  gördüklərimizi, eşitdiklərimizi, oxuduqlarımızı  görüb, eşidib, oxusaydı, “hara  gedir” - əvəzinə, “hara  baxır”, “bu  çocuqlar” - əvəzinə isə “bu  atalar, əmilər, xalalar və s.”  yazardı.

Elə  düşünməyin  ki, məqsədim  M.Ə.Sabirə  nəzirə  yazmaq, yaxud  onu  yamsılamaqdır. ...Amma, neyləyəlim  ki, müasir  gündəlik  mətbuat  səhifələrində, efirdə, ekranda  rastlaşdıqlarım, məni  düşündürən, narahat  edən  məsələlər  barədə  yazmağa, fikirləri  kimləsə  bölüşməyə  vadar  edir.

İxtisasım, peşəm  olmasa  da, həmişə  olduğu  kimi, indi  də  təhrif  olunmuş  kəlmələr, fikirlər, cümlələr  ürəyimi  deşir, beynimi  sıxır, qışqırmağa, hayqırmağa, “SOS” – siqnalı  verməyə  məcbur  edir. Axı, mən də  “...günəşi  göydə  dana  bilmirəm”, heç  nəyə  biganə, laqeyd  ola  bilmirəm.

Məncə, cəmiyyətin  dərdlərini  ifadə  etmək  üçün, heç  də  mütləq  ədəbiyyatçı, yazar, jurnalist, siyasətçi  və s.  bu  kimi  peşə  sahibi  olmaq  vacib  deyil, sadəcə,  oxucu, dinləyici, tamaşaçı, ən  əsası  isə  həqiqi  vətəndaş, vətən övladı  olmaq  kifayətdir.

Dilimizin  saflığının  qorunması  barədə  hökümətimizin  mütəmadi  olaraq    qaldırdığı məsələlər, verdiyi  qərarlar, bu  sahədə  narahatedici  vəziyyətdən  xəbər  vermirmi? Hələ  2012-ci  ildə  KİV-də  bu məsələnin qaldırılması, 2018-ci  il  noyabrın  əvvəllərində  Prezident  yanında  yenidən  bu  mövzu  ilə  əlaqədar monitorinq      keçirilməsi  də  həyəcan  siqnalı  xarakteri  daşımırmı?

Bununla  bağlı  məişət  və  ədəbi  dilimizin  fonetik, leksik, qrammatik, üslub   və s.  cəhətlərdən  qorunmasına  həsr  edilmiş “Dilimizin  bu  günü” – adlı   verilişdə (Real TV – 05.XI.2018) professor  K.Abdullanın  dediyi  kimi, “KİV  – dili  qoruma  vasitəsidir, xüsusən  də  aparıcılar, diktorlar  üçün. İstənilən  dili  öyrənmək, danışmaq  olar, öz  dilini  unutmamaq  şərtiylə. Başqa  dildən  məqbul  olmayan  elementi  dilə  gətirmək  günahdır. Onun qarşılığını  bilmək  vacibdir”.

Həmçinin, Mətbuat  Şurasının  sədri  Əflatun müəllimə  görə  də,  “efirə  qonaq  sözlərin daxil  olması  ürəkaçan  deyil”.

Məhz müvafiq  təşkilatların  və  şəxslərin  son  vaxtlar  apardığı  qısamüddətli  monitorinqlərin  nəticələri  haqda  məlumatlar  məni  də  KİV  üzərində  xroniki  müşahidə  vərdişinin  nəticələrini  oxucularla  bölüşməyə  vadar  edir. Elə  bu  səbəbdəndir  ki, istənilən KİV-nin  məlumatlarına  gözucu, səthi  yanaşa  bilmirəm. Bəlkə də qüsurlu, zəif cəhətimdir ki, öz  yazılarım  da  daxil  olmaqla, hər  hansı  bədii, elmi-publisistik  ədəbiyyatı, dövri  mətbuat  vasitələrini  vərəqləyərkən  əlimdəki  qələmlə  öz  irad, təklif, düzəliş, hətta  tərif  və  b.  xarakterli  qeydlərimi  yazmaq  vərdişinə  mübtəla  olmuşam. Həmçinin, radio, televiziya  verilişlərində, internetdə  rast  gəldiyim  hər  hansı  xoşagəlməz  təhrif, “oxşatma”, “əvəzetmə”, qrammatik,  üslub, stilistik  və s.  mübahisəli  məsələləri  bir  vərəqə  qeyd  edib, “sandığa”  atıram. Bəlkə, lazım  oldu...

Hiss edirəm  ki, artıq bir  “sandıq” material  toplanıb. Günlər, aylar, hətta  illərin  zəhmətinin  məhsulu  olduğu  üçün, onlara  laqeydlik, biganəlik  böyük  qəbahət  olardı. Ancaq, bunu  demaqoqluq, təftişçilik  kimi  qiymətləndirənlər, “Sənə  nə ? Sənin  ixtisasın  deyil, qoy, dəxli  olanlar  yazsın” – deyənlər  də  tapılır. Fikirləşmirlər  ki, buna  rəvac  verənlər, imkan  yaradanlar  elə  qarşısını  almalı, bu barədə  yazmalı  olanlar  deyilmi ?

Fikirlərimin  bir  az  sərtliyinə  görə  əvvəlcədən  üzr  istəməyi  özümə  borc  bilirəm. Bütün  sahələrdə  ciddi  nəzarətin  boşlanması, demokratiyaya, sərbəstliyə  başqa  mənada  yanaşılması, kobud  alınmasın, şoubazlığa, pərakəndəliyə, hərc-mərcliyə  gətirib  çıxarır.

Əgər  bir  sayı  dilimizin  təmizliyinin müzakirəsinə  həsr  edilən  veriliş  “Nəsillərin  debatı” – adlandırılırsa, səlahiyyətli  bir  qəzetin  müxbiri  teatra  həsr  etdiyi  yazısında  “amplua”  əvəzinə, “ampula”  yazırsa, akademik  televiziya söhbətində  təkrar-təkrar  “deyək  ki, tutaq  ki, belə  ki, nədi, necə  deyərlər, disident, kolliziya” və s. kəlmələr  işlədirsə, daha  kimdən  umasan...?!

Efirə  çıxarkən  tamam  unuduruq  ki, ancaq  müvafiq  ixtisas  sahibləri  üçün  deyil, yaş, cins, peşə, vəzifə  və s.-dən asılı  olmayaraq, bütün  tamaşaçı  və  dinləyici  kütləsi  üçün  danışırıq. Bizə  ali  təhsilli  ilə  bərabər, şagird  də, əkinçi, fəhlə, tam  savadsız  da  qulaq  asır. Peşə  terminlərindən (istilah)  tərcümə, izah  etmədən  istifadə  etdikdə, kimsə səni  savadlı  hesab  edəcəksə, unutma  ki, əksəriyyət  sənin  özünün  də  həmin  sözün  mənasını  dərk  etmədiyini  anlayaraq, bu  hərəkətini  yekəxanalıq, ədəbazlıq, formazonluq  kimi  qiymətləndirəcək. Unutma ki, hələ  heç  xarici  sözlər  lüğətinə  də  düşməmiş  yeni  istilahları  işlətməklə, həm qarşıdakını  cahil adam  yerinə  qoyursan, həm  də  özünü.

Hanı  bəs, vaxtiylə  M.İbrahimovun  dediyi  “Zaman  keçdikcə  Azərbaycan  dili  billurlaşır, lüzumsuz  fars, ərəb  və  osmanlı  sözlərindən  təmizlənir”  - kəlmələrinin  nəticəsi. Aydındır  ki, onun  arzusunun  yerinə  yetməməsinin  səbəbi  həmin  xalqlara, hansı  cəhətlərdənsə, sıx  bağlılığımız, yaxınlığımızdır. Həmin  arzuolunmaz  sözlər  artıq  dilə  daxil  olub, doğmalaşıb, özəlləşib, lüğətimizin  böyük  bir  hissəsini təşkil  edir. Bəs, müasir  dövrdə  dilimizə  daxil  olmağa  “can atan”  asanlıqla  qavraya  bilmədiyimiz  Avropa  mənşəli  kəlmələrə  nə  deyəsən ?

Tez-tez  rast  gəldiyimiz  bu  qüsurları, xarakterinə  görə  bir  neçə  hissəyə  bölmək  olar. Geniş  yayılmış  bir  qrupu, dilimizdə  müqabili  olduğu  halda, “Avropasayağı”, “dünya  səviyyəli”  kadr  kimi  görünmək  üçün  istifadə  olunan  “virus”  kəlmələrdir. Məsələn, son  vaxtlar  tele-radio  aparıcılarının, diktorların, “savadlı”  veriliş  iştirakçılarının  dilində  əzbərə  çevrilmiş, əslində  “ilk  dəfə”, “ilk  olaraq, birinci dəfə” mənasını  ifadə  edən  “ekskluziv”i  əksəriyyətimiz  anlamadığı  halda, son  vaxtlar  onun  əkizi  olan  “inklüziv” də (təhsil, teatr)  peyda  olub, “otel”in “hostel”  adlı qardaşı da  dünyaya gəlib.

Yaxud, eyni  məna ifadə  edən  “ilk, öncə, əvvəl”  və  s.  kəlmələrin, heç  bir  əlavə  məna  kəsb  etməyən, olduqca  dəbə  çevrilmiş  “ilk  öncə, ilkəvvəl”  birləşməsi  şəklində  işlədilməsinə  nə vadar  edir ?  Məgər, “ilk  sonca, son  öncə, son  əvvəl”  və b.  variantlar  da  mövcuddurmu ? Məsələn, MAG-ın  gənc  iştirakçısı  “qocaman”  A. Axşama  baxaraq: “İlk  öncə  söhbət  xoşbəxtlikdən  gedir” – deyir. Həmçinin, aparıcılar, redaksiya  əməkdaşları, savadlı-savadsız  veriliş  iştirakçıları  və b.  ziyalıların  dilində  əzbərə çevrilmiş  “sizlər”, “bizlər” kimi  cəm  şəkilçisi  qəbul  etmiş  cəm  şəxs  əvəzlikləri. Cəm  əvəzliyinə  “lar, lər” – cəm  şəkilçisi, yaxud  təklik  ifadə  edən  “bir” sayına  cəm  şəkilçisi  əlavə  etmək  nə  deməkdir ?

Aşağıdakı  “ziyalı”  söz  oyununa  fikir  verin: “İlk  öncə”  bizim  tərəfimizdən  sizlərə  bir  şeylər  bəxş  etmiş  olacağıq. Sizlər  bundan  çox  xoş  olmuş  olacaqsınız”. “Axşama doğru”  verilişində  “bizlərdən  sizlərə  ekskluziv mahnı”. “Müəyyən  bir  şeylər” (AzTV); “Bir  şeylər  lazımdır” (A. Ağayev); “Belə  bir şeylər  baş  verməyə  başladı (“Dünya. “Axşam düşdü”); “Verilişin sonuna  çox  bir  az  vaxt  qalır”  və s.

Son  vaxtlar  virus  kimi  dilimizə  daxil olaraq, az  qala  vətəndaşlıq  hüququ  qazanmış  “onlayn, prodakşın, kreativ, xarizmatik, reprezentativ, tendension, fenomenal, çastinq, flaşma, innovasiya, distruptivlik, bestseller, Biq  data..., brend, randevu, oullet  və s.  onlarla  belə  kəlmələr  xüsusi  qeyd  edilməlidir. Hətta, iş  o  yerə  çatıb  ki, “industrial” (G.Məmmədova), “analoqu” olmayan (Ç.Mustafayev)  mahnılar  efirə  yayılır.

Müxtəlif  müəssisə, mağaza  adları, reklam  və  afişalarda  şəhərlərimizi “bəzəyən”, hətta  fransızların  özlərinin  belə, çətinliklə  tələffüs  etdikləri “aksessuar” – kəlməsinin  həyat  və  məişətimizin  müxtəlif  sahələrində  geniş  işlədilən “şey, əşya” (məişət), avadanlıq (mənzil), material (tikinti), ləvazimat (məktəb), vasitə vəsait (kosmetika)  və s.  bu  kimi  qarşılıqlarından  xəbərsizikmi ?!

Eləcə  də, onilliklərlə  dilimizdə  “kirayənişinlik” edən  rasion, pasient, klient, sensasiya, situasiya, korreksiya, hiperaktivlik, aqressiya, selektiv, tendensiya, rezidensiya, individual, region  və  yüzlərlə  başqa  qonaq kəlmələrə  o  qədər  yumşaq  üz  göstərmişik  ki, onlar  artıq  “pasport  qeydiyyatı”  hüququ tələb  edirlər.

Təəssüflü  haldır  ki, bu  kəlmələrin  əksəriyyətindən  Azərbaycan dilində  dərc  olunan “Psixoloq”  qəzetinin  təkcə  bir  sayında (31.X.2018)  istifadə  edilmişdir.

Akademikin  dilindən  “4-ün  üzərində”, “30-un  altında”  və s.  söz  birləşmələrini  eşitmək  dinləyicilərə  necə  təsir  edər ? Axı, sərhədlər  açılanadək  bu  kəlmələrin  müqabilində  “...çox, az, artıq” – kimi  qeyri-müəyyən  say  göstəriciləri  işlədilmişdir.

Lotereya  oyunu  aparıcılarının  dilindən  misallar: “Birinci  3; 4 rəqəm”, “sonuncu  2; 3  rəqəm”. Axı, birinci  və  sonuncu bir  dənə  olur. Bəlkə, “əvvəldən, axırdan, sondan” – ola, yaxud cəmi  5  xanalı  biletdə “hər  hansı  5 xanası  dolmuş  bilet” – necə ola  bilər? 5-xanalıda  bu  ancaq  bir  variantda  mümkündür. “Bizimləsən”-in  gözəl  aktyorluq  və  şoumenlik  qabiliyyətli aparıcısının  “elektrik  vuranı  təcili  torpağa  basdırmaq  lazımdır” – deyə, təkrar-təkrar  qışqırığına  nə  ad  vermək  olar ? İnstitutda  “Tibbi  biliklər” fənni  keçən  jurnalist  bu  biliyi  hardan  öyrənib  ki, minlərlə  tamaşaçı  qarşısında  təbliğ  edir ? Eləcə də, metal əşyalar  udmuş  şəxsdən  aparıcının “onlar  mədəndə, ya  qarnındadır” – deyə, soruşmasını  necə  qiymətləndirək ?

Bir  qrup  anlaşılmazlıqlar  isə  bəzi  mütəxəssislərin  televiziya  ilə  çıxışlarında  işlətdikləri  ixtisas  terminlərinə  aiddir. Məsələn: Günəş  insolyasiyası - fəallığının artması (İTV – “Eskulap”), rekonstruktiv  əməliyyatlar  (Dünya TV – “Üz-üzə”),  insident – münaqişə, qalmaqal  və s.  Yaxud, təbabətə aid  verilişlərdə  mil-bilək  sümüyü, dirsək  oynağı  çıxığı, “onurğa  sütunu”, “açıq  yara”, “travmatik  zədə”  və s.  söz  birləşmələrinin  mövcudluğuna  həkim  özü  inanırsa, tamaşaçı  yazıq  neynəsin ? Axı, o, özü  bilməsə  də, tamaşaçıların  bəziləri  başa  düşür  ki, “mil-bilək” – adlı  sümük  yoxdur, bu  adda  oynağın  8 ədəd  kiçik  sümüyü  var; oynaq  heç vaxt  çıxmır, onu  təşkil  edən   sümüklərdən  hansısa  o  birinə  nisbətən  yerini  dəyişir, sümüyün  oynaq  ucu  çıxır, onurğa  sütunu  yox, fəqərələrdən  təşkil  olunmuş  sütun – onurğa  var, yara  açıq  zədəyə  deyilir, yaranın qapalısı olmur  ki, açığı  da  olsun, yaxud  zədə  elə travma  deməkdir də, zədə  zədəsi, travmatik  travma  qəribə  səslənmirmi? “Pasientin ana  damarı” (“Psixoloq” qəzeti). Anatomiyada  belə  termin  yoxdur.  Müəllim xamdır, bas  gopa – məsəli  çoxdan  köhnəlib  axı.

Bəzən  sözlərin  ortasında  peşə, ixtisas, sənət  və s. (kolxozçu, çəkməçi  və s.)  bildirən -çı, -çi, -çu, -çü – sözdüzəldici  şəkilçilərini  artırmaqla  heç  bir  məna  kəsb  etməyən  sözlər  düzəldilir. Məsələn: xoşbəxtçilik, bədbəxtçilik, kasıbçılıq, mehribançılıq, düşmənçilik, nigarançılıq, arxayınçılıq, sakitçilik, subayçılıq və s.

“Anam mənimçün  narahatçılıq  keçirir” (Mədəniyyət TV), “Sizdə  subayçılıqdır” (aparıcı), ən  çox  isə  tikinti  meydançaları  hasarında  xəbərdarlıq, üzrxahlıq  məqsədiylə  “Müvəqqəti  narahatçılığa  görə  üzr istəyirik”. Axı, dilimizdə  subayçı, narahatçı  və s.  sözlər  yoxdur  ki, onların  axırına -lıq, -lik, -luq,     -lük  şəkilçilərini  əlavə  etməklə  yeni  məna  kəsb  etsin. “Xəzər – xəbər”də  aparıcı heç  vecinə  də  almadan təkrar-təkrar  “xadiməçi  liftdə  xəsarət  alıb” – deyir. Xidmət  edənə  xidmətçi, yaxud  xadimə  deyilir, xadiməçi  yox.

Eləcə  də, “ma”  inkar  hissəciyinin  sözün  tərkibində  təkrarlanması  yanlışlığa  səbəb olur: anlaşılmamazlıq, çatışmamazlıq, saymamazlıq, uyuşmamazlıq  və s.

Nitqimizdə  dəbdə  olan nümunələrdən  biri  də  şühudi  keçmiş  halında  olan  sözlərin  nəqli (əslində  naməlum)  keçmiş  halına  salınması  cəhdləridir: ...əlaqədar  qəzaların  artması  baş  verməyə  başladı (Radio); filankəsin  yazmış  olduğu  əsərlər; bitmiş  olandan  sonra (Lider TV); elan olunmuş oldu  ki, (ANS TV); olmuş  oldu, yazılmış  oldu, aparılmış  olsa  da  və s. (Respublika  muğam müsabiqəsi); çıxmış  olan, təyin olunmuş  olan (Sportloto); bilmiş, görmüş  olacağıq; bizlərlə  kim  oynamış olacaq və s.  ...Görəsən, “oldu, yazdığı, olundu, yazıldı” və s.-ni  mənasız  söz  birləşməsi  şəklinə  salmaq  nəyin əlamətidir?

Tele-radio  aparıcılarının, diktorların  dilindən  dolaşıq  cümlələrə  misallar: Mətbuat  Şurası  bağlanan   verilişlərlə bağlı  (əlaqəli, haqda) açıqlama  verdi;  bu  həvəsə  daha  çox  həvəslənirdim (ATV); filankəsin  təqdimatında  Sizə  təqdim  olunan  proqram  təqdimatını  təqdim  edirik; proqram  təqdimatı  mənim  təqdimatımda Sizə  təqdim  ediləcək; nəzərə  çatdırıram  ki, həftəlik  məlumatı  nəzərinizə  çatdırdıq; bu amillərə  təsir  edən  amillərdir; nanə  suyundan  müalicə  kimi  istifadə  edilir (müalicə  vasitəsi  kimi, yaxud  müalicə üçün); cənazəyə  mindirdilər (bəlkə, tabuta, axı, cənazə  meyitə, cəsədə  deyilir); ortalama (orta) qiymət; vətəndaşların  qəbulunu  keçirəcək (?); əsassız  rüşvət  alınması  hallarına  yol  verilir (məgər, əsaslı  rüşvət  almaq  da  var?); əl  sallayaraq, köməyə  çağırmışlar (əl  yelləyərək); Sizi  yerinizə  alaq, Sizi  alaq  masaya, öz  yerinizi  alın; Sizdən bir  mahnı alaq; ilk  premyera (premyera – birinci, ilk); mahnının  sözləri, musiqisi  filankəsə aiddir (ifaçıların  çoxu  “məxsusdur”  kəlməsini  “aiddir”  kəlməsi  ilə  dəyişik  salır); bu  misralar  Ə.Vahidə  aid  olacaqdı (ANS, Ağıl dəryası); təbrik  etmək, elan  etmək  istəyirəm (aparıcı  təkrar-təkrar  istəsə də, etmir ki, etmir); qeyri-qanunsuz, bisavadsız, nalayiqsiz (?); hadisədə  5  nəfər  ölüb, 6 nəfər  dünyasını  dəyişib (ANS, növbətçi  aparıcı); O, kimi (kimin)  üçün, kimi  üçünsə (AzTV, İdman); əminik  ki, cavabınıza  heç  olmasa  10%  cavab  tapacağıq; cəmiyyəti  çirkləndirir; gözlərimin (gözlərimlə) şahidi  olmuşam; bayram  kökəsi  yarımaypara  şəklində olur (yarım-para); məktəbliləri hörmətlə  yola  salırdılar (bəlkə, əksinə); ülkər (hürçək)  baxışlar; niyə (nəyə)  görə  qadınlar  çox  yaşayır (Fortuna); ...kaş ki, olardı (olaydı); özün   heç, canın  sağ  olsun; tək  filan  bəylə  bərabər  bir  ananın  ziyarətinə  getmədik (?); xəstəxanada  xəsarət  alanlara (xəstəxanada  xəsarət  almayıblar) ilkin  tibbi  yardım  göstərilmişdir (ilkin  tibbi  yardım  xəstəxanayadək  göstərilir); yanğınsöndürənlər  qısa  müddətdə  yanğının  qarşısını  alıblar (belə  çıxır  ki, yanğın  hələ  başlamamışdı. Halbuki, “yanğının  yayılmasının, genişlənməsinin”  olmalıdır); yanğınsöndürənlər  yanğının  lokalizasiyasının  qarşısını almışlar (onların  məqsədi  lokalizə  etmək – məhdudlaşdırmaqdır, nəinki  qarşısını almaq); “qorxaq, cəsarətsiz” – mənasını  verən  bədən  üzvünün adı? Ağ ciyər (AtV – 61). Qorxaq  ağciyər  şəklində, bitişik  yazılır; məktəbə  qədər  hazırlıq  kursları (elan); bu  şagirdlərin  psixologiyasına  pis  təsir  edir; psixologiyasını  pozur (televiziyada  müəllimin çıxışından). Əslində  “psixikasına”  olmalıdır. Çünki, “psixika” – ruh, əhval, əhval-ruhiyyə, keyf  və s.  ifadə edir. Psixologiya  isə  bunlardan  bəhs  edən  elm  sahəsidir. Müvafiq  lüğətdə  psixologiyanın  başqa  mənada  psixika  kimi  qəbul  edilməsi  də  məntiqəuyğun gəlmir. Belə  getsə, sabah  “nevrologiyasına, oftalmologiyasına, ginekologiyasına”  və s.  təsir  edən  söz  birləşmələri  də  yaranmayacaq  ki? Elə  belə  olur ki, dəri  xəstəlikləri  ilə  məşğul  olan  həkim (dermatoloq)  özünü  dermatoloqist (loq = ist) adlandırır; məzarlığın  qapısında  “qəbristan”  əvəzinə, qəbristanlıq (stan = lıq = yer) yazılır da...

Qüsurların  böyük  bir  qrupu isə  dilimizin  qrammatikasına  aiddir. Belə  ki, yazıda  durğu işarələri (əsasən  vergül)  ya  tamam  unudulur, ya  da  yerinə düşmür:

Titrdə –  “Deməsək, olmur”, ekranda – “deməsək? (? – unudulmuş  işarəyə  eyhamdır) olmur; Titrdə  “Nazilə”, ekranda  “Naz ilə”; Qorxma? mən  səninləyəm (Dünya); Həyat? sən nə  qəribəsən (Xəzər)?  hola (AzTV); Sadəcə?  gözəllik  yarat (AzTV); Nar? sadəcə  nar (Azad Azərb); Qaç? balaca? qaç (İTV); Xaricdə  təhsil? yoxsa, fırıldaq (Xəzər); Yeməklərdə ayrı  dad, necə  deyərlər? öz  adı, öz  dadı (Ara söz); Salam? Azərbaycan (Dünya); Torpaq? uğrunda  ölən  varsa? Vətəndir ; Yaxud, Mailin  “Vətəndir” – şeirindəki  “özünü  vətənə  qurban  vermək  mənasını daşıyan  “Könlü  nə  zaman  istəsə...” – misrasındakı  “qurbanı – vətəndir” – söz  birləşməsini, “qurbanı  Vətəndir” – şəklində  işlətməklə, sanki, Vətəni  ona  qurban  deyir.

Adətən, idarə, təşkilat, şirkət  adları,  xüsusi  isimlərin  bütün  hərfləri  abbrevatura  şəklində  BAŞ  hərflə (həcmcə  böyük  yox)  yazılır. Amma, televiziyada  reklam, film, anons, titr  və s.-dəki  bütün  sözlərin baş  hərflə  yazılması  hansı  qrammatikaya  sığır ?  Məsələn:

Anons  və  reklamlar: Kitqat  Varsa (Space), Min  Bərəkət? Halal  Neymət; Qurban  Bayramınız  Mübarək; Qara  Oki (AzTV); Metal  Dekor (Lider); Yeni  Qonşular  Sizi  gözləyir; Qazanmağı  Öyrən?  Özünə  Yardım ET; Yaxşılıq  ET (Xəzər). Veriliş  adları: Gör, Kim  Gəldi (Space); Sözə  Bəndəm; Eminla  Bax, Belə; Bu  Bizik; Qorxma? Mən  Səninləyəm; Şəhərdən  Kəndə (Dünya); Qarabağ  Həqiqətləri (İTV); Biz  Gələcəyik; Dəb  Mənəm; Mahnının  Tarixçəsi; Günə  Gümrah  Başlayın (Xəzər); Filmlər:Ata Ocağı; Bir  Yaxşılıq ET; Qaç, Nadir, Qaç (Xəzər)  və s.

       Başqa  vacib  bir  məsələ  isə, necə  deyərlər, “milli  mentalitet” məsələsidir. Məncə, hər  hansı  mahnıya  çəkilən klip  onun  sözlərinə, məzmununa  uyğun  olmalı – oxunan  mənaya əks  etdirməlidir. Son  vaxtlar  çəkilən  kliplərinsə  heç  bir  məzmunu  yoxdur, ya  müğənni  müxtəlif  paltarlarda, vəziyyətlərdə, yaxud  da  onsuz, yəni  yarıçılpaq  formada oynayır,  harda  gəldi – torpaq, çəmən  üzərində, ən  yaxşı  halda  yataq  otağında  uzanmış  vəziyyətlərini  nümayiş  etdirir.

Telekanalların  bir  çoxunda  bəzi  aparıcılar  və  veriliş  iştirakçıları  ya  yuxarı və  aşağıdan, ya da hər iki  tərəfdən  bədənin  4/3-ü  açıq-yarıçılpaq  vəziyyətdə, ya  sinədən  göbəyədək  və ya  ayaqüstündən  çanağadək  uzanan  yarıq (razrez)  olmaqla, ətəkləri  yerdə  sürünən  paltarla  öz  “qiymətli  əzaları”nı, intim nahiyələrini   nümayiş  etdirərək, tamaşaçını  diksindirirlər. Axı, başqasının qarşısında  soyunmaq, uzanmaq  islamda  dədə-babadan  mədəniyyətdən kənar sayılır.

Evdə ailə, uşaqlarla  birlikdə  ekrana  baxmaq  mümkün  deyil. Ya  televizoru söndürməli  olursan, ya  uşağa  “get  dərsinlə  məşğul  ol” – deməli, ya  da  bir  bəhanə  ilə  başqa  otağa  keçməli  olursan. Budurmu, müsəlman  əxlaqı, azərbaycanlı  mentaliteti ?! Məhz, belə  şeyləri  görəndə  fikirləşirsən, görən bu  yarıçılpaqların  yoldaşı, qardaşı, atası  yoxdurmu  ki, bunlara  paltar  alsın, yaxud  bərk  ayaqda  başa  salsın. Bəs, bu  kanalların  rəhbərləri, veriliş  aparıcıları  hardadır  ki, idarə  etdikləri  təşkilatda  qanun-qayda, çərçivə  yaratsın, işçilərə, qonaqlara  adət-ənənəni  xatırlatsın. Bəs, mötəbər  din  xadimlərimiz  hara  baxırlar? Axı, biz  çoxmillətli  xalq  olsaq  da, müsəlman  ölkəsi  hesab edilirik.

Hər  kəlmədə “millət”  deyə-deyə, ən  mötəbər  təşkilatlarımızın  adında  “Milli” – kəlməsi  ola-ola, gözəl  milli  adət-ənənələrimiz, ədəb-ərkanımız, qayda-qanunlarımız – Avropa  dilində  desək, mentalitetimiz, hara  gedir  bəs ? Yenilik, inkişaf  ancaq  milyonların qarşısında  soyunmaq, uzanmaq, göbək atmaqdan  ibarətdirsə, kimə lazımdır  bu  Avropasayağı  tərəqqi ?

Və nəhayət... Əslində  xarici  dili, beynəlxalq  terminləri  bilmək, yeri  gəldikdə  istifadə  etmək  gözəl  vərdiş, yaxşı  cəhətdir, amma  öz  ana  dilini  lazımi  səviyyədə  bilmək və  yerində işlətmək  şərtiylə. Lakin, Avropasayağı  elmli  görünmək üçün, dilimizdə  bir  neçə  qarşılığı  olan  kəlməni, yeri  gəldi-gəlmədi, şöhrət  xatirinə  əcnəbi  sözlərlə  əvəz  etmək  bağışlanmazdır.

Müxtəlif  ixtisas  və  fənnlərə  aid  elmi  konfrans, toplantılada, həmkarlar, mütəxəssislər  arasında  xüsusi  terminlərdən  istifadə  etmək  olar, o da  əgər  mənasını   başa  düşüb, sözü  yerində işlədirsənsə. Yazılı  mətndə isə, beynəlxalq  terminlərdən  sonra, milli  dildə  qarşılığını  xatırlatmaq  yerinə  düşər.

Axı, KİV-lər  həm də  geniş  yayılmış, çoxcəhətli, müasir, geniş  imkanlı təlim-tərbiyə və  tədris  vasitəsi rolunu  oynayır. Unutmamalıyıq  ki, bu  xatırladılanlar  hiss  edilmədən, dilimizə, dinimizə, ədəbiyyatımıza, mənəviyyatımıza, ümumilikdə  isə  gələcəyimizə  qarşı  yönəldilən  terrorçuluq  cəhdlərinin  bir  variantıdır.

Odur ki, M.Ə.Sabir  belə  vəziyyətdə  deyərdi: Hara  baxır  bu  dayılar, əmilər, xalalar, ağsaqqallar – müvafiq  təşkilat  rəhbərləri, məsul  şəxslər, aparıcılar, ziyalılar və  ümumiyyətlə  bütün  cəmiyyət  üzvləri ?!




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 28-06-2019, 01:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma