Xəbər lenti

 İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb.

Azadlıq Radiosu xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 4-07-2019, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma