İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun komandiri Hüseyn Səlami bir hücuma hədəf olmaları halında strategiya dəyişikliyinə gedəcəklərini açıqlayıb.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, general H.Səlami Tasnim xəbər agentliyinə açıqlamasında deyib:
"İran müdafiəyə əsaslanan strategiya mənimsəyib. Ancaq düşmənlərimiz bir xəta edərsə, hücum strategiyasına keçə bilərik”.
Səlaminin bu açıqlamanı İran hərbi qüvvələrinin Bəsrə körfəzində bir neft tankerini ələ keçirdikdən sonra verməsi diqqəti cəlb edib. Faktiki olaraq, ABŞ-ı hədələyən açıqlamadan sonra dünya bazarında neftin qiymətləri artsa da, daha sonra ucuzlaşıb.
Qeyd edək ki, bu, Bəsrə körfəzi və ətrafında yaşayan ilk gərginlik deyil. May ayının əvvəllərində də Oman körfəzində neft tankerlərinə hücum olmuş, ABŞ bu hücumda İranı günahlandırmışdı. İran hökuməti isə ittihamları rədd etmişdidi.
Daha sonra, bu ayın 5-də “Grace 1” adlı İran neft tankerinə Cəbəllütariq boğazında İngilis Donanması tərəfindən əl qoyulmuşdu. Gəminin Suriyaya getməkdə olduğu və bu səbəbdən Avropa İttifaqının 2011-ci ildən tətbiq etdiyi sanksiyaların tələblərini pozduğu irəli sürülmüşdü.
İran da bu hadisəyə seyrçi qalmamış, hadisədən bir həftə sonra Hörmüz boğazından keçən “British Heritage” adlı tankerə mane olmağa çalışmışdı. Bütün bular isti sularda İran və Qərb dövlətləri arasında iqtisadi savaşların artıq başladığını təsdiqləyir.
Şəkildə: General Hüseyn Səlami
Prinsipcə, İranın bu savaşa girməkdən başqa çarəsi də yoxdur. ABŞ-ın İrana hər zamankından daha sərt şəkildə embarqolar tətbiq etməsi cənub qonşumuz olduqca çətin vəziyyətə salıb. Demək olar ki, neft ixracatı tamamilə dayanan İran ya ağ bayraq qaldırmalı, ya da qlobal neft ticarətində ciddi dalğalanmalar yaradacaq savaş strategiyası mənimsəməlidir. Görünən budur ki, rəsmi Tehran dünya neft hasilatının 40%-nın cəmləşdiyi Bəsrə körfəzində gərginlik yaradaraq, sənaye dövlətlərinin özündən asılılığını artırır və onları prosesə cəlb etməyə çalışır. Zira ABŞ-ın İrana hərbi həmləsinə digər regional dövlətlərin necə reaksiya verəcəyi bilinmədiyindən gərginliyin nə qədər davam edəcəyini kəsdirmək də mümkün deyil. Bu da dünya güclərini “sülhpərvər” mövqe tutmağa vadar edir. Təsadüfi deyil ki, hətta ABŞ-ın özündə belə, nə edəcəyi bəlli olmayan Prezidentin İrana qarşı təkbaşına müharibəyə başlamaq əmri vermək səlahiyyəti əlindən alındı. 24 mayda Konqresin Milli Müdafiə İstiqamətində Səlahiyyətləndirmə Qanununa etdiyi dəyişiklikdən sonra ABŞ prezidenti Donald Tramp Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə edə bilməz.
Xatırladaq ki, İran ilk dəfə 1988-ci ildə İraq müharibəsində neftdən silah kimi istifadə etmiş və dünya dövlətlərini bu prosesə çəkməklə müharibəni dayandırmağa nail olmuşdu. Görünür, rəsmi Tehran eyni strategiyanın bu gün də nəticə verəcəyinə inanır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: