Xəbər lenti
Bu gün, 19:25

  

Ölkənin ərzaq təhlükəsizliyinin təminatı İlham Əliyev hakimiyyətinin əsas prioritetlərindəndir. Hər halda prezidentin müxtəlif zamanlarda etdiyi çıxışlarında bu məsələ üzərində xüsusilə dayanması və yerli məhsullarla özümüzü tam təmin etməyin vacibliyini vurğulaması belə düşünməyə əsas verir. Sözsüz ki, bu məsələdə əsas yük Kənd Təsərrüfatı Nazirliyinin çiyinlərinə düşür.

İnsafən, qeyd edək ki, prezident bir çox çıxışlarında özümüzün ərzaq məhsulları ilə 100% təminatının yollarını göstərilmiş, toxumçuluqdan tarlaya bütün istiqamətlərdə yol xəritələri ortaya qoymuşdu. Bu yol xəritələrinə nəzər salanda qeyri-neft sektorunun mühüm sahəsi kimi aqrar təsərrüfatların inkişafının ilkin və başlıca hədəflərindən birinin də toxumçuluq müəssislərləri olduğunu  görürük. Həqiqətən də son illərdə bu istiqamətdə mühüm addımların atıldığını da inkar etmək mümkün deyil. 2014-cü ildən bu yana müxtəlif KİV-lərdə yer alan məlumatlardan aydın olur ki, İlham Əliyevin bu göstərişlərindən sonra hələ sovet hakimiyyəti illərində qurulan bir çox toxumçuluq müəssisələri yenidən bərpa olunmuş, yeni müəssisələr açılmış və bu qurumları özündə birləşdirən assosasiyalar yaradılmışdır. Toxumçu fermerlərə öz işlərini uğurla başa vurmaları üçün subsidiyalar belə ayrılmışdır.

 

Bununla belə, Şəmkir rayonunun Əliyaqublu kəndindən redaksiyamıza daxil olan bir şikayət məktubu fermerlərin işinin heç də ürəkaçan səviyyədə olmadığından xəbər verir. Kənd sakini Quluyev Vidadi Səfər oğlunun yazdığına görə, mayın 17-də Şəmkir stansiyasının yanında “Dördyol” deyilən ərazidəki bir bitkiçilik mağazasından pomidor toxumu alıb. Bunun üçün isə 3600 manat pul ödəyib. Di gəl ki, istifadəsində olan 800 kv.metrlik şitilxanaya səpdiyi bu toxumdan məhsul götürə bilməyib.

Başılovlu toxumu aldığı mağazaya gələn fermerə günahın onlarda yox, özündə olduğunu söyləyiblər. Guya, Vidadi bəy toxumu yaxşı əkə bilməyibmiş.

Fermer bu iddianın nə qədər doğru olduğunu araşdırmaq üçün toxumu Azərbaycan Dövlət Aqrar Universitetinin labaratoriyasına analizə verib. Analizin cavabları isə toxumun yararsız olduğunu təsdiqləyib. Sənəddə bildirilir:

 

“1) Torpaq mühiti tam normaldır,

2)Toxum və şitil xəstəlik və zərərvericilərə, o cümlədən Nematoda qarşı yoxlanmış bir patogen aşkar olunmayıb,

3)Toxumların cücərmə qabiliyyəti 10% olmuşdur ki, bu da onun əkinə yararsız olduğunu göstərir,

4) Alınan cücərtilərin erkək xətlərə parçalanması onun F-1 nəsli olmadığına nümunədir. Toxum paketində isə Durinta hibridin F-1 olduğu göstərilir”.

Göründüyü kimi, ADAU-nun analizləri problemin toxumdan qaynaqlandığını göstərir.

 

Qeyd edək ki, fermerə satılan toxum “Simenis” firmasının məhsuludur. Hər halda toxumun saxlanıldığı paketin üzərində belə yazılıb. Almaniyanın bu məşhur firması dünyada ən ünlü yaşıl noxud, istiot, brokkoli, pomidor, lobya, kök, İspanaq, balqabaq, gül kələm, qarpız, qovun, kələm, badımcan, xiyar, soğan və qarğıdalı kimi bir çox tərəvəz toxumlarının əsas istehsalçısı kimi tanınır. Firma internet səhifəsində özünü bu cür tanıdır:

“Seminis olaraq satdığımız hər bir tərəvəz toxumu yüksək inkişaf potensialı öhdəliyini daşıyır.

 Sürətlə artan əhalini bəsləmək kiçik iş deyil. Hər gün yediyimiz qidanı yetişdirən istehsalçılarımız layiq olduqları ən keyfiyyətli toxumlara, professional dəstəyə və texniki mütəxəssislərə sahibi olsalar, ancaq o zaman uğurlu qazana bilərlər”.

Bu özünütanıtımdan da göründüyü kimi, “Seminis” firması satdığı toxumları 100%-lik qarantiya ilə fermerlərə çatdırır, onlara texniki və ixtisasi dəstəklər verir. Fermer Vidadi Quluyevə isə üzləşdiyi zərər üçün kömək edən yoxdur. Toxumu satan mağaza ona firmanın guya I vitse-prezident Mehriban Əliyevaya aid olduğunu deyir, bunun üçün də səsini çıxrmamağı məsləhət görür. Şikayətin ünvanlandığı Kənd Təsərrüfatı Nazirliyi və Respublika Prokurorluğundan isə heç bir cavab gəlmir. Fermeri ən çox narahat edən də elə bu susqunluqdur. “Mağazadan ona deyilən sözlər bəlkə də doğrudur” sualları onun beynində ciddi şübhələrə yol açır.

 

Biz isə araşdırmalarımız nəticəsində “Seminis” firmasının kimə mənsub olduğunu müəyyənləşdirə bildik. Bəri başdan deyək ki, bu, heç də Azərbaycanla bağlı birisi deyil. 1860-cı illərdə Almaniyada yaranan “Seminis” ötən il digər toxumçuluq şirkəti “Monsanto” tərəfindən satın alınıb. Dünya toxum bazarının 23%-ni əlində cəmləşdirən “Monsanto” isə öz növbəsində 2016-cı ildə məşhur dərman firması “Bayer”ə 66 milyard dollara satılmışdı. Mütəxəssislər hələ o vaxt bu satınalmanı dünya ərzaq təhlükəsizliyi baxımından ən böyük təhdid kimi qiymətləndirmişdilər. Zira genetikası ilə oynanmış toxum məhsullarının bir nömrəli tədarükçüsü və qlobal toxum bazarının 23%-nə malik olan “Monsanto”nun “Bayer”in əlinə keçməsi ilə dünya əhalisinin ərzaq təminatı üzərində böyük ölçüdə inhisar altına alınmışdı. “Seminis”in  satınalınması ilə Bayerin qlobal toxum və kənd təsərrüfatı dərmanı istehsalında payı 25%-ə yüksəlmişdi.

 

Sual oluna bilər: Azərbaycanda Prezident İlham Əliyevin müxtəlif sərəncam və göstərişləri ilə ölkənin toxum ehtiyacının 100% təmin edilməsi, ölkəyə gətirilən ixrac toxumların isə yoxlanılması KTN-ə tapşırıldığı halda, 10%-lik cücərmə ehtimalı olan bu məhsullar fermerlərə kim tərəfindən və necə satılıb? Tamamilə zay olan bu toxumların fermerə vurduğu zərəri kim ödəyəcək?

İndiyə qədər açıq alan bu suala cavab tapmağı KTN və digər əlaqədar qurumların öhdəsinə buraxırıq. Bizim üçün aydın olan isə budur: Görünür, KTN aqrar elmi tədqiqat institutlarını inkişaf etdirmək və yerli toxum növlərini yaratmaq əvəzinə asana qaçmağı məsləhət bilib. Yəqin, ““ASAN”  Xidmətdə qazanılan innovativ təcrübələrin aqrar sektora tətbiqi” deyiləndə bu nəzərdə tutulurmuş.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 19-07-2019, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma