Xəbər lenti
 
Millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin BakuPost-a müsahibəsi: 
− Adil müəllim, fəaliyyətiniz, gördüyünüz işlər sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Hərbi hissələrdə olursunuz, şəhid ailələri, ayrı-ayrı insanlarla görüşür, kömək edirsiniz və s. Bunlar bir millət vəkilinin görəcəyi işlərdir, yoxsa siz sadəcə, bir insan kimi öz mənəvi borcunuzu yerinə yetirirsiniz?
− Əvvəla, millət vəkili də sıradan bir vətəndaşdır. Çünki o da ölkə vətəndaşları arasından seçilir. Təbii, ölkənin bütün qazi və şəhid ailələri ilə təmas qurmaq vaxt baxımından çox çətindir, hamısının yanında olub mənəvi dəstək ola bilmirsən. Mən isə yaxın ərazidə yaşayan müraciət etmiş insanların mümkün qədər yanında olmağı insanlıq və vəzifə borcum kimi qiymətləndirirəm. Ən azından elə bir münasibət göstərməlisən, vətəndaş bilsin ki, sən doğrudan da, millətin dərdinə şəriksən. Bununla bildirirsən ki, mən sənin yanındayam, sənə qulaq asıram, zamanımı sərf edirəm və sənə dəstək olmaq, kömək etmək istəyirəm. Qoy o da bilsin ki, heç olmasa, ürəyini boşaltmağa yanında bir adam var. Səni görmək istəyirsə, müraciət edirsə, yanına gəlib ürəyini açırsa, ən azından insanlıq borcunu yerinə yetirib onu dinləməlisən.
Bizim şəhidlərimiz, qazilərimiz özləri, ailələri, qohum-əqrəbaları üçün şəhid, qazi olmayıb, əzalarını itirməyib. Necə ola bilər ki, mən burada oturub kef edim, yeyim-içim, qazi də orada maddi-mənəvi əziyyət çəksin? Bu, mümkün deyil. Amma diqqətin də, köməyin də həddi var, bunları imkan daxilində edə bilirsən. Ən azından hər bir vətəndaş şəhid anasını görəndə ayağa qalxmalıdır, yer verməlidir, şəhid ailəsi üzvləri növbədə dayanmamalıdır... Çünki bu, insanların mənəviyyatının güzgüsüdür.
Təəssüf ki, insanlar elə bilir, millət vəkili bütün nazirlərin başında duran bir məmurdur. Onlar millət vəkilinə bütün səlahiyyətlərin icrası ilə məşğul ola bilən bir insan kimi baxırlar. Halbuki, millət vəkilinin kiməsə əmr vermək, kimdənsə nəsə tələb eləmək, kimisə işə düzəltdirmək, kimisə işindən azad etdirmək, kimisə həbsdən buraxdırmaq kimi səlahiyyətləri yoxdur.
– Sizcə, vətəndaş bunu bilmir? 
– Sadəcə, bilirsiniz də, vətəndaşın özündən böyük, özündən səlahiyyətli insanın yanında ürəyi açılır. Vəzifəli adama elə baxırlar, elə bil sehrbazdır, hər şey edə bilər. 
 
 
− Bəs niyə şəhid ailələrinə, qazilərə digər deputat həmkarlarınız da bu cür qayğı göstərmir, məhz siz onları diqqətdə saxlayırsınız?  
− Sizə elə gəlir ki, bunu tək mən edirəm. Ümumiyyətlə, millət vəkillərini qınamaq lazım deyil. Millət vəkili, əvvəla, ali qanunverici orqanının üzvüdür, qanunvericilik bazasının yaradılması – qanun hazırlanması, qəbulu üçün səy göstərir, çalışır, rəylər verir, dostluq qrupları, beynəlxalq təşkilatlarda iştirak edir, hansı ki, millət vəkilləri orda düşmənlərlə bütün günü üz-üzədirlər, vuruşurlar. Cəmiyyət bunu görmür, hiss eləmir. 
− Niyə cəmiyyətdə millət vəkillərinə qarşı bir əsəb, hirs var? Onlara inanmır, etibar eləmir, etimad göstərmirlər... 
−  İnsanlar deyirlər ki, siz Milli Məclisdə eləcə lal kimi oturmusunuz, danışmırsınız. Əgər ölkənin büdcəsində maaşı qaldırmağa pul yoxdursa, mən gündə 100 dəfə qışqırsam da ki, maaşları qaldırın, nə xeyri olacaq? Dövlətin rəhbərindən tutmuş ən xırda məmuruna qədər hər kəs istəyər ki, vətəndaşı gözəl yaşasın, müəllimləri, həkimləri yüksək maaş alsın; müəllim tələbənin, həkim xəstənin əlinə baxmasın. Bunu hər kəs istəyir, ancaq biz bu pulları haradan götürək, haradan alaq? Dövlət büdcəsi, gəlirlər və xərclər maaşların artırılmasına imkan verməlidir. Əslində, dövlət bunu edir, amma proses yavaş getdiyindən gözə görünmür. 
İş adamları 5 xarici dil bilir, yüksək maaş alırlar, müəllimlərimizin maaşı isə onlarınkının yanında az görünür. Dövlət də gücü çatdığı qədər maaşları, təqaüdləri qaldırır. Bu gün dövlət ən böyük diqqəti ölkənin ordusuna, idmanına, gənclərinə ayırır. Ordu hər zaman hazır, ayaqda durmalıdır, onun maddi- texniki bazası yüksək olmalıdır. Hamı deyir ki, ondan mənə nə, bundan mənə nə... Axı bu, hər birimizin problemidir. Tutaq ki, sabah camaat məni deputat seçmədi, oldum sıravi vətəndaş, onda bu işlərin mənə aidiyyəti olmayacaq? O qədər aztəmiantlı ailələr var ki, mən onlar qədər vətənpərvər insan görməmişəm. Baxmayaraq ki bu insanların maaşı yoxdur, ayaqqabıları cırıqdır, uşağını məktəbə göndərməkdə çətinlik çəkir, amma onlarda vətənpərvərlik hissi fontan vurur. 
Ortalıqda bir təbəqə var ki, ancaq dedi-qodu yaradır. Bunu hər kəs öz üzərinə götürməsin. Heç kim əlini daşın altına qoymaq istəmir. Elə səninlə bir dəfə oturmuşduq, yadına gəlirmi? Ziyalılarımızdan biri demişdi ki, mən niyə aldığım qonorarı ölkənin idmançısına, kasıbına, şəhid ailəsinə verməliyəm ki? O pul elə mənim bankdakı hesabımda qalmalıdır. Demək istədiyim odur ki, insandan insana fərq var. Vətənpərvərlik hissi hər kəsdə olsa, ölkədə problem qalmaz.  
−  Məsələn, elə şahid ailəsi, elə qazi var, işıqpulunu ödəyə bilmir, amma eləsi də var,  ona 3-4 ev verilib. Şəhid ailələrinə, qazilərə münasibət necə tənzimlənməlidir ki, hamısına eyni qayğı göstərilmiş olsun. Bilmirəm, ad çəkmək nə dərəcədə düzgün olar...
− Ad çəkməyə ehtiyac yoxdur, mən nə demək istədiyini çox gözəl başa düşürəm. Dövlət maaş, başqa yardımlar vasitəsilə şəhid ailələrinin, qazilərin hamısına eyni səviyyədə diqqət göstərir. Elə səni götürək, sənin qədər yeyib-içən jurnalist yoxdur. Hamının səndən xoşu gəlir, deyir ki, gəl bu axşam sənə qonaqlıq verim, problemlərini həll edim.  Sənin masanda maaşına uyğun olmayan təamlar olur, düzdür? Bunu bütün jurnalistlər eləyə bilirmi? Yox! Çünki sənin özünəməxsus cəlbedici qüvvən, cazibən var. Qazilərimiz də həmçinin. Bu gün heç kim istəməz ki, bir ayağı, bir gözü olmasın, amma 4 dənə evi olsun! Qazi bir neçə ev qazana bilirsə, bu, onun şirinliyi, mehribançılığı, ruzisidir, Allah ona o qapını açır. Hökumət onların hamısına eyni məbləğdə pul verir. Sadəcə, hansısa qazi o vəziyyəti ilə belə yerində oturmur, fəallıq göstərir, əziyyət çəkir, hansısa iş adamı hörmət edir, deyir, gəl bir mənzil də mən verim. Sən deyə bilməzsən ki, ona yox, başqasına ver. Deyəcək ki, mən bunu tanıyıram, buna verirəm. Həmin iş adamı hansısa rayonda əziyyət çəkən, işıq pulu verə bilməyən qazini tanımır. Bu biri qazı isə ortalıqdadır, bunu görür, buna da verir. Burda nə problem var ki?
 
 
−  Adil müəllim, millət vəkilləri haqqında deyirlər ki, onlar seçilmir, təyin olunurlar. Məhz sizin seçkidə qalib gəldiyinizə isə şəxsən mən inanıram. Çünki sosial şəbəkələrdə sizə qarşı bir çox millət vəkillərindən fərqli olaraq, müsbət münasibət görürəm. "Layk”larınız da həmişə yüksək olur. Amma bütün hallarda məhz İsa Qənbərə qalib gəlmiş olmanız adamı şübhəyə salır, istər-istəməz fikirləşirsən ki, doğrudanmı, Adil Əliyev qos-qoca İsa Qənbərə qalib gəlib? 
− Dedi-qodu hər zaman olub. Bəzən çoxu elə bilir ki, dedi-qodu yaradan qadınlar olur. Amma elə kişilər var ki, qadınlardan 100 dəfə artıq dedi-qodu edirlər. Bu gün çox adam çox şey deyə bilər. Bu boş danışıqlar kimə nə verir, nə qazandırır? 15 ildir, elə deyirlər, danışırlar. Mən hər seçkidə deyirəm ki, gəlin, iştirak edin, səsinizi verin. Demirsiniz ki, saxtakarlıqdır, seçkilərdə o olur, bu olur? Əgər bir Azərbaycan vətəndaşı – o dedi-qodu eləyən adamın özü seçki məntəqəsinə getmirsə, sən ondan nə gözləyirsən? Gördünüzmü, Türkiyədə camaat tətildən gəlib seçkilərdə iştirak elədi ki, səsi hədər getməsin. Əgər sən seçkiyə gəlib səsini verməsən, əlbəttə ki, hardasa hansısa saxtakar ondan istifadə edə bilər. Qeydiyyatda olduğun yerdəki səsinin qədrini bil, arxasında dur, gəl seçkilərdə iştirak elə... Onsuz da hər dairədə 45000 seçici varsa, elə 45000 bülleten çap etdirilir, artıq edilmir ki... Sən öz bülleteninin dalınca gəl, heç Adil Əliyevə səs vermə, kimə istəyirsən, ona da səs ver ki, səndə o şübhə yaranmasın, vicdanın rahat olsun, deyəsən ki, başqaları verdi, amma mən Adil Əliyevə səs vermədim. 
− Doğrudan da, məntiqli fikirdir – "sən nə vaxt gedib səs verdin ki, hələ bir deyəsən, seçkidə saxtakarlıq oldu...” 
− Yəni hər adam gəlib öz səsinin qədrini bilməlidir. Nəhayətində bu seçki mədəniyyət inkişaf eləməlidir. Kimsə gəlir yanıma, söz atıram ki, seçkiyə gəlməmişdin ha. Deyir, mən seçkidə iştirak eləmirəm ki... Seçkiyə getmir, amma problemi ilə bağlı mənim yanıma gəlir. Bu o demək deyil ki, biz səs verən seçici ilə səs verməyən arasında fərq qoyuruq. Xeyr, fərq qoymuruq, qapımız hər bir vətəndaşın üzünə açıqdır. Cənab Prezident deyir ki, mən bütün dünya azərbaycanlılarının prezidentiyəm. Buna uyğun olaraq millət vəkili də özünü bu ərazidə yaşayan bütün insanların təmsilçisi hesab etməlidir. Səsini ver, sonra da de ki, mən seçkiyə gəldim, səs verdim, seçkilərdə ədalət tələb etmək mənim haqqımdır, konstitusion hüququmdur və mən haqqımı tələb edirəm. Sən seçki vaxtı gedib Amerikada kef edəcəksən, sonra gəlib deyəcəksən ki, seçkilərdə o oldu, bu oldu. 
− Sizin partiyaya mənsubiyyətiniz varmı?
− Xeyr, heç bir partiyanın üzvü deyiləm. Çünki hərbçi olmuşam, hüquq mühafizə orqanlarında xidmət etmişəm. O vaxtdan belə bir qayda var ki, hüquq mühafizə orqanlarında işləyən adam hər bir vətəndaşa eyni gözlə baxsın deyə partiya üzvü ola bilməz. Məsələn, ola bilər ki, mən Yeni Azərbaycan Partiyasının üzvü olaram, müxalif partiyanın üzvünə başqa cür baxaram, doğma yanaşmaram.
− Sizcə, qardaşınız general Məhərrəm Əliyev olmasaydı, siz Adil Əliyev olacaqdınız?
− Babam olmasaydı, nənəm necə olacaqdı? Belə sual olar? 
− Demək istəyirəm ki, Adil Əliyev olmanızda qardaşınızın nə dərəcədə rolu var?
− Mənim Adil Əliyev olmağımda Məhərrəm Əliyevin rolu çox böyükdür. Çünki o, mənim böyüyümdür, ağsaqqalımdır. Təbii ki, tərbiyəmdə, həyatdakı seçimlərimdə, təhsilimdə onun danılmaz xidmətləri var. O, olmasaydı, Allah bilir, hansı yoldaydım... Məhərrəm Əliyev də mənim üçün həmişə məktəb, dərs olub, düzgün seçim etməyimə kömək edib. Burda gizlədəsi heç bir şey yoxdur, mən çox şadam ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah ona can sağlığı versin, o bizim qardaşlarımızın, böyüklərimizin hamısının başının tacıdır. O, əqidəsi təmiz, nəfsi yerində olan, gözütox insandır. Allah hamıya belə böyük ağsaqqal nəsib eləmir.
− Müəllim, dini inancınız mənə maraqlıdır. Nə vaxtdan namaz qılırsınız?
− Allah insanları yaradıb və onlara vacibatlar buyurub. Bu isə insanla insan arasında yox, insanla Allah arasında olan bir münasibətdir. İnanclı olanlar biləcək ki, bu, Allahla mənim aramda olan məsələdir. İnanclı olmayan adamla isə bu barədə söhbət eləməyin mənası yoxdur. 
− Milli Məclisin sonuncu iclasında 1 saata 35 qanun qəbul olunması məsələsi cəmiyyətdə birmənalı qarşılanmadı. İroniya, lağlağı mövzusu oldu. Bəlkə, bu məsələ ilə bağlı izahat verəsiniz...
− İnsanlarımıza imkan verəsən, elə oturub kimisə, nəyisə lağa qoyalar. Soruşsan ki, özünün bu xalqa, millətə nə xeyrin dəyib, hansı qazinin, şəhid ailəsinin yanında olmusan, hansı hərbi hissədə, kimsəsiz uşaqlar evində, yaşlılar evində olmusan,  cavab verə bilməyəcəklər. Bu işləri görməyən adamlar özlərini nəsə sanıb böyük-böyük məsələləri müzakirə etməyə çalışırlar. Qardaş, Milli Məclis ali qanunverici orqandır. Nəyi necə etmək lazım olduğunu Milli Məclisin rəhbərliyi özü çox yaxşı bilir. Bu gün insanların sadaladıqları nə qədər problemlər varsa, bunun əsas səbəbi onların potensial kadr olmamasıdır. Milli Məclisdə milləti təmsil edən deputatlardan daha ağıllılar varsa, gəlib təmsil etsinlər də, niyə etmirlər? Dövlət ağıllı kadr axtarır. Məsələn, mən etiraf edirəm, bir çox vəzifələr var ki, onların öhdəsindən gələ bilmərəm, mənim savadım, ağlım, səbrim o qədər deyil ki, gedib həmin vəzifəni icra edim - gücüm çatmaz. Ona görə də bu gün dövlətimizin, dövlət qurumlarımızın peşəkar kadra ehtiyacı var. Hər kəs dedi-qodu edir. Bir özünüz gedin, iş görün. Nə vaxt gəlib dövlətin nazirliklərinə, qurumlarına test verib imtahandan keçdin, səni qəbul eləmədilər? Hər kəs gedib kağız alır, amma heç kim əsl təhsil almır. Hamı diplom alıb evə atır. O qədər adam görmüşəm ki, imtahandan kəsmək istəyiblər, artıqlaması ilə cavab verib, müəllimi susdurub yerində otuzdurub. Sən niyə qıraqda qalmısan? Çünki diplom almısan, amma bilik almamısan. 
 
 
− Adil müəllim, sizə elə gəlmirmi ki, Azərbaycanda beyin erası qurtarıb, artıq "musqul” erası başlayıb. Ona görə də idmançılara diqqət, qayğı daha çoxdur. 
− Elə şey yoxdur. Əgər düşmənin havadarları imkan vermirsə ki, müharibə aparaq, torpaqlarımızı azad edək, onda bizim gücümüzü artırmaqdan başqa yolumuz yoxdur. Biz beynəlxalq tədbirlər keçirməklə, gücümüzlə onlara səsimizi çatdırmalıyıq ki, ay dünya, bizə kömək edin, torpaqlarımız işğal altındadır. Bəsdir, düşməni müdafiə etdiniz, havadarlıq etdiniz. Əgər biz dövlətimizin apardığı bu siyasətə dəstək olmayacağıqsa, kömək eləməyəcəyiksə, onda nə vətəndaş olduq? Təsəvvür elə, bir adam var, sahə müvəkkili ondan sənəd tələb edib deyə küsüb xaricə gedib. Məgər bir sahə müvəkkilinə görə bu boyda dövləti, gördüyü işləri pisləmək, ayaq altına atmaq olar?
 
 
Biz Qarabağda hələ əzələmizin gücünü nümayiş etdirə bilməmişik. Aprel hadisələrində bir az elətdirdik, oturtduq yerlərində, bir az ayıldılar, başları daşa dəydi. Biz onlara beynəlxalq arenalarda, tribunalarda, rinqlərdə gücümüzü göstərməliyik ki, onlar da dayılarına zəng vursun ki, biz azərbaycanlıya uduzduq, azərbaycanlılar artıq sizin fikirləşdiyiniz kimi rəhbərsiz, silahsız deyil. Artıq Azərbaycanın gücü də, qüdrəti də, rəhbəri də var. Beynəlxalq tədbirlər buna xidmət edir. 
Ölkəmizdə Formula 1-in həyata keçirilməsindən narazı olanlar da var. Siz biləsiniz ki, bu yarışları nə qədər böyük təşkilatlar, Azərbaycana dəstək olan qurumlar həyata keçirir. Bunların Azərbaycana o qədər xeyri dəyir ki, artıq ona sərf olunan pul ikinci plana keçir. Bu yarışlara böyük məbləğdə pullar xərclənir, qarşılığında isə Azərbaycan böyük nəticələr əldə edir...
– Məsələn...
 
– Turistlər gəlib görür ki, Azərbaycanın bir tərəfi parlaq, gözəldir, digər tərəfində isə qaçqın, köçkünlər var, onlar öz yurduna qaytarılmalıdır, onlara dəymiş maddi-mənəvi ziyan ödənilməlidir, Xocalı soyqırımı tanınmalıdır, bu faciəyə hüquqi qiymət verilməlidir. Dövlətimizin, diplomatiyamızın, ordumuzun, idmanımızın, gəncliyimizin yeganə istəyi, məqsədi budur ki, torpaqlarımız geri qaytarılsın. Bunun həyata keçirilməsində ən az maaş alan müəllimin də, həkimin də xidməti var. Məlumdur ki, orduya bu qədər pul getməsə, hamının maaşı yüksək olar. Müəllimlər, həkimlər könül xoşluğu ilə razı olmalıdırlar ki, az maaş alsalar belə, onların əsgəri ac deyil, geyinməyə paltarı var, qışda soyuqdan donmur. Belə olarsa, torpaqların qaytarılması hamının xidməti sayılar. 
Kəramət Böyükçöl 
BakuPost



Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 1-08-2019, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma