(Əvvəli bu linkdə: İlan mələyən şoranlıqda Cənnət vahəsi: “Kurdemir Agro”)
“İlk başda Prezidentə borcluyuq”
Qarşımızda başarısından qürurla danışan həmsöhbətimizə ikinci sualı yönəldirik:
-«Kurdemir Agro» bu nailiyyətini kimə və nəyə borcludur?
-Əlbəttə, ilk başda cənab Prezidentimizə. Sirr deyil ki, siyasi iradə investisiya mühiti üçün uyğun şərait yaratmasaydı, biz də bu işləri görə bilməzdik. Ölkə başçımızın qayğısı və çağırışı ilə bir çox investorlar kimi, biz də bu işə girişdik. Türkiyəli tərəfdaşlarımla uzun illər ölkənin ən ünlü istixanalarına rəhbərlik etmiş və ciddi təcrübə qazanmışdım. Azərbaycanda aqrar sektorun inkişafı üçün edilən təşviqlər bizi bu sahəyə investisiya yatırmağa həvəsləndirdi. Təbii ki, gördüyünüz istixananı ərsəyə gətirmək üçün tələb olunan vəsaitim yox idi. Mən də Türkiyədən olan dostlarımı bu işə cəlb etməyə çalışdım. İsmayıl və Səlcuq Çağlayan qardaşları təşəbbüsümü bəyəndilər. Əl-ələ verib bu təsərrüfatı yaratdıq.
Zaur bəyin sözlərinə görə, istixananın ərsəyə gəlməsində Azərbaycan İqtisadiyyat Nazirliyinin də böyük xidmətləri olub. İnvestorların hazırladığı iqtisadi təşviq sənədi layihəsini dərhal təsdiqləyən nazirlik onların fəaliyyəti qarşısındakı bütün əngəlləri aradan qaldırıb, bir çox güzəştlər tətbiq edib.
“Mənfəət və gəlir vergisində 50%, torpaq və əmlak vergisindən tam azadolma kimi güzəştlər olmasaydı, biz yəqin ki, Rusiya bazarında yerli istehsalçılarla rəqabət apara bilməzdik. Üstəlik, istixana üçün tələb olunan texnikaların gətirilməsi üçün də Dövlət Gömrük Komitəsinə heç bir rüsum ödəmədik. Bu da bizə əlimizdə olan ilkin kapitalı tam şəkildə müəssisənin qurulmasına yatırmağa imkan verdi. Əks halda, ilkin kapitalımız azalar, nəticədə biz indiki böyüklükdə və keyfiyyətdə istixana qura bilməzdik”-Zaur Əmirov belə dedi.
Bunun üçün İqtisadiyyat naziri Şahin Mustafayevə də təşəkkür borcu olduğunu bildirən iş adamı iqtisadi təşviq şərtlərinin də Prezident tərəfindən müəyyənləşdirildiyini vurğuladı: “Bilirsiniz ki, Prezident İlham Əliyevin 2016-cı ilin ilk günlərində yeni sənaye müəssisələrinin yaradılmasının və bu sahələrə investisiyaların cəlb olunmasının təşviqi məqsədilə Fərman imzalanmışdı. Daha sonra bu Fərmandan irəli gələn şərtlər də müəyyənləşdi. Etiraf edim ki, İqtisadiyyat Nazirliyi bu sənədlərin hazırlanmasında öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi”.
Ceyhun Cəfərovun fərasəti
Kürdəmir İcra Hakimiyyətinin də istixananın ərsəyə gəlməsində böyük xidmətləri olub. Zaur Əmirovun bildirdiyinə görə, İcra başçısı Ceyhun Cəfərov tez-tez istixanaya baş çəkir və müəssisənin problemləri ilə yaxından maraqlanır. Bir çox bürokratik əngəllərin aşılmasında icra başçısının bu diqqətinin xüsusi rolu olduğunu gizlətməyən iş adamı rayon rəhbərliyindən də razıdır.
İş adamının fikirlərini dinlədikcə, öz-özümə düşünürdüm: Ceyhun Cəfərovun bu diqqəti səbəbsiz deyil. Relyef etibarilə yarımsəhra və quru çollərdən ibarət olan Kürdəmir torpağı boz-çəmən tiplidir. Bu isə onun əkinə o qədər də yararlı olmadığından xəbər verir. Belə bir coğrafiyada uğurlu əkinçilik sahəsinin yaradılması, sözsüz ki, rayon üçün Allahın göndərdiyi nemətdir. Ağlı başında olan istənilən icra başçısı bu fürsəti dəyərləndirməli və yüzlərlə sakini işlə təmin edəcək layihəyə dəstək verməlidir. Di gəl ki, bir çox icra başçılarımızda bu fərasət olmadığından, Ceyhun Cəfərovun sövq-təbii diqqəti iş adamlarımızı təəccübləndirə bilirmiş. Azərbaycan reallığını nəzərə alanda Zaur Əmirovla razılaşmamaq mümkün deyil.
Yeri gəlmişkən, iş adamından bir məsələyə də aydınlıq gətirməsini istədim. Kürdəmirin bu yarımsəhra torpağını seçməkdə onların marağı nə olub? Axı Azərbaycanda daha münbit torpaq tapmaq mümkün idi.
Əsl innovativ yanaşma belə olar
İş adamı bu seçimin sirrini Kürdəmirin günəşi və suyu ilə əsaslandırdı. Dediyinə görə, əraziyə investisiya qoymamışdan əvvəl həm günəş enerjisini, həm də suyu analiz etdiriblər. Günəşin radiasiya gücü burda Bakıətrafı ərazilərdən daha çoxdur. Pomidor istehsalı üçün ən dəyərli komponent də elə günəş şüasıdır:
“Onsuz da biz istixana ərazisindəki torpaqdan istifadə etmirik. Torpağı əvəz edən torf, perlit, vermikulit, yanmış heyvan gübrəsi, qum, torpaq qarşığı olan kokopitləri Şri-lankadan gətiririk. Bizə burda əsas lazım olan günəşin şüası və tempuratur dərəcəsidir. Yaxşı pomidor yetişdirmək üçün gecə ilə gündüz arasındakı tempuratur fərqi 6 yaxud 8 dərəcə olmalıdır. Kürdəmirdə də məhz belə olur. Yaxınlığımızdan keçən Sabir kanalının suyu da arzuladığımız standartlara cavab verir. Biz onu Osmos cihazından keçirməklə şitilləri suvara bilirik”.
Müəssisə rəhbərliyinin məsələyə bu qədər elmi yanaşması məni xeyli təəccübləndirdi. Deməli, bizdə də işinin əhli olan fermerlər varmış. Aqrar sektorun bu cür bacarıqlı və elmli insanlara həvalə edilməsi ölkəmizin gələcəyi barədə öləziləşmiş ümidimi dirçəldir.
Qarşılıqlı etimada söykənən şəriklik
Zaur Əmirovun bildirdiyinə görə, ortaqları olan İsmayıl və Səlcuq qardaşları pomidor istixanaları üzrə dünyanın ən yaxşı müxtəxəssislərindəndirlər. Azərbaycanda əksər istixanaları onlar qurublar. Hazırda Orta Asiyada bu fəaliyyətlərini davam etdirən Çağlayan qardaşları indiyədək sadəcə sifariş əsasında istixanalar qurub sahibkarlara təhvil verirmişlər. İlham Əliyevin çağırışından sonra onlar özləri də bu işə investisiya qoymağa həvəsləniblər. Sözsüz ki, türk iş adamlarının bu qərara gəlmələrində Zaur Əmirovun da inandırıcı təbliğatı az rol oynamayıb. Həmsöhbətimiz Çağlayan qardaşlarının bu etimadını qazanmasının özəl bir sirrini də bizdən gizlətmədi. Sən demə, Zaur Əmirovla İsmayıl Çağlayan kirvə imişlər. Bir sıra başqa istixanalarda birgə çalışmaqla başlayan və qohumluq əlaqələri qurulmasına qədər uzanan bu etimad onları “Kurdemir Agro”da 3 ortağa çevirib.
Tarladan tövləyə kompleks yanaşma
Maraqlıdır ki, “Kürdemir Agro” işgüzar fəaliyyətə heyvandarlıqdan başlayıb. İstixanadan hardasa 1 km aralıda inşa etdikləri tövlədə mal-qara saxlayan iş adamları südçülüklə təsərrüfatını genişləndirmək istəyirmişlər. Amma südün qiyməti ucuz olduğundan arzuladığı effekti ala bilməyən ortaqlar pomidor işinə girişiblər. Yeni iş sahəsində ciddi nailiyyətlərə imza atan müəssisə rəhbərliyi köhnə fəaliyyətlərini də buraxmaq fikrində deyil. Növbəti cəhdlərində sadəcə profillərini dəyişdirməyi düşünürlər. Südçülükdən ətçiliyə keçərək Kürdəmirdə yeni iş yerləri açmağı planlaşdıran “Kurdemir Agro” əkindən fermaya bütün istehsal yükünü yerli imkanlar sayəsində reallaşdırmaq əzmindədir. Bunun üçün isə əllərində olan torpaq sahələrinin böyük hissəsini arpa və otlağa ayırmaq planları var:
“Cari ildə müasir standartlara cavab verən tövlə tikməyi planlaşdırırıq. İldə 1000 başa yaxın mal-qaranı öz məhsullarımızla qidalandıracağıq. Bunun üçün əlimizdəki boş ərazinin hardasa 10 hektarı yoncaya, qalan qismini isə apraya ayırmağı düşünürük. Tövləmizin yaxınlığında 300 ton arpanı saxlamaq üçün anbar inşa etmişik. Saxlayacağımız mal-qara özümüzün əkib-biçdiyimiz taxıl və yonca ilə yemlənəcək. Tamamilə orqanik yemlə yetişdirəcəyimiz bu mal-qara Azərbaycanın qida təhlükəsizliyinin qorunmasına xidmət edəcək. Beləcə, cənab Prezidentimizin fermerlərin qarşısında qoyduğu başlıca hədəflərindən birinin reallaşmasında bizim də kiçik töhfəmiz olacaq”.
Saxlayacaqları mal-qaranın yarımcins olacağını bildirən həmsöhbətimizdən bir danadan neçə kiloqram ət almağı planlaşdırdıqlarını soruşuram. Z.Əmirovun dediyinə görə, hər dananın diri çəkisi, təxminən, 300 kiloqram olacaq. Diri çəkinin yarısınin ətə çevrildiyini nəzərə alsaq, bu, hardasa ildə 150 ton ət istehsalı deməkdir. Azərbaycanın birillik ət istehlakının 360 min ton olduğunu nəzərə alsaq, “Kurdemir Agro”nun il boyu istehsal edəcəyi ət miqdarı ümumi istehlakımızın 0.0004%-nə bərabər olacaq. Belə çıxır ki, özümüzə yetəcək potensiala gəlmək üçün “Kurdemir Agro” boyda 2500 fermer təsərrüfatına ehtiyac var. Bu nisbəti müqayisə edəndə Zaur Əmirovun dediyi kimi, “Kurdemir Agro”nun istehsal həcmi Azərbaycanın ətlə təchizatında duz və istiot qədər olacaq. Belə görünür ki, Prezidentin fermerlər qarşısında qoyduğu hədəfə çatmaq üçün hələ çox işlər görülməlidir.
Hacı Zeynəlabidindən miras qalan əxlaq
Müəssisənin təsisçisinə inşa etməkdə olduqları fermaya da baş çəkmək niyyətimi bildirirəm. O da sözümü yerə salmır. Bərabər getdiyimiz fermada bir vaqontipli ev diqqətimi çəkir. Həmin yerin qaraulxana olduğunu təxmin edirəm. Məgər ki, deyilmiş. Zaur bəyin dediyinə görə, bura “Kurdemir Agro”-nun ilk baş ofisi imiş. İndiyədək bu “baş ofis”in saxlanılması ilə maraqlanıram. İş adamının sözləri məni sonuncu dəfə heyrətləndirir:
“Səhv etmirəmsə, Hacı Zeynəlabdin Tağıyev olmalıdır; əmək fəaliyyətinə uşaq yaşda fəhləliklə başlayır. Daha sonra tale ona böyük zənginliklər bəxş edir. Hacı Zeynəlabidin Tağıyev zənginləşəndə belə, çəkicini bir kənara atmır. Əksinə, otağının qapısından asır. Bunu belə izah edir ki, hər dəfə iş otağıma girəndə əmək alətlərimi görüb keçmişimi xatırlayıram. Bu, mənim öz yolumu azmamağıma vəsilə olur. Mən də eyni məntiqlə ilk “baş ofisimi” iş yerimin girəcəyinə qoymuşam”.
Açığını desəm, övladları və özləri harınlıq edən iri məmurlarla dolu bir məmləkətdə ortaya qoyulan bu əxlaq nümunəsi insanı sevindirir. Üzəri indiyədək hər gün silinib təmizlənən bu “tarixi eksponat” mənim gözümdə halallıqla haramın fərqinin canlı heykəli kimi ucalır. Bu qanacağın daşıyıcı olan müəssisə rəhbərliyi də həmçinin...
Bakıya qayıdarkən “Kurdemir Agro”da gördüklərimin təsiri altında idim. Kürdəmirdən Hacıqabula qədər uzanan şoran torpaqları seyr edə-edə bu yarımsəhralıqda cənnət vahəsi yaradan insan oğlunun başarısının sirri mənə Aşıq Veysəlin məşhur misralarını xatırladırdı:
Qarnın yardım qazma ilə, bel ilə,
Üzün yırtdım dırnaq ilə, əl ilə,
Yenə məni qarşıladı gül ilə,
Mənim sadiq yarım qara torpaqdır.
Bəli, “Kurdemir Agro”çular qara torpağı əlləri-dırnaqları ilə becərə-becərə axıtdıqları tərlərinin halal bəhərini toplayırlar.
Məmməd Tahir
Şair-publisist, AYB üzvü
Moderator.az
Paylaş: