“Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb”. Bu sözlər Baş Nazirin müavini Əli Əhmədovun ötən həftə “Facebook”da yayımladığı yazıda yer almışdı. Əli Əhmədov həmin yazıda bildirirdi ki, məqsəd Azərbaycanın davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir: “Mahiyyət etibarilə milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş “beşinci kalon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb. Beləliklə də, “müxalifət” adı altında antimilli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Ə. Əhmədov qeyd edib ki, müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.Yeni Azərbaycan Partiyasının Sədr müavini, Baş Nazirin müavini Əli Əhmədovun siyasi səfərbərlik çağırışının arxasında nə durur?Siyasi şərhçi Nəsimi Məmmədli Əli Əhmədovun müxalifətlə bağlı çağırışlarını ASTNA-ya şərh edib.
***
-Əli Əhmədovun müxalifətə qarşı səfərbərlik çağırışının arxasında nə durur?
-Öncə qeyd edim ki Əli Əhmədovun müraciəti ümumi xatakterlidir. Onu bu müraciəti yaymağa vadar edən konkret səbəblərə, faktlara və hətta adlara rast gəlmirik. Ancaq Ə.Əhmədovun bir narahatlığını və gərginliyini görürük.
Əslində istər Ə.Əhmədovun, istərsə də digər YAP və hakimiyyət təmsilçilərin müxalifətə qarşı sərt, aşağılayıcı, təhqiredici ritorikasını mütəmadi izləyirik. İqtidarın özünə uyğun saydığı bu ritorika artıq cəmiyyətdə heç bir təəccüb doğurmur.
Təsadüfi deyil ki, əsas müxalifət qüvvələri heç vaxt YAP-ı özlərinin ciddi oponenti kimi qəbul etməyib. YAP-ın üzvlərinin sayı çox olsa da, müxalifətlə açıq siyasi rəqabətə hazır partiya deyil. Onlar nəinki əsas müxalifət partiyalarından, hətta özlərinin "bəslədiyi" ən zəif "müxalif" partiyaları ilə də açıq debatdan çəkinirlər. Faktiki olaraq YAP müxalifətlə siyasi rəqabətə hazır olmadığına görə onun misiyasını hazırda polis icra edir. Bu isə kənardan iqtidara qarşı basqıların artmasına səbəb olur.
Ölkənin bir çox sahələrində böhran var. İqtisadi, siyasi, humanitar, hüquqi mühit getdikcə daralır. Seçki institutu tamamilə sıradan çıxarılıb. Cəmiyyətdə ayrıseçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır. Bütün instansiya məhkəmələrində ədalətin bərpa edilməsindən çox ədalətsizliyin artması müşahidə edilir. Aşağı və orta təbəqədən olan insanlar mövcud durumdan təngə gəlib. Dövlət-vətəndaş münasibətlərində gərginlik artıb. Hakimiyyətin inzibati və təbliğati resursları ictimai-siyasi proseslərin yönünü dəyişə bilmir. Həmçinin yaxın qonşu ölkələrdə müşahidə edilən siyasi canlanma da öz təsirini göstərir.
Qapalı toplantılarda ölkə başçısının yüksək YAP funksionerlərini fəaliyyətsizlikdə, iqtidara qarşı tənqidlərə effektli siyasi cavablar verməməkdə tənqid etməsini də istisna etmirəm. Yüz minlərlə üzvü olan hakim partiyanın siyasi varlığı ilə yoxluğunun cəmiyyətdə bilinməməsi şübhəsiz ki YAP sədrini də narahat etməyə bilməz. Ölkə başçısı bəlkə də bu şəxslərə sual verir ki, biz niyə müxalifətlə ancaq polisin və digər hüquq mühafizə orqanlarının dili ilə danışmalıyıq? Bəs bu hakim partiyanın işi nədir və nə ilə məşğuldur? Ə.Əhmədovun müraciətində bu amillərin rolu da istisna deyil.
Ölkə başçısı da YAP-a xüsusi etimad göstərmədiyini dəfələrlə üstüörtülü nümayiş etdirib. Uzun illər YAP sədrinin müavini və partiyada digər yüksək siyasi vəzifə daşıyan şəxslərin başının üstündən Novruz Məmmədov Baş Nazir təyin edildi. N.Məmmədov uzun illər Ə.Əhmədovun tabeliyində olan orta ranqlı bir məmur idi. Hakimiyyətin sahibinin kimə hansı meyarlarla qiymət verməsi, güvənməsi, etibar etməsi Ə.Əhmədova da çox yaxşı bəllidir. Onun YAP-ın fəal üzvlərindən və gənclərdən fədakarlıq ummasının heç bir nəticəsi olmayacağını da bilir. YAP elə bir qurumdur ki, orda fədakarlıq etmək istəyən istənilən şəxs yalnız özünə problem yarada bilər.
-Əli Əhmədov daha çox xaricdə fəaliyyət göstərən müxalifətə işarə vurur. Əslində xaricdə fəaliyyət göstərən, özünü müxalifət kimi təqdim edən bi çox şəxslərin əməllərindən elə burdakı müxalifət də əziyyət çəkir. O şəxslərin hərəkəti təqdirəlayiqdirmi? Niyə həmin şəxsləri hansısa formada ənənəvi müxalifətlə əlaqələndirməyə çalışırlar?
-Öncə qeyd edim ki xaricdəki müxalifət fəaliyyətini birmənalı qiymətləndirmək doğru olmaz. Xaricdən göstərilən virtual siyasi maarifləndirici təbliğat ölkə üçün çox faydalıdır. Cəmiyyətin aktivləşməsində bu amillərin rolu danılmazdır.
Ancaq xaricdən çox zərərli və pozucu fəaliyyət də var. Ölkədə siyasi yetkinliyi zəif olan narazı şəxsləri öz təsirinə alaraq müxalifətin sistemli fəaliyyətinə əngəl yaradılması cəhdləri açıq görünür. Müxalifətin ölkə daxilində əl-qolu bağlandığına görə xaricdən istənilən fəaliyyət cəmiyyətdə daha qabarıq və cəlbedici təsir bağışlayır.
İqtidar ölkə daxilindəki əsas müxalifətin fəaliyyətindən daha çox zərər görə biləcəyini anlayır. Xaricdəki bəzi müxalif fəaliyyətin güclənməsindən isə qətiyyən narahat deyil. Belə qüvvələrin ölkədə ciddi siyasi dəstək qazanmasının mümkün olmadığını hər kəs anlayır.
Əslində Ə.Əhmədovun hədəfə aldığı və ən çox çəkindiyi qüvvə ölkədə kütləvi etirazları təşkil edə bilən siyasi qüvvədir. O, bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması çağırışını YAP-ın siyasi peykində olan qurumlara edir. Əsas müxalifəti xaricdəki pozucu fəaliyyətlə əlaqələndirməklə cəmiyyətin gözündən salmağa cəhd olunur.
-Əli Əhmədov müxalifət haqda deyir ki, ortada nə proqramları var, nə strategiyaları. Nə dərəcədə haqlıdır? Varmı hansısa strategiya, hansısa proqram?
-Bu siyasi iddiaya daha dolğun cavabı müxalifət özü verə bilər. Biz onların proqramlarının və strategiyalarının olmaması barədə konkret fikir deyə bilmərik. Lakin obyektiv yanaşsaq, müxalifətin siyasi varlığını, ictimai rəyə təsirini, iqtidarı ciddi narahat etdiyini və cəmiyyətdəki sağlam mövqeyini bütün müstəqil müşahidəçilər görür.
Eyni zamanda nəzərə alaq ki, ölkədə siyasi fəaliyyətin müstəvisi iqtidar tərəfindən zorakı metodlarla daraldılıb. Ölkəmiz bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkə kimi xarakterizə olunur. Seçkilər total saxtalaşdırılır, sərbəst toplaşmaq azadlığı təmin edilmir, ən kiçik zal toplantılarına belə polis zorakılıqla müdaxilə edir. Ölkədə hələ də 100-dən çox siyasi məhbus olduğu bir şəraitdə müxalifətin öz fəaliyyətini klassik mənada planlaşdırması mümkün deyil. Dövlət siyasi partiyalar qarşısında götürdüyü konstitusion öhdəliklərini yerinə yetirmirsə, siyasi plüralizmi məqsədli şəkildə yox edibsə, belə şəraitdə müxalifətdən gözləntisi nədir? İqtidar nə müxalifətin qanunvericilikdə təsbit olunan hüquqlarına təminat verir, nə də ictimai-siyasi fəaliyyət göstərməsinə imkan yaradır. Ancaq vaxtaşırı müxalifətdən gileylənir. Bunu sadə məntiqlə anlamaq çox çətindir. Əgər doğrudan da müxalifətin ictimai dəstəyi və insanların inamını qazanmış liderləri yoxdursa, onda bu qədər total basqıya, qadağalara nə zərurət var? Əksinə, son illər müxalifətin varlığı hər yerdə daha çox hiss edilir.
-Belə fikirlər də var ki, əslində bu çağırışın ünvanı ənənəvi müxalifət deyil. Hakimiyyət öz içərisində əsas gücə qarşı olan yeni müxalifət dalğasına qarşı səfərbər olmağı nəzərdə tutur. Belə bir şey hiss olunurmu?
-Bu iddianı ciddi saymıram. Ə.Əhmədov o ranqda siyasətçi deyil ki, iqtidarın daxilindəki hansısa əsas müxalifətlə bağlı məsələni gündəmə gətirməyə və ya ona eyham vurmağa cəhd etsin. Həm də YAP hakimiyyət daxili məsələlərə müdaxilə edəcək durumda deyil.
-Hakimiyyət və müxalifət niyə bir-birinə düşmən münasibət bəsləyir? Niyə başqa ölkələrdə olduğu kimi normal dialoq, diskussiya, polemika, debat apara bilmirlər?
-Bunun ən əsas səbəbi hakimiyyətin demokratik seçki ilə formalaşmamasıdır. Siyasi ənənələrin və mədəniyyətin hələ formalaşmaması da müəyyən rol oynayır, amma həlledici deyil.
Tərəflərin cəmiyyətlə və bir-biri ilə qanuni təmasının ilk pilləsi seçkidir. İqtidarla müxalifət arasında dialoq, diskussiya, polemika, debat kimi siyasi vasitələr qeyri-azad ölkələrin heç birində mövcud deyil.
Antidemokratik iqtidarın təfəkkürü belədir ki, hakimiyyət tamamilə mənimdir və onu necə gəldi əlimdə saxlayacam. Qarşımda kim varsa hamısı düşməndir, həbs edəcəm, döyəcəm, əzəcəm. Təbii ki müxalifət də ona qarşı adekvat münasibət sərgiləyir. Amma əlində təsirli güc olmadığına görə hələ iqtidar onunla hesablaşmır. Cəmiyyət siyasi proseslərə fəal qoşulduqca siyasi münasibətlər sistemi köklü dəyişikliyə məruz qalacaq.
-Ölkədə normal, güclü müxalifətin olması üçün nə lazımdır?
-Demokratik ölkələrdə iqtidarı da, müxalifəti də seçici müəyyən edir. Ölkəmizdə klassik mənada təsnifatlaşdırılan müxalifət yoxdur.
Antidemokratik ölkələrdə narazı və etirazçı kəsimin rəğbət bəslədiyi, dəstək verdiyi siyasi qüvvə əsas müxalifət funksiyasını daşıyır.
Hazırda ölkədə çox güclü rejim müxalifəti var. Onların önünü hələlik yalnız inzibati zor aparatının vasitəsilə kəsmək mümkün olub. Ancaq bu hal əbədi ola bilməz və mütləq önü açılacaq. Sosial şəbəkələr geniş yayıldıqca siyasi fəallıq da artacaq. Hazırda ölkə dəyişikliklərin ərəfəsindədir.
Paylaş: