Xəbər lenti

  

İyulun 24-də Azərbaycan HHQ-nə məxsus MİQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı.

Ovqat.com xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi versiyasına görə, qəza təyyarənin quş və ya quş dəstəsi ilə toqquşması nəticəsində baş vermiş ola bilər.

Qara qutunun incələnməsindən sonra belə, qəza barədə dəqiq məlumatın verilməməsi, hansısa ehtimallar üzərində durulması bəzi haqlı şübhələrə yol açır. Hərbi mütəxəssislərin “Turan” informasiya agentliyinə verdiyi açıqlamalarda da bu şübhələr qabarıq şəkildə özünü göstərir:

“Hərbi aviasiya sahəsində ekspertin anonimlik şərti ilə Turan-a verdiyi açıqlamaya görə, quşlar yalnız təyyarənin mühərrikinə düşdükdə, mühərrikə zərər verə bilər. Digər hərbi mənbələr qeyd edirlər ki, kabinin zədələnməsi və hermetikliyin pozulması halları olub. Amma bu, təyyarənin və pilotun dərhal ölümünə səbəb olmayıb.

 

Digər tərəfdən, bort qeydiyyatçısı yalnız danışıqları və uçuşun texniki parametrlərini qeydə alır və buna görə təyyarənin toqquşması haqqında məlumat ehtiva edə bilməzdi.

 

Toqquşma zamanı pilotun hər zaman dərhal yerlə əlaqə saxlamaq imkanı olur, çünki pilotun işarə barmağı həmişə rabitə düyməsinin üstündə olur. Təyyarə güclü şəkildə toqquşduqda avtomatik olaraq katapulta işə düşür. Amma bu, baş verməyib.

 

Qəzanın səbəbini dəqiq müəyyən etmək üçün təyyarənin toqquşma anında hansı yüksəklikdə olduğunu bilmək lazımdır.

 

Alternativ qəza versiyalarından biri aşağı yüksəklikdə uğursuz manevrdir. Amma təyyarələr aşağı yüksəklikdə manevr zamanı təhlükə haqqında xəbərdarlıq sistemi ilə təchiz edilib. Ola bilər ki, qırıcı təyyarədə bu sistem nasaz vəziyyətdə olub. Ola bilər ki, pilotun aşağı yüksəklikdə vəziyyəti düzəltmək üçün vaxtı olmayıb və təyyarə şaquli şəkildə dənizə düşüb. Təyyarə üfiqi vəziyyətdə düşsəydi suya dəydikdə katapulta avtomatik işə düşərdi və pilot xilasedici jilet sayəsində sağ qala bilərdi, deyə ekspert qeyd edib. 

Deyilənlərə əlavə olaraq qeyd edək ki, dünyada çox sayda hərbi təyyarələrin və helikopterlərin quşlarla toqquşması halları qeydə alınıb. Bəzən bu, kabinin zədələnməsinə və hətta mühərriklərin sıradan çıxmasına gətirib çıxarıb. Amma quşa görə katapultanın işə düşmədiyi hal olmayıb”.

 

Kanal 13-ə açıqlama verən bir başqa hərbi ekspertin də dilə gətirdiyi fikirlər isə Müdafiə Nazirliyinin irəli sürdüyü versiyanı çürütməklə qalmır, qəzanın Rusiya tərəfindən törədilmiş bir təxribat olması barədə şübhələri gücləndirir. Şəhid pilotun kurs yoldaşı olmuş, keçmiş Hərbi Hava Qüvvələri zabiti Rəşad Ələkbərovun iddiasına görə, qəza baş verən vaxt Rusiya Xəzər dənizi üzərində yeni silahını sınaqdan keçirirmiş. Qəza da elə bu səbəbdən baş verə bilər. Bir sözlə, şəhid pilotumuzun qəza zamanı idarə etdiyi təyyarənin Rusiyanın yeni silahını sınaqdan keçirdiyi zaman canlı hədəfə çevrilmə ehtimalı da istisna edilmir.

Rəşad Ələkbərovun iddialarında diqqəti cəlb edən ən mühüm məsələ Azərbaycan HHQ-lərinə aid təyyarələrin texniki imkanları ilə bağlıdır. Pilotun fikrincə, hərbi hava qüvvələri arsenalımızı təşkil edən qırıcılar texniki göstəricilər baxımından xeyli aşağı səviyyədədirlər. Xüsusilə, sovet istehsalı olan MİQ-29-lar 4 nəsil təyyarələr hesab edilir və onlarda yetərli elektronik radar sistemi yoxdur. Rusiyanın keçirdiyi sınaqlar qəzaya uğramış təyyarənin onsuz da zəif olan bu elektronik sistemi sıradan çıxara bilər.

Daha artıq şərh vermədən pilotun fikirlərini təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 839          Tarix: 23-08-2019, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma