İran ABŞ-ın həyata keçirdiyi sanksiyaları neft-kimya sahəsini inkişaf etdirməklə zərərsizləşdirməyə çalışır. Ölkənin Neft naziri Bijen Zəngənənin bir neçə gün öncə rəsmi media qurumlarına verdiyi açıqlamadan belə çıxır.
Nazirin bildirdiyinə görə, İran ikinci neft-kimya sənayesi inqilabına hazırlaşır. Zəngənənin fikrincə, qarşıdakı iki il ərzində tamamlanacağı gözlənilən bu inqilabi mərhələdə İranın istehsal etdiyi neft-kimya məhsullarının ümumi dəyəri 36 milyard dollara yüksələcək.
Neft-kimya sənayesi sahəsində ölkəsinin 5 il bundan əvvəl birinci sıçrayış yaşadığını xatırladan nazir həmin vaxt 56 milyon ton məhsul istehsal etdiklərini vurğulayıb. Ona inansaq, iki ildən sonra bu potensial 100 milyon tona çatacaq və 3-cü sıçrayiş dönəminə keçiləcək. 3-cü sıçrayışda isə hədəf 150 milyon tondur.
ABŞ sanksiyaları ilə neft ixracı böyük ölçüdə dayanan İranın neft-kimya sahəsinə yönəlməsi əslində başadüşüləndir. İran ya neft hasilatını dayandırmalı, ya da öz istehlakından artıq qalan xammalını daha dəyərli hazır məhsula çevirib neft-kimya sektorunu inkişaf etdirməlidir. Bununla da, həm sənaye məhsullarına olan ehtiyacını daxili gücü hesabına ödəməli və xaricdən asılılığını azaltmalı, həm də həmin məhsulların mühüm qisminin ixracına yönələrək əlavə xarici kapital qazanmalı, neft satışlarında azalan gəlirlərini kompensasiya etməlidir.
İlk baxışdan xeyli ağlabatan görünən bu proqramın reallaşmasını şübhə altına alan amillər isə az deyil. İran qarşısındakı bir çox əngəlləri ortadan qaldırmasa, neft nazirinin bu şirin vədləri elə vəd olaraq qalacaq.
İranın qarşısında dayanan ən mühüm problem, sözsüz ki, ABŞ-ın bu strategiyaya münasibətinin necə olacağıdır. Düzdür, neft-kimya məhsuları hələ ki ABŞ-ın embarqoları arasında yer almır. Bununla belə, İranın bu hədəfini reallaşdıracağı təqdirdə, Vaşinqtonun embarqo siyahısını uzatmayacağına da heç kim təminat verə bilməz.
İkincisi, neft-kimya məhsullarının satıla biləcəyi xarici bazar məsələsi də Tehranı xeyli narahat edir. Məlumdur ki, bu məhsulları əsasən sənaye dövlətləri ala bilərlər. Sənaye dövlətləri isə neft ixracatçılarından xammalı alıb özləri hazır məhsula çevirirlər. İranın planlaşdırdığı açılımlar sənaye dövlətlərinin iqtisadi maraqlarına cavab vermədiyi kimi, onlarla rəqabət aparmaq da düşünüldüyü qədər asan deyil.
Üçüncüsü, İranın ağır sanksiyalara məruz qaldığı bir zamanda böyük investisiyalara getməsi xalqın güzəranını daha da pisləşdirə bilər. Zira İranın neft-kimya təsislərini qurmaq üçün xərcləyəcəyi hər quruş xalqın boğazından kəsilməlidir. İran xalqı isə hazırda İslam İnqilabından bu yana ən ağır iqtisadi dövrünü yaşayır. Daha artıq “kəmərsıxma” siyasətləri qarşısıalınmaz sosial partlayışlara yol aça bilər.
Ən əsası isə, bütün neft istehsalçıları kimi, İranın da bürokratik aparatı süddən çıxmış ağ qaşığa oxşamır. İslam İnqilabından sonra dəyişilmədən qalan məmur sinifi hakimiyyətdəki yerini bərkitməklə yanaşı, korrupsiya və rüşvətxorluq girdabında boğulmaqdadır. Onların ölkəni başqa cür idarə etmək təcrübəsi yoxdur və çox zaman böyük iqtisadi cinayətlərə qarşı mübarizə adı altında siyasi hesablaşmalar aparılır.
ABŞ-ın sanksiyalarından sonra daralan iqtisadi imkanlar iri məmurlar arasında gedən gizli savaşları daha da qızışdırıb. Ötən ilin sonlarından etibarən iqtidardaxili savaşlarda ən çox adı hallanan isə Larincani ailəsidir.
Son vaxtlar hər biri on il olmaqla, 20 il ərzində İranın Məhkəmə Hakimiyyəti başçısı vəzifəsini icra edən və hazırda Konstitusiya Protektorları Şurasının iki ruhani üzvü - ayətullah Sadiq Laricani ilə ayətullah Məhəmməd Yezdi arasında getdikcə güclənən mübahisələrdə də bu özünü göstərir. İki sabiq Ədliyyə naziri arasındakı mübahisələrin bəhanəsini korrupsiyaya qarşı mübarizə təşkil etsə də, müşahidəçilər bu ziddiyyətin arxasında dayanan əsas məsələnin hakimiyyət davası olduğu fikrində həmrəydirlər.
İrana ən böyük təhdid kimi qiymətləndirilən bu iqtidardaxili mübarizələrin xüsusilə bu ilin əvvəlindən güclənməsi isə səbəbsiz deyil. 30 Dekabr 2018-ci ildə dini lider Xameneyinin Məhkəmə haklimiyyətini Larincani qardaşlarından alaraq, İbrahim Rəisiyə verməsi, Sadiq Larincanini isə özünün müşaviri təyin etməsi İranda birmənalı qarşılanmadı. Hər kəs bu önəmli təyinatlarla dini liderin öz varisinin kim olacağına işarə verdiyini düşündü.
Belə ki, Xamaneyinin ağır xəstə olduğu və son günlərini saydığı sirr deyil. Artıq hər kəsin növbəti dini liderin kim olacağını müzakirə etdiyi ərəfədə gələn bu kadr dəyişikliyində Məhkəmə hakimiyyətinin həm də ölkənin əsas dini qurumu Astani-Qüdsi-Rzəvi Külliyəsinin rəhbəri İbrahim Rəisiyə verilməsi onun gücünə güc qatılması anlamına gəlir. Sözsüz ki, acımazsızlığından dolayl “ayətullahi-qırğın” ləqəbilə ad çıxarmış İbrahim Rəisi İranın dini lideri olması çox işlər görməlidir. O, ilk növbədə əlindəki səlahiyyətlərindən istifadə edib rəqiblərinin bütün “çirkli camaşir”lərini ortaya çıxarmalı, ümumxalq sevgisi qazanmaq naminə korrupsionerlərə, İranı içdən çökdürən “vətən xainləri”nə qarşı amansız mübarizəyə start verməlidir. 1988-ci ildə rəsmi statistikaya görə 4 min, müxaliflərinin iddialarına görə isə 30-40 məhkuma edam hökmü verən İbrahim Rəisi üçün bu addım su içmək kimi bir şeydir.
Üstəlik, İbrahim Rəisinin ən böyük rəqibinə çevrilə biləcək Larincani qardaşlarının vaxtaşırı korrupsiya faktlarında adlarının hallanması da “qırğın ayətullahı”nın işini asanlaşdırır, Larincani ailəsində isə böyük sıxıntılara yol açır.
Qeyd edək ki, Larincani qardaşlarına qarşı hücumlar yeni deyil. Hələ Mahmud Əhmədinejadın hakimiyyəti illərində onunla həm Məhkəmə hakimiyyətinini başçısı Sadiq Laricani, həm də indiyədək parlamentin dəyişilməz sədri vəzifəsini qorumağı bacaran Əli Laricani arasında gərgin mübahisələr yaşanırdı və bu konflikt sabiq prezidentin səlahiyyət müddətinin son anlarına qədər davam etdi. Həmin vaxtlar Əhmədinejdat Laricani qardaşlarından Fazilin rüşvət ittihamlarına yol açan səsyazısını yaymaqla qalmadı, Sadiq Laricaninin qızını İngiltərəyə casusluq etdiyini irəli sürdü. Bu çıxışlar İranın prezidentliyinə iddia edən Əli Laricaniyə böyük zərbə vurdu və onun ölkə başçısı seçilməsinin qarşını aldı.
Qeyd edək ki, İranın ən güclü elitar ailələrindən olan Laricanilər 5 qardaşdırlar. Onlardan biri Əli Laricani uzun illərdir İran parlametinə rəhbərlik edir, digəri Sadiq Laricani məhkəmə hakimiyyətinin başçısı olmuşdur. Digər qardaş Məhəmməd Cavad Laricani isə bir müddət İranın Xarici İşlər nazirinin müavini vəzifəsində çalışmış, daha sonra akademik fəaliyyətə üstünlük vermişdir. Qardaşların qalan ikisi özlərini elmə həsr etsələr də, onlardan birinin – Fazilin Larincaninin ortaya çıxan korrupsiya skandalları bütün ailənin siyasi karyerasına kölgə salmış və mövqelərini xeyli zəiflətmişdi.
Bununla belə, Laricanilər İran siyasətində önəmli rol oynamaq qabiliyyətinə malikdirlər və onlar bu güclərini atalarından qalan hörmət sayəsində məhkəmlədiblər. Məlumata görə, ata Laricani ayətullah Mirzə Haşim Amuli Nassir Məkarim Şirazi, Abdullah Cevad Amuli, Həsən Həsənzadə Amuli, Məhəmməd Damad və Məhəmməd Yəzdi kimi İranda hələ də həyatda olan ən böyük din xadimlərinin müəllimi olub və bu münasibətlər ailəvi bağlarla möhkəmləndirilib. Dolayısıyla, İranda Laricani klanı mövcuddur və onları tamamilə sıradan çıxarmaq asan məsələyə oxşamır.
Göründüyü kimi, İranın ABŞ-ın sanksiyalarına qarşı dirəniş strategiyalarını həyata keçirmək üçün qarşısında çox böyük əngəllər var. Ən böyük əngəl isə korrupsiyalaşmış məmur sinfi və klanlararası mübarizədir. İran bu əngəlləri aşa biləcəkmi? Bunu zaman göstərəcək.
Aydəm İSMAYILOV
Fəlsəfə üzrə elmlər doktoru
Paylaş: