Türkiyə erməniləri öz yeni patriarxlarını seçmək problem ilə qarşı-qarşıya qalıblar.
Ovqat.com-un bildirdiyinə görə, bu ilin 8 mart tarixində vəfat edən Mesrob Mutafyanın varisini seçmək zərurəti erməni icması arasında ciddi ixtilafa səbəb olub.
Bəzi erməni ruhaniləri 11 dekabr 2019-cu il tarixində keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşarkən, bəziləri isə seçkilərə dövlət müdaxiləsi bəhanəsi ilə bu prosesə qarşı çıxırlar. Görünən budur ki, 12-13 namizədin iştirak edəcəyi gözlənilən seçkilərdə uduzan tərəflərin hər biri yeni partiarxın legitimliyini eyni bəhanə ilə şübhə altına alacaq və bu da Türkiyədəki erməni kilsəsinin təsir gücünü azaldacaq.
Patriarx seçkisinə dövlət müdaxiləsi bəhanəsinin ortaya çıxmasının maraqlı bir tarixçəsi var. Bildirildiyinə görə, 14 oktyabr 1988-ci il tarixində patriaxr postuna seçilən Mesrob Mutafyanın 20 ildən sonra səhhətində problem aşkarlanmışdı. Onun demensiya xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşdirilmişdi. Demensiya xəstəliyi isə sağalmaz zehni patoloji sindrom olduğundan patriaxrın dini vəzifələrini yerinə yetirmək imkanlarının mümkünlüyü mübahisə mövzusuna çevrilmişdi. Həmin il Mutafyanın sağlıq durumunu yoxlayan həkimlər onun iş qabiliyyətini itirməsi barədə raport vermişdilər. Beləcə, erməni icmasında yeni patriarxı seçmək mübahisəsi yaşanmışdı. Erməni Ruhanilər Məclisinin bir qrup üzvləri seçki keçirilməsi ilə əlaqədar imzatoplama kampaniyasına başlamış və toplanan 10 min imza millət vəkili Ufuk Uras vasitəsilə Türkiyə parlamentinə təqdim olunmuşdu. Parlament isə patriarxlığın Nizamnaməsində belə bir tələbin olmadığını əsas gətirib Mesrob Mutafyanın ölümünə qədər bu seçkilərin keçirilməsinin mümkünsüzlüyünə qərar vermişdi. Mesrob Mutafyan da ağlı özünü idarə edə bilməyəcək şəkildə 11 il həyatda qalmağı bacarmışdı. Dolayısıyla Türkiyə erməniləri bir ağıl xəstəsi tərəfindən idarə olunmuşdu.
Nəhayət, bu ilin qadınlar bayramı Türkiyə erməniləri üçün qara gəlmişdi. Dünyanın bir çox xalqları kimi, Ermənistan erməniləri də qadınlar bayramını qeyd etdikləri gün Mesrob Mutafyan canını tapşırmış və seçkilərin keçirilməsi zərurəti yenidən doğmuş, bitib-tükənməyən seçki müzakirələrinin əsası qoyulmuşdur.
Seçki gərginliyinin əsas səbəbi barədə erməni icmasında fərqli iddialar var. Bəziləri bu ziddiyyətlərin kilsə daxilindəki vəziyyətdən və Nizamnamə yetərsizliyindən, bəziləri isə dövlətin seçkilərə müdaxiləsindən qaynaqlandığını düşünürlər. Birincilərin başında Türkiyə Erməniləri Patriarxlığının Ruhanilər Məclisinin sədri Baş piskopos Aram Ateşyan dayanır. O, erməni icmasında tərəfdaşlıqların hökm sürdüyünü idda edərək seçki gərginliyinin əsl səbəbini partiarxlığın Nizamnaməsinin yoxluğunda axtarır:
"Erməni Patriarxlığının hüquqi şəxsiyyəti, yəni rəsmi statusu yoxdur. Dolayısıyla bir Nizamnaməsi də yoxdur. Buna görə də müxtəlif səbəblərdən patriarx seçimi zərurəti yarananda hansı qaydaları əsas götürəcəyimizi bilmir, fəaliyyət çərçivəsi formalaşdırmaqdan mərhumuq. İcma olaraq, necə deyərlər, sudan çıxmış balığa bənzəyirik".
Qeyd edək ki, Baş piskopos Aram Ateşyan Merob Mutafyanın xəstəliyi səbəbiylə patriarx boşluğu yaşayanda Türkiyə Erməniləri Patriarxlığının Ruhanilər Məclisinin sədri təyin olunub. Dolayısıyla Türkiyə ermənilərini son 11 il ərzində ağıl xəstəsi partiraxın yerinə, o idarə edib. Məntiqlə, yeni partiarxın yerinə ən şanslı namizəd ola biləcək və seçki məsələsinin dalana dirənməsindən ən çox itirəcək olan da Aram Ateşyandır. Sitat gətirdiyimiz fikirlərindən də aydın olur ki, ən xırda bəhanələrdən Türkiyənin əleyhinə istifadə edən bir çox erməni liderlərindən fərqli olaraq, Aram Ateşyan yaşanan problemlərə daha obyektiv yanaşır və iddialarının qərəzli təbliğat kampaniyasının şüarı olduğuna eyham vuraraq deyir: "Yazılı qaydalar olmayınca, həyata keçirilən bəzi təcrübələr seçki prosesinə müdaxilə dərk edilir. Əslində isə bütün seçki proseslərində cəmiyyətdə labüd olaraq bəzi qruplaşmalar və tərəfdaşlıqlar yaranır. Bütün bunların işığında dövlət müdaxiləsi arqumentinin zaman-zaman təbliğat vasitəsinə çevrilməsi gözlənilməz deyil”.
Erməni əsilli siyasətçi və yazar Murad Mıxçı isə Aram Ateşyanın bu fikirləriylə qətiyyən razılaşmır. Onun fikrincə, 12-13 patriarx namizədinin seçkiyə qatılmaq hüququna İcra Hakimiyyətin icazə verib verməyəcəyi şübhəlidir. Belə bir başıboşluq kilsələrin və fondların zəifləməsinə yol açır və cəmiyyətin öz daxili dinamikləri arasında mübahisələr alovlanır. Bunu şüurlu şəkildə həyata keçirilən bir taktika olaraq görürəm. Haqqımız qəsb edilir”.
Maraqlıdır ki, 11 il dəli patriarx tərəfindən idarə olunan İstanbul Patriarxlığı ermənilərin hazırda 3 önəmli dini mərkəzindən biridir. Osmanlı hökmdarı Fateh Sultanı Məhmədin İstanbulu almasından sonra Bursadan bu şəhərə daşınan patriarxxanaya indiki yüksək statusu verən də türklər olmuşdur. Məlumata görə, İstanbulun fəthindən əvvəl Bursada yerləşən bu kilsə baş piskoposluq ünvanı daşıyırdı. İstanbula köçürüldükdən sonra isə Fateh Sultan Məhməd ona patriarxlıq status verir.
Ortodoks xristinalığı ənənələrinə görə, patriarxlıq katogikosluqdan sonra ikinci böyük dini statusdur. Ermənilərin tarix boyu 3 katogikosluğu olub. Bunlardan biri Eçmiyazin, digərləri isə Axdamar və Sis Katogikosluqlarıdır. Hazırda Axdamar və Sis Katogikosluqları yox olduğundan ən böyük erməni dini kilsəsi Ermənistanda yerləşən Eçmiyazindədir. Eçmiyazindən sonra iki erməni patriarxlığı var ki, bunlardan biri Qüdsdə, digəri isə İstanbulda fəaliyyət göstərir. Dolayısıyla erməni dini hegemoniyasının 2-ci və ya böyük statusunu daşıyan İstanbul Partiarxxanasının 11 il bir dəli tərəfindən idarə olunması ağıllarda durğunluq yaradır.
Keçmiş patriarxın bir dəli olduğunu isə özümüzdən çıxarmırıq. Onun demensiya xəstəliyindən əziyyət çəkdiyi rəsmən təsdiqlənib. Demesiya sözünün özü belə latınca “ağılsızlıq” deməkdir. Xəstəliyin xarakteri tibbi ədəbiyyatlarda bu cür ifadə olunur: “ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom. Demensiya - psixi funksiyaların beynin zədələnməsi nəticədə çökməsidir”.
İstanbul Patriarxlığının bu vəziyyətə salınması və erməni dini rəhbərinin seçilməsinə müdaxilənin Türkiyədən gəldiyi barədə deyilənlər isə yuxarıda da qeyd etdiyimiz kimi, ən yüksək səlahiyyətli erməni dini liderləri tərəfindən şübhə altına alınır. Türkiyə Erməniləri Patriarxlığının Ruhanilər Məclisinin sədri Aram Ateşyanın sitat gətirdiyimiz fikirləri bunun ən bariz sübutudur.
Tarixə nəzər salanda, türklərin həqiqətən də İstanbul Patriarxxanası ilə düşmənçiliyinin olmadığı bir daha təsdiqlənir. İstər Osmanlı dövründə, istərsə də Atatürk Türkiyəsində İstanbulun xristianlığın dini mərkəzinə çevrilməsinə xüsusi diqqət ayrıldığını görə bilərik. Xüsusilə Osmanlı dövləti bütün dinləri öz ətrafında toplamağı dünya hegemoniyasına iddiasının əsası hesab edib. 500 illik tarixi təcrübə türk insanlarını başqa dinlərə sayğısının əsasını qoyub və multikulturalist düşüncə tərzinə yiyələndirib.
Hətta Osmanlı dövlətinin Çaldıran döyüşündən sonra indiki Ermənistan torpağına hakim olmasıyla İstanbul kilsəsinin Eçmiyazindən belə, ön plana çıxarmağa çalışması da sirr deyil. Elə o vaxtdan Eçmiyazin kilsəsi ilə İstanbul Partiarxxanası arasında indiyədək davam edən ədavət başlamışdır. Ermənistandakı ruhani dairələr bu gün də İstanbul patriarxlığının Osmanlı dövründə ortaya çıxdığını və dünya erməniləri üzərində heç bir yetkisinin olmadığını vurğulayırlar.
O da sirr deyil ki, digər ortodoks kilsələri də İstanbulun fəthindən əvvəl Fateh Sultan Məhmədin hüzuruna gedib ona xeyir-dua verən və bu hərəkətinə görə patriarxlıq ünvanı ilə mükafatlandırılan Bursa ermənilərinin lideri Hovagimin bu addımını xristianlığa xəyanət kimi qiymətləndirir, İstanbul kilsəsinin legitimliyinə şübhə ilə yanaşırlar. Dolayısıyla bu partarxlığın məhvi erməniləri öz ağuşuna almaq istəyən Türkiyəyə deyil, türk düşmənçiliyi ilə mövcudluğunu sürdürmək istəyən Eçmiyazinə və onun ortodosk dostlarına daha çox lazımdır. Məhz buna görə də Aram Ateşyanın günahı daxili amillərdə axtarmasının səbəbi başadüşüləndir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: