Xəbər lenti
Dünən, 19:25

 

Əbülfəz Elçibəy: «Etibar bəy bu günün Etibarı deyil. O, millətin vicdanının gözüdür».

 Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının üzvü

Artıq bir müddətdir ki, istər sosial şəbəkələrdə, istərsə də elektron KİV-də AMİP lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdacağı ilə bağlı geniş müzakirələr aparılır. Etibar Məmmədovun yenidən siyasi prosesslərin önündə dayanmaq istəyib-istəməməsini deyə bilmərəm. Bu təbii olaraq Etibar bəyin şəxsi qərarı olacaq və bu qərar da cəmiyyətdən gələn sosial sifarişin nə qədər real və təsirli olacağına bağlıdır.

Görünən odur ki, bu xəbərlərdən AMİP-çilər və ümumilikdə Etibar Məmədov tərəfdarları nə qədər şad olsa da, əks cinahda dayanan qüvvələr bir o qədər narahatlıq keçirir. Mövcud hakimiyyətdə olan qüvvələrin, onların trol dəstələrinin, “müxalifət” cinahında aylıq hesab alaraq hakimiyyətin sifarişlərini yerinə yetirən siyasi partiyaların Etibar Məmmədovla bağlı keçirdikləri narahatlıq başa düşüləndir. Çünki Etibar Məmmədovun aktiv siyasətə qayıtması, heç şübhəsiz ki, onun ətrafında yeni güc mərkəzinin yaranması ilə nəticələnəcək. Bu da nə mövcud hakimiyyətin, nə də firqə və şəxsi maraqlarla yaşayan bir çox müxalifətçilərin maraqlarına cavab vermir.

Hakimiyyətin Etibar Məmmədovun əleyhinə istifadə edəcəyi hər hansı bir arqumenti yoxdur. E.Məmmədov heç vaxt hakimiyyətdə təmsil olunmayıb. Bu fakt hakimiyyət təmsilçilərini onu da 1992-1993-cü illərdə Azərbaycandakı vəziyətdə günahlandırmaq imkanından məhrum edir. Odur ki, Etibar Məmmədovun ünvanına olan ittihamlar əsasən müxalifət düşərgəsindəki dostlarımız və onların sosial şəbəkələrdəki trolları vasitəsilə səsləndirilir. İttihamlar isə 25 ildən artıqdır ki, dəyişmir. 1993-cü il, AXC-Musavat hakimiyyətinin süqutu, AMİP-in həmin hakimiyyəti müdafiə etməməsi və s. Bu ittihamlara dəfələrlə tutarlı cavablar verilsə də, bir daha həmin dövrdə AMİP-in və Etibar Məmmədovun tutduğu mövqeni oxucuların nəzərinə çatdırmağı lazım bilirəm.

İlk olaraq ondan başlayaq ki, 1992-ci ildə Etibar Məmmədov da prezidentliyə namizəd olub və Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi elan olunduqdan sonra namizədliyini geri götürüb. Bununla da Əbülfəz bəyin prezidentliyə gedən yolunu asanlaşdırıb.

 

AMİP-i satqınlıqda və xəyanətdə ittiham edənlərin nəzərinə çatdırım ki, AMİP, AXC-Musavat hakimiyyətində təmsil olunmayıb və müxalifətdə olub. Müxalif partiya olaraq AMİP 1992-1993-cü illər ərzində dəfələrlə hakimiyətin bu və ya digər sahədəki fəaliyyətini tənqid edən bəyanatlarla çıxış edərək problemlərin aradan qaldırılması istiqamətində qəti addımların atılmasını tələb edib. Lakin Etibar Məmmədovun KQB arxivlərinin açılması, komunistlərin uzaqlaşdırılması üçün parlament seçkilərinin keçirilməsi ilə bağlı və digər tələbləri cavabsız qalır.

1993-cü ilin 4 iyunu ərəfəsində Etibar Məmmədov hakimiyətin Gəncədə əməliyyat hazırladığını və bu əməliyyatın yaxşı heç bir nəticə verməyəcəyini bildirir və dayandırılmasını tələb edir. Hakimiyyət rəsmiləri isə hər hansı əməliyatın hazırlanmadığını bildirərək Etibar Məmmədovu yalan danışmaqda ittiham edirlər. Nəhayət, bu il Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayır. Əülfəz bəyin həmin iclasdakı çıxışından qısa bir sitatı nəzərinizə çatdırmaq istəyirəm. Əbülfəz Elçibəy: “709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.” Göründüyü kimi, 709-cu briqadanın tərksilah edilməsi ilə bağlı əməliyyat hazırlanıb və nəhayət, həmin əməliyyat 4 iyunda həyata keçirilib.

 

Bəs Sürət Hüseynov kim idi?

Sürət Hüseynov Əbülfəz Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Milli Qəhrəmanı adı almış, Prezident Əbülfəz Elçibəy tərəfindən baş nazirin müavini, Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi təyin olunmuş adam idi.

Qayıdaq 4 iyuna. Beləliklə, 4 iyunda Gəncədə əməliyyat keçirilir və həmin əməliyyat AXC-Musavat hakimiyyətinin süqutu ilə nəticələnir.

Göründüyü kimi, 709-cu briqadanın tərksilah edilməsi ilə bağlı əməliyyat hazırlanıb və nəhayət, həmin əməliyyat 4 iyunda həyata keçirilib.

Ümumiyyətlə 1993-cü ildə nə baş verdiyini xatırlamaq və ittihamlara cavab vermək üçün AXCP sədri Əli Kərimlinin bu ilin 18 iyun tarixində verdiyi video müsahibədən bəzi sitatları nəzərinizə çatdırmaq istərdim.

 

Əli Kərimli: “Hələ qiyamdan bir neçə gün əvvəl Dövlət Müdafiə Komitəsinin iclasında bir sıra hərbi hissələrin Sürət Hüseynova sədaqət andı içməsi barədə məlumat vermişəm... Çox təəssüf ki, hərbi hissələrin tərksilah olunması ilə bağlı əməliyyat məndən xəbərsiz baş verib və o əməliyyatı bir başqaları həyata keçirdilər. Onlar bir neçə dəfə toplaşıblar, plan qurublar, əməliyyat keçiriblər və əməliyatı da çox uğursuz həyata keçiriblər. Bütün bunlar mənim iradəmdən kənar baş verib. Həm əməliyyatın keçirilməsi, həm də Heydər Əliyevin Bakıya dəvət olunmasında iştirak etməmişəm....

İyunun 16-da Müdafiə Nazirliyində zabitlər “biz bu işə qarışmırıq” deyəndən, başqa sözlə, Ali Baş Komandan Əbülfəz Elçibəyə itaətsizlik göstərdikdən sonra Əbülfəz bəy ayın 17-də Bakını tərk edəndə də məndən xəbərsiz baş verib hər şey....

Bizim hakimiyyət dönəmində KQB arxivlərinin açılmaması ilə bağlı bildirim ki, mən həmin dövrdə arxivlərin açılmasının tərəfdarı olmuşam. Bizi tənqid edirlər ki, niyə hakimiyyətiniz dönəmində parlament seçkiləri keçirmədiniz. Bildirim ki, mən hələ Prezident aparatında şöbə müdiri olduğum vaxt parlament seçkilərinin keçirilməsini istəmişəm... Mən elə öz hakimiyyətimiz dönəmində də ayrı-ayrı dövlət idarələrində baş verən qanunsuzluqlara, indiki ilə müqayisədə kiçik də olsa korrupsiya əməllərinə çox barışmaz yanaşmışam....

Mən etiraf edirəm ki, həmin dövrdə Prezident Aparatının keçirdiyi bütün sorğular göstərirdi ki, Heydər Əliyevin reytinqi çox yüksəkdir... Prezident aparatının qarşısında bizim hakimiyyətə, Əbülfəz Elçibəyə dəstək mitinqi elan olunmuşdu. Həmin mitinqə cəmi on min ətrafında adam gəlmişdi. Bir il öncə 59% səslə seçdikləri Prezidentin müdafiə olunması üçün cəmi 10 min nəfər adam toplanmışdı”. 

Əli Kərimlinin dedikləri ilə aşağıdakı linkdə tanış ola bilərsiz.

İndi gəlin, həmin dövrdə baş verənləri ümumiləşdirməyə çalışaq. Göründüyü kimi, AXC-Musavat hakimiyyətində dövlət katibi postu tutmuş Əli Kərimli özünün qısa müsahibəsində həmin dövrdə nə baş verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Ölkədə hakimiyyətdən narazılıq, məmur özbaşınalığı və korrupsiya meylləri var (Əli bəy həmin korrupsiya faktlarının bu günki ilə müqayisə olunmayacaq dərəcədə az olduğunu desə də, gəlin, onu da unutmayaq ki, həmin illərdə ölkədə olan maliyə kütləsi də bugünkü ilə müqayisə olunayacaq dərəcədə az idi). Hərbi hissələr bir-birinin ardınca Sürət Hüseynova sədaqət andı içir, Müdafiə Nazirliyi prosesslərə qarışmaqdan imtina edir və faktiki olaraq prezidentə itaətsizlik göstərilir. AXC-Musavat hakimiyyətinin baş prokuroru İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsi ilə bağlı sanksiya verir (Xüsusi olaraq qeyd edim ki, baş prokurorun bu sanksiyasından sonra məhz Etibar Məmmədov həmin sanksiyanın qanunsuz verildiyini və baş prokurorun dərhal vəzifəsindən azad olunmalı olduğunu bəyan edib). Hakimiyyətin qorunması üçün xalqa edilən müraciətdən sonra prezident aparatının qarşısına cəmi on min civarında adam toplaşır ki, bu da xalq kütlələrinin həmin hakimiyyətə inamının olmamasının göstəricisidir. Milli Məclisin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseyn istefa verir, Əbülfəz bəy Bakını tərk edir və ölkə tamamilə başsız qalır.

 

Bütün bu sadalananlardan sonra həmin hakimiyyətə müxalifətdə olan AMİP-i AXC-Musavat hakimiyyətini qorumamaqda ittiham etmək nə dərəcədə məntiqlidir? Etibar Məmmədovu Heydər Əliyevi Bakıya dəvət etməkdə günahlandıranlar özləri də kifayət qədər yaxşı bilirlər ki, Heydər Əliyev Naxçıvandan Əbülfəz Elçibəyin, İsa Qəmbərin və Pənah Hüseynin dəvəti ilə gəlib və dəvətdə də məqsəd hakimiyyəti bölüşmək olub. Heydər Əliyevin 1993-cü ilin iyun ayında parlamentdəki çıxışını yəqin ki, xatırlayırsınız. Xatırlamayanlar üçün bir daha xatırladım.  Heydər Əliyev: “...Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Məndən dəfələrlə İsa Qəmbərov, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlim və burada vəzifə tutum”. 

Çıxışın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilrsiz.

Növbəti ittiham Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar qanun layihəsi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, Əbülfəz bəyin Bakını tərk etməsindən sonra ona ilk müraciət edən də məhz Etibar Məmmədov olub. O dəfələrlə Əbülfəz bəyin Bakıya qayıtmasının vacibliyini onun nəzərinə çatdıraraq, təhlükəsizliyi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib. Məhz Etibar bəyin bu təşəbbüsündən sonra Parlamentin iclasında Əbülfəz bəyə müraciət ünvanlanır və ondan səlahiyyətlərinin icrasına davam etmək üçün Bakıya qayıtması xahiş olunur. Həmin müraciət lehinə 36, əleyhinə - 0, bitərəf – 2 nəfər olmaqla qəbul edilir. Amma Əbülfəz Elçibəy Bakıya qayıtmaqdan imtina edir.

İndi hörmətli oxucuları həmin dövrü təsəvvürlərində canlandırmağa çağırıram. Ölkədə müharibə gedir, Ermənistan başda olmaqla düşmən qüvvələr ölkəni parçalamq, “Ləzgistan” , “Talış Muğan respublikası”, Kürdüstan və s. kimi subyektlərə bölmək istəyir. Ölkə isə başsızdır. Etibar Məmmədov nə etməli idi? Müharibə gedən və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin ana müxalifət partiyası və onun sədri Etibar Məmmədov susub yenicə müstəqiliyini əldə edən Azərbaycanın məhv olmasınımı izləməli idi?

 

Hakimiyyət boşluğunun aradan qaldırılması vacib və zəruri idi. Etibar Məmmədov da öz fəaliyyəti ilə məhz Azərbaycanın gələcəyini düşünərək ən düzgün addım atıb. Əgər Etibar Məmmədov da bu gün şəxsi və firqə maraqlarından çıxış edənlər kimi düşünsəydi, Heydər Əliyev tərəfindən ona təklif olunan vəzifə təkliflərini qəbul edər və hakimiyyətdə təmsil olunardı.

İndi siz deyin: söhbət hansı xəyanətdən gedir? Etibar Məmmədovun 1993-cü ildəki fəaliyəti niyə xəyanət hesab olunur? Xəyanət - bilirsiz, nədir? Xəyanət - Etibar Məmmədovun Moskvada həbs olunması zamanı AXC İdarə Heyətinin adından Kremlə vurulmuş teleqram idi. Xəyanət - komunistlərlə hakimiyyət bölgüsünə getmək idi. Xəyanət - şəxsi maraqlardan çıxış edərək ölkədə parlament seşkiləri keçirməmək idi. Xəyanət - 1998-ci il prezident seçkilərində Etibar Məmmədovun uğurundan sonra onu müdafiə etməmək və AMİP-i meydanlarda tək qoymaq idi. Xəyanət - Azərbaycanın tarixində əvəzsiz xidmətləri olmuş şəxsləri ləkələmək, onları gözdən salmaq üçün aparılan kampaniyaya dəstək verməkdir. Bax bunlardır xəyanət.

Bu gün dürüstlükdən, qərəzsizlikdən dəm vuran bəzi siyasilərə müraciət edirəm: sizlər heç olmasa bir dəfə də olsun Etibar Məmmədovun Azərbaycanın müstəqillik əldə etməsindəki xidmətləri, onun müstəqilliyimizin tanınmasındakı fəaliyyəti, ordu quruculuğunda və ordunun silahlandırılmasındakı rolu ilə bağlı çıxış etmisinizmi? - Yox. Çünki sizlərin məqsədi ancaq və ancaq başqalarını əsassız ittihamlarla gözdən salmaqla özünü üstün göstərməkdən ibarətdir.

 

Ümumilikdə Etibar Məmmədovun 1993-cü ildəki mövqeyinə ən düzgün qiymət mərhum prezident Əbülfəz Elçibəy tərəfindən verilib. 1997-ci ildə Kələkidən qayıdan Əbülfəz bəy AXCP sədri olaraq AMİP-lə əməkdaşlıq haqqında saziş imzalayır. Diqqət edin, heç bir partiya ilə yox, məhz AMİP-lə və bununla da bütün ittihamlara nöqtə qoyur. Bu saziş Etibar Məmmədovla bağlı Əbülfəz bəyin adından manipulyasiya edənlərə ən tutarlı cavab idi.  

Bu gün Etibar Məmmədovun qayıdacağından narahat olanlar düşünməlidir ki, onun kənara çəkilməsindən keçən 15 il ərzində Azərbaycan müxalifəti ilbəil zəifləyərək acınacaqlı duruma düşüb. Onun qayıdışı Etibar Məmmədova inanan kifayət sayda insanların da yenidən aktivləşməsinə və ümumilikdə müxalifətin güclənməsinə xidmət edər. Bundan narahat olanları və bu qədər açıq şəkildə qısqanclıq nümayiş etdirənləri də başa düşürəm. Amma narahat olmayın. Əksinə, onun qayıdışından sonra hakimiyyətdəki sahibləriniz daha çox təşviş keçirəcək, bununla da hər ay aldığınız “hesab”ın da məbləği artmış olacaq.




Ana səhifəyə qayıt        Baxış: 7 841          Tarix: 16-09-2019, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma