Xəbər lenti

 

“51-ci erməni olimpiadası”nın Tehranda təşkil olunmasının səbəbləri

16 sentyabr 2019-cu il tarixdə İranın paytaxtı Tehranda təşkil olunan “Erməni olimpiadası” on gün davam edəcək. 9 idman növü üzrə 800 atlet bu yarışlara qatılacaq. İran, Ermənistan, Gürcüstan, Livan, Misir, Oman, İraq, Sudan, Yəmən və digər Orta Şərq ölkələrini təmsil edən erməni idmançılar yarışacaqlar. Problemin digər səbəbi isə, qondarma “Dağlıq Qarabağ rejimi”nin idmançılarının bu yarışlarda təmsil olunmasıdır. Hətta idman geyimlərində “Artsax” yazılmış idmançılar qondarma rejimin bayrağı ilə təmsil olunurlar.

Tehran rejiminin ermənilərə olan dərin sevgisi əvvəlki illərdə də keçirilmiş bu idman yarışlarında özünü göstərib. Belə ki, molla rejiminin idman naziri Məsud Soltanifər 2016-cı ildə “Erməni olimpiadası”nda açılış nitqi ilə çıxış etmiş və bunları demişdi: “Erməni və fars xalqlarını tarixi köklər birləşdirir. Biz fərqli dinləri təmsil etsək də, genetikamızın, dilimizin və etnik mədəniyyətimizin köklərindən ayrı deyilik. Ermənilər tarix boyu İranda öz təbii haqları ilə farslarla birgə həyat tərzinə malik olublar. Tolerantlığımızın əsil səbəblərindən biri də budur. İran hakimiyyəti hər zaman qardaş erməni xalqına dəstək olub. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, ermənilər İranda özlərini təhlükəsiz şəraitdə hiss ediblər (mənbə: https://rusarminfo.ru/2017/09/15/armyanskaya-olimpiada-v-tegerane-sobrala-bolee-750-sportsmenov/). Onu da qeyd edək ki, bu yarışlar həm də ölkənin rəsmi dövlət televiziya kanalları, informasiya agentlikləri və qəzetləri tərəfindən günün başlıca hadisəsi kimi təqdim edilmişdi. Hətta bəzi dövlət televiziya kanalları Tehrandakı “Ararat” stadionundan yarışların açılış mərasimini canlı yayımla təqdim etmişlər. Bütün bunları dolayı yolla gizlətməyə çalışan Tehran molla rejimi Azərbaycan Respublikasının təpkilərindən yayınmaq istəsə də, hədəfləri baş tutmamışdır. (mənbə: http://www.islam.az/news/a-28073.html).

Qafqaz və Anadoluda erməni-fars maraqları

Tehran molla rejiminin başlıca hədəflərindən biri də Türkiyənin “Qərbi Ermənistan”la bağlı başını qarışdırmaq və Suriya proyektindən uzaq tutmaqdır. Bununla yanaşı həm də Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin geri qaytarılması prosesi ilə bağlı əngəllər yaratmağa çalışır. Ötən həftə Türk Dövlətləri Təhlükəsizlik Şurasının Bakıda yaradılması və mərkəzin Ankarda qurulması Tehran molla rejimini və Ermənistanı əməlli-başlı əndişəyə salıb. Azərbaycan, Qazaxstan, Qırğızstan, Türkiyə, Özbəkistan və Türkmənistanın bir araya gəlməsi anti-türk qafalı mərkəzlərin ciddi narahatçılığına səbəb olub. Halbuki, Türk Dövlətləri Təhlükəsizlik Şurası Qafqaz, Orta Asiya və Orta Şərqdə sonu bitib-tükənməyən terrorizm, radikalizm və digər anti-bəşəri siyasətlərin qarşısının alınması üçün birlikdə fəaliyyət strategiyasının hədəflərindən yaranıb. Artıq hər kəsə bəllidir ki, harada Tehran molla rejimi və ya Ermənistanın əli varsa, orada terrorizm ön sırada yer alır. Ona görə də Ermənistan və Tehran molla rejimi Anadolu və Qafqazda yeni münaqişələrin yaranması, terror yuvalarının daha sərt şəkildə hərəkət etməsinə çalışmaq üçün bir araya gəlib. Dağlıq Qarabağla bağlı Qərbin öncələr bir qədər yalnış mövqe tutmasının artıq hər kəs fərqindədir. ABŞ başda olmaqla Tehran molla rejiminə qarşı tətbiq olunan embarqolar da məhz bununla bağlıdır. Çünki Suriya böhranının və “Qarabağ sindromu”nun ədalətli həlli həm də Ermənistanın təzcavüzkar siyasətinin və İranın qonşu dövlətlərə qarşı ekspansionist strategiyasının sonu deməkdir. Tehran molla rejiminin “İran islam inqilabının ixracı” adlı doktrinası 40 ildir davam edir. Bu yöndə İran hakimiyyəti hər il milyardlarla dollar vəsait xərcləyir.

İsfəhandakı “Yeni Culfa” hədəfləri

Sözdə “məzlum xristian icması” statusu ilə hərəkət edən İran adlı ölkədəki ermənilər son illərdə Tehran molla rejiminin dəstəyi ilə Azərbaycan Respublikası və Türkiyə ilə sərhəd bölgələrdə “qədim erməni abidələri”, “məzarlıqları” və “erməni mədəniyyətinin izləri” adlı layihələri həyata keçirir. Beynəlxalq birlik qarşısında “xristian faktoru”nu qabartamaqla əslində, adıçəkilən bölgələrdə türk düşmənçiliyi hədəflərini ortaya atır. Qafqaz Albaniyası tarixi və protoxristian türk mədəni sisteminə məxsus abidələri bərpa etməklə yanaşı, dünyanın dörd bir yanından erməni turistlərin həmin bölgələrə səfərlərinin təşkil edilməsi, bu barədə filmlərin çəkilib dünyanın bir çox ölkələrinin telekanallarında nümayiş etdirilməsi məhz bu hədəflərə xidmət edir. Faktiki olaraq, Güney Azərbaycanın Culfa, Mərənd, Səlmas, Xoy, Urmu, Zunuz, Yamçı, Yekan, Köşksaray, Marağa, Çaypara, Qoşaçay, Sulduz, Makı və digər şəhərlərində Tehran molla rejimi tərəfindən “qədim erməni tarixi” ilə bağlı bir çox layihələr həyata kelirilib. Bütün bunlar İsfəhandakı “Yeni Culfa Erməni Kilsəsi Yeparxiyası”nın nəzdində yaradılmış “erməni irsi mərkəzi” tərəfindən hazırlanır. 2019-cu ilin aprelində Ermənistanda 20 ildir hakimiyyətdə olan “hərbi xunta rejimi” devrildikdən sonra, “Daşnaksütyun Partiyası”nın mərkəzi qərargahının Tehrana köçülürülməsinin ardından ermənilərin Orta Şərqdə terror təşkilatlarının fəaliyyəti də gücləndirilib. Suriya, İraq və Livanda erməni icmaları, işadamları, müxtəlif təşkilatları faktiki olaraq bu partiya tərəfindən nəzarətə alınıblar. Beləliklə, Dəməşq, Beyrut, Bağdad üçbucağı İsfəhandakı “Yeni Culfa” erməni yeparxiyası tərəfindən uzlaşdırılaraq idarə olunur. Tehran molla rejimi isə Güney Azərbaycan siyasətinin üzərinə daha dərin basqılarla getməklə erməni-fars işbirliyini mümkün qədər qapalı tutmağa çalışır.

Dünya ermənilərinin gözü Tehranda

Ötən illərdən fərqli olaraq, bu dəfə Tehranda kerçirilən “51-ci erməni olimpiada oyunları” xüsusi qaydada fərqlənir. Bu dəfə Tehrandakı “Ararat” stadionunda qondarma “Dağlıq Qarabağ rejimi”nin dövlət bayrağının dalğalanması o deməkdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə İran molla rejimi bütün imkanları ilə mane olmağa çalışacaq. Ermənistanda bir il öncə hakimiyyətdən uzaqlaşdırılan “hərbi xunta” rejiminin bu dəfə qondarma “Dağlıq Qarabağ”dakı 29 illik iqtidarına son qoyulması vacib şərtlərdən birinə çevrilib. Tehran molla rejimi terrorçu separatçıların yanında durmaqla öz hakimiyyətini qorumağa çalışır. Çünki Qarabağ probleminin həlli həm də dünyada bir çox etnik bölücülük siyasətlərinin sonu ola bilər. 40 illik hakimiyyətlərin sonunun uzada olmayacağını görən Tehran molla rejimi mümkün qədər zaman qazanmağa çalışır. Ona görə də Livan, Əfqanıstan, Suriya, İraq, Yəmən, Oman, Sudan, Fələstin və böhranların davam etməsində maraqlı tərəf kimi çıxış edir. Dağlıq Qarabağ məsələsi də bu siyahıda xüsusi yer alır. Bu il sentyabrın 16-26 aralığında Tehranda düzənlənən “51-ci erməni olimpiya oyunları” yarışlarının təşkili də həmin siyahıya dünya ermənilərini cəlb etmək üçündür. Katolik kilsəsinə bağlı ermənilərdən savayı dünya ermənilərinin çoxunun gözü hal-hazırda Tehran molla rejiminin hansı addımları atacağına dikilibdir. Hətta bu yöndə İran molla rejimi genişmiqyaslı təbliğatlar üçün çoxlu vəsait ayırıb. Rusiya, Argentina, Ukrayna, Hindistan, İspaniya, Gürcüstan, Uruqvay, Kanada və başqa ölkələrdəki erməni işadamlarının və cəmiyyətlərinin Orta Şərq bazarında İran molla rejiminin yanında yer alması hədəfləri sərgilənməkdədir. Tehran molla rejimi tərəfindən irəli sürülən “Farsdilli ölkələr bloku” ideyası iflasa uğradığı üçün, bu dəfə ermənilərlə strateji birlik yaratmağa çalışır. Tehran molla rejimi onu da unudur ki, bütün bu cəhddləri bumeranq kimi dönüb özünə dəyəcək. Orta Şərq, Qafqaz və orta Asiya coğrafiyasında Tehran rejimləri heç bir zaman söz sahibi ola bilməyiblər. Xüsusən də ermənilərlə eyni yolda addım atanlar da bundan fayda görməyiblər.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 17-09-2019, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma