“Siyasi mübarizəyə ailə dəyərlərini qatmaq yol verilməzdir. Ailə hər kəsin toxunulmazıdır və buna hamı hörmət göstərməlidir”.
Ovqat.az xəbər verir ki, bunu Ədalət partiyasının sədrinin müavini şair-publisit Heydər Oğuz Fuad Qəhrəmanlı ərtafında aparılan qara piar kampaniyasını şərh edərkən deyib.
Heydər Oğuzun fikrincə, hər bir ailədə söz-söhbətlər olur və bu, ictimai müzakirəyə çevrilməməlidir: “Baxmayaraq ki, bu söz-söhbəti ictimailəşdirən də elə Qəhrəmanlılar ailəsinin üzvləridir. Ancaq gənc bir qızın öz atası barədə dediyi xoşagəlməz fikirləri bu qədər böyütməyə, Fuad Qəhrəmanlıya qarşı çirkin kampaniya mövzusuna çevirməyə ehtiyac yoxdur”.
Azərbaycan ailəsinin hər birində bu cür halların yaşana biləcəyini, gərginliyin hansı səbəbdən doğduğunu müəyyənləşdirməyin mümkünsüzlüyünü və ailə mübhəmlərini araşdırmağa lüzum olmadığını düşünən partiya sədrinin müavini, Fuad Qəhrəmanlının bu şəkildə mənəvi linc edilməsini də düzgün hesab etmir:
“İsa peyğəmbərin məşhur bir zərb-məsəli var: “Kimin günahı yoxdursa, ilk daşı o atsın”. Bilirsiniz ki, İsa peyğəmbər əxlaqsızlıq iddiası ilə daş-qalaq edilən bir qadını qurtarmaq üçün bu sözləri deyib. Əlinə daş alıb daşlama sırasını gözləyən hər kəs məhz bu sözlərdən sonra daşı yerə atıb geri çəkiliblər. Eyni sözləri Fuad Qəhrəmanlını ailə üzvlərinə qarşı şiddətə baş vurmaqda günahlandıranlara da şamil etmək olar. Bilirik ki, Azərbaycan xalqı mühafizəkar ailə dəyərlərinə malik cəmiyyətdir. Qadına əl qaldırmaq nə qədər yaxşı hərəkət olmasa da, böyük əksəriyyətimiz zaman-zaman bu səhvləri etmişik. Hətta atalarımız “qızını döyməyənin dizini döyəcəyinə” inanıblar. Mühafizəkar və patriarxal ailə forması bizim tarix boyu formalaşmış təcrübələrimizdən irəli gəlir. Açıq desək, sitayiş etdiyimiz İslam dini də bunu xoş görüb, hətta ayələrdən birində xanımı vurmağı belə məsləhət bilib. Sözsüz ki, əsrlər boyu formalaşan bu ənənəni bir gündə silib atmaq olmaz. Zamanla Azərbaycan ailəsində də mütərəqqi dəyərlər formalaşacaq, yeni yanaşmalar ortaya çıxacaq. O zaman bu cür hallar da çox olmayacaq. İndi böyük əksəriyyətin evində daha ciddi şiddət hadisələri yaşandığı halda, gənc bir ailə başçısını bu şəkildə təzyiqlərə məruz qoymaq ədalətsizlikdir”.
Fuad Qəhrəmanlının qızının öz atasını publika qarşısında tənqid edəcək qədər cəsarətli və azad olduğunu deyən Heydər Oğuz ailə başçısını tənqid edərkən bu amili də unutmamağı məsləhət bilir. Onun fikrincə, Selcanın bu azadlığı Fuad Qəhrəmanlı üzərində yaradılan vəhşi obrazı ilə üst-üstə düşmür: “Qızının sözlərindən də aydın olur ki, Fuad əslində övladlarının söz azadlığına önəm verən, onlarla müasir qaydada ünsiyyət quran ailə başçısıdır. Fuadı vəhşi kimi təqdim etmək bu mənada ədalətli deyil”.
Fuad Qəhrəmanlının rəhbərliyində yer aldığı partiya tərəfindən yetərli səviyyədə müdafiə olunmadığını düşünən Heydər Oğuz fikirlərini belə əsaslandırdı:
“Xəbər çıxar-çıxmaz Fuad Qəhrəmanlı partiya sədrinin müavinliyindən istefa etdi. Guya, hər şey könüllü şəkildə baş verdi. Azərbaycan reallığında bütün istefaların “könüllülük” prinsipinə söykəndiyini hər kəs bilir. İnanıram ki, Fuad da o cür “könüllü”lərdəndir. Halbuki, Fuad AXCP və öz lideri üçün hər şeyini qurban verib. Onun uzun müddət həbsdə yaşaması, bəlkə də bunun səbəb olduğu ailəvi problemlər, yaşadığı izdirablar... bunların hamısı AXCP-yə sədaqətindən qaynaqlanıb. Kim bilir, bəlkə də bu gün başına gələnlər də onun şantaja boyun əyməməsinin, sınmamasının nəticəsidir. Belə vəziyyətdə adamı ən çox sındıran isə uğrunda hər şeyini qurban verdiyi təşkilat tərəfindən sahib çıxılmamasıdır. Təəssüf ki, Fuada fədakarlığının əvəzini ən ağır ödətdirən də elə onun öz partiyası və lideri oldu”.
Paylaş: