"Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib".
Trend-in məlumatına görə, bunu Göyçay rayonunda keçirilən "Narçılığın inkişafı: qarşıda duran vəzifələr" mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Ovqat.com cənab nazirə xatırlatmaq istəyir ki, üzüm bağları AXCP-Müsavat hakimiyyəti dövründən bir neçə il əvvəl məhv edilmişdi. O vaxt ki, Qorbaçov hakimiyyətə gəlmiş və alkoqolizmə qarşı mübarizəyə start vermişdi. Bu məqsədlə aparılan “intensiv islahatlar” üzüm bağlarının başında çatlamışdı. Bütün SSRİ miqyasında üzüm bağları məhv edilir, yerində başqa məhsullar əkilirdi.
İnam Kərimovun 1977-ci ildə anadan olduğunu nəzərə alsaq, həmin vaxt onun uşaqlıq dövrünə təsadüf edir. Bu mənada cənab nazirin həmin dövrü xatırlamaması başadüşüləndir. Başa düşə bilmədiyimiz isə nazir postunda əyləşən bir şəxsin necə bu cür məsuliyyətsiz bəyanat verməsidir. Kənd Təsərrüfatı nazirinin yaşından qabaq hadisələrdən danışması, məsələni araşdırmadan yalan informasiya verməsi bizi bunun səbəblərini araşdırmağa vadar etdi və qəribə bir məqamla qarşılaşdıq.
Məsələ burasındadır ki, adətən indiki nazirlərin yeri gəldi-gəlmədi AXCP-Müsavat hakimiyyətini tənqid atəşinə tutması yalnız bir halda olur: onlar özlərinə qarşı yaranan inamsızlığın qarşısını almaq, “səhv”lərini kompensasiya etmək üçün keçmişi qaralamağa, AXCP-Müsavat hakimiyyətini pisləməyə çalışırlar. Bəs son zamanlar İnam Kərimovla bağlı nə baş vermişdi ki, o da bu ənənəvi metoda baş vurmuşdur?
Bu sualımıza cavab vermək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bu yaxınlarda nazir üçün əsl soyuq duş effekti verən sürpriz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdən gəlib. Partiya sədri Reaksiya TV-yə verdiyi müsahibədə Kənd Təsərrüfatı nazirini əməlli-başlı yerdən-yerə vurub.
Yadınızdadırsa, bir müddət əvvəl yazdığımız yazımızda İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyini Kef Təsərrüfatı Nazirliyinə çevirdiyini bildirmişdik. Nazirliyi yeni adla təqdimatımızda sadəcə öz təyinatından kənarlaşaraq turizmlə məşğul olduğunu qəsd edirdik. Nazirliyi yeni adda təqdimatımızda isə sadəcə “Aqrar Tədarük və Təchizat” ASC-nın rəhbəri Leyla Məmmədovanın bu sözlərinə söykənmişdik: “Həm maraqlı insanlarla tanış olur, əylənir, həm də təbii qidalardan əldə edirik”.
Hafiz Hacıyev isə Kef Təsərrüfatı Nazirliyinin başqa xüsusiyyətlərini də ortaya çıxarıb. Daha artıq şərhə ehtiyac görmədən Hafiz Haciyevin həmin müsahibəsini təqdim edir və dəyərli oxucularımıza videonun xüsusilə 13.24 dəqiqədən sonrasına baxmağı məsləhət görürük.
Görünür, Hafiz Haciyevin bu ittihamları elə sarsıdıcı olub ki, Kənd Təsərrüfatı naziri ya tarixi yadından çıxarıb, ya da “günahını” bu cür yumaq qərarına gəlib.
Paylaş: