Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ovqat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Məmməd Talıbov bundan əvvəl Meksikada Azərbaycan səfirliyində müvəqqəti işlər vəkili kimi xidmət göstərirdi. O, 2016-cı ildə özünü doğrultmayan fövqaladə və səlahiyyətli səfir İlqar Yusif oğlu Muxtarovu əvəz etmişdi. Meksikadakı əvvəlki səfir isə mərhum xalq artisti Amaliya Pənahovanın oğlu idi.
İlqar Muxtarov Meksikadakı səfirliyə 2009-cu ildə təyin olunmuş və ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilmişdi. Bu fakt İlqar Muxtarova bəslənən böyük ümidlərin göstəricisi idi. Di gəl ki, bu ümidlərin ömrü cəmi 5 il çəkdi. O, 2016-cı ildə geri çağrılsa da, əslində bundan 4 il əvvəl gözdən düşmüşdü.
Səfirin rəsmi Bakıda xəyal qırıqlığı yaratmasının isə çox qəribə bir hekayəsi vardı. Belə ki, İlqar Muxtarovun səyləri sayəsində Mexikodakı "Dostluq" parkının ən görkəmli yerində mərhum prezident Heydər Əliyevin heykəli qoyulmuşdu. Meksika mətbuatının o dövrdə yazdığına görə, Azərbaycan bunun üçün parkın yenidən inşasına 5 milyon pul ayırmışdı, hətta yaxşılaşan münasibətlər fonunda Meksikaya milyardlarla dollar kredit verilməsi belə nəzərdə tutulurdu. Di gəl ki, paytaxt bələdiyyəsi hər şeyi alt-üst etdi. Nəticədə Azərbaycanın 5 milyon pulu, Meksikanın 4 milyard kredit almaq imkanı, İlqar Muxtarovun isə səfirliyi batdı. Çünki bələdiyyə məclisinin qərarı ilə heykəl söküldü və bu hadisə həmin dövrdə beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzuya çevrildi.
Heykəl hadisəsi Azərbaycanda da ciddi rezonansa səbəb olmuşdu. Bir çox siyasilər bu hadisəyə görə hakimiyyəti qınayır, uzun illərdən bəri YAP təbliğatı nəticəsində insanlarımızın şüurunda yaradılan “beynəlxalq imicimizə” zərbə dəymişdi. Hətta heykəl mövzusu ədəbi əsərlərimizdə belə özünə yer tapmışdı. Şair publisist Heydər Oğuzun o dövrdə yazdığı “Heykəl” qəzəli bunun ən bariz sübutlarındandır. Qəzəldə deyilirdi:
“Yanılır, kim düşünür, xatirəsi daşda yaşar.
Büstü min büst arasında dayanar başda, yaşar.
Yaxşı şah heykəli neylər, daşı neylər, əzizim?
Yaxşının heykəli yoxdursa da yaddaşda yaşar.
Doğma yurdunda ürəklərdə yerin yoxsa əgər,
Elə bir abidənin xeyri nə - yad daşda yaşar?
Selə, ya daşqına qurban gedəcək, çarəsi yox,
O kəsin heykəli ki, gözdən axan yaşda yaşar.
Daş deyil, xatirə qoy, Heydər, özündən geriyə
Yaşayan xatirədir qonşuda, qardaşda yaşar”.
Görünür, ictimai rəydə dərin yara açan bu hadisə Meksikadakı fövqəladə və səlahiyyətli səfirimizin diplomatik ömrünə çarpaz xətt çəksə də, bu canvermə prosesi xeyli uzun sürdü – hardasa 4 il. Çünki İlqar Muxtarovun dərhal işindən alınması əlavə söz-söhbətə səbəb ola bilərdi. Heykəlin yıxılmasından 4 il sonra 2016-cı ildə isə ajiotaj xeyli səngimiş və səfir geri çağrılmışdı. Onun yerinə də Məmməd Talıbov müvəqqəti işlər vəkili təyin olunmuşdu.
Bəs müvəqqəti vəkil vəzifəsi nədir?
Gəlin, bu suala cavab tapmaq üçün Vikipediyaya nəzər salaq:
Müvəqqəti işlər vəkili (Fransızca: Chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır.
Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Belə aydın olur ki, 2016-cı ildən müvəqqəti işlər vəkilliyi ilə Meksika-Azərbaycan münasibətlərini düzəltməyə çalışan Məmməd Afiq oğlu Talıbov, nəhayət, özünə bəslənən ümidi doğrulda bilib və ölkə başçısının bugünkü sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin olunub. Elədirsə, növbəti sual doğur: Əcəba, Mexikonun “Dostluq” parkındakı heykəl yenidən bərpa olunacaqmı? Olunmasa, bu, İlqar Muxtarova qarşı haqsızlıq kimi qiymətləndirilə bilər.
Paylaş: