Xəbər lenti
27-11-2024, 19:25

  

"İran ilə İraq millətinin ürəkləri və canları Allaha iman ilə, Əhli-beyt (a.s) və İmam Hüseyn (a.s) sevgisi ilə bir-birinə bağlıdırlar və bu bağ hər keçən gün daha da güclənəcəkdir. Düşmənlər bizim aramıza təfriqə salmağa çıxarmağa çalışır, ancaq bunu bacarmayacaqlar və bütün düşmən planları təsirsiz qalacaq".

Ovqat.com xəbər verir ki, İranın lideri ayətullah Əli Xamneyi dünən yaydığı bəyanatında belə deyib.

Onu bu bəyanatı verəcək qədər narahat edən isə son zamanlar İraqda İran əleyhinə keçirilən aksiyalardır. İrana qarşı kütləvi nümayişlər o həddə çatıb ki, rəsmi Tehran bir neçə gün əvvəl İraqla sərhəddə bütün gediş-gəliş keçidlərini bağlamış, dolayısıyla özünün böyük dövlətə çevrilmək hədəfi olan “Şiə hilalı” strategiyasını belə təhlükə altına qoymuşdu.

 

İranın müxalif media qurumlarının yazdığına görə, ötən həftə İraq əhalisi 25%-lik işsizlik həddi, rüşvərxorluq və kommunal xidmətlərin zəif olması, xüsusilə də ölkə ərazisində işığın tez-tez kəsilməsi kimi sosial problemlərə qarşı etiraz aksiyalarına başlamışlar. Dövlət nümayişlər səbəbindən ölkə ərazisində interneti məhdudlaşdırmış və paytaxtda dövlət idarələrini müvəqqəti olaraq bağlamışdı. Bu günə qədər baş vermiş toqquşmalar zamanı 100-dən çox insanın ölüb, yüzlərlə etirazçının yaralandığı xəbər verilir.

Maraqlıdır ki, sosial tələblərlə başlayan nümayişlər qısa zamandan sonra İran əleyhinə etiraz aksiyalarına çevrilmişdi. Minlərlə etirazçının ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda səsləndirdiyi əsas şüar  “Bağdad azaddır, İran rədd ol!” olmuşdu. İranın rəsmi qəzetləri bu etirazların arxasında ABŞ-ın olduğunu irəli sürmüş və super gücün İraqdakı səfirliyini hadisələri törətməkdə günahlandırmışdı.

Ən diqqət çəkən məqam isə İran əleyhinə nümayişlərin əsasən şiələrin məskunlaşdığı cənub bölgələrində keçirilməsidir. Məzhəbçiliyin ciddi bölünmələrə səbəb olduğu İraqda hətta şiələrin belə, İran əleyhinə kütləvi etirazlara başlaması xeyli manidardır və Xamneyinin liderliyini etdiyi şiə teokratik düşüncəsinin Yaxın Şərqdə tamamilə təcrid olunduğundan xəbər verir.  

 

İraq şiələrinin bu etiraz dalğası İranın bir çox yaxın planlarını da pozub. Belə ki, İmamın 40 mərasimi üçün İran rəsmiləri “Ərbəin” ziyarəti hazırlayırdılar. “Qüdrət manevri” adlandırılan bu ziyarətdə 3 milyon İran vətəndaşının iştirakı gözlənilirdi. Rəsmi Tehran bu ziyarəti təşkil etməklə həm öz ölkəsinin əhalisinin rəsmi ideologiyaya nə qədər bağlı olduğunu nümayiş etdirəcək, həm də ayətullah Xamneyinin təbirilə desək, İran və İraq xalqlarının bir-birinə “Allaha iman ilə, Əhli-beyt (a.s) və İmam Hüseyn (a.s) sevgisi ilə” bağlı olduğunu əyani şəkildə ortaya qoyacaqdı.

Digər tərəfdən, 3 milyon iranlıya təbii ki, bir o qədər də İraq və digər dövlətlərin şiələrinin qatılacağını düşünsək, bu, ən azı 6 milyon insanın “Ərbəin” mərasimində iştirakı deməkdir. Nəzərə alsaq ki, hər il həcc ziyarətinə 2 milyon civarında zəvvar qatılır, İran dəfələrlə çox ziyarətçinin iştirak edəcəyi “Ərbəin” nümayişi ilə həm də Səudiyyə Ərəbistanına göz dağı verə bilərdi. Bu, sözsüz ki, həm də İran düşmənlərinə psixoloji savaş həmləsi olacaqdı. Di gəl ki, “Ərbəin” ziyarətinə cəmi iki həftə qalmış (Aşura ötən ayın 10-da olduğuna görə, bu il “Ərbəin” vaxtı oktyabrın 20-nə düşürdü) İraqı bürüyən etiraz dalğaları İranın bu planına kölgə saldı. Oktyabrın 3-də İran Xarici İşlər Nazirliyi təhlükəsizlik səbəbindən öz vətəndaşlarını növbəti məlumat verilənə qədər “Ərbəin” səfərinə getməkdən çəkinməyə çağırdı.

 

İraqdan gələn xəbərlər isə “Ərbəin” nümayişinin asanlıqla baş tutmayacağını göstərir. Zira indiyədək öldürülən 100-dən artıq aksiya iştirakçılarının qətlində İran barmağının olması dedi-qoduları bütün İraqı bürüyür. Üstəlik, bu dedi-qoduların yaılmasında rəsmi bəyanatlar da az iş görmür. İraq parlamentinin deputatı Əhməd əl-Cəburinin dünən yaydığı açıqlama da bu qəbildəndir. Deputat açıqlamasında bildirib ki, etirazçıların ölümünə görə birbaşa “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani məsuliyyət daşıyır. O, əlində bu iddialarını təsdiq edəcək dəlillər olduğunu irəli sürüb: “Əlimdəki dəlillərə əsasən, Süleymani Hacı Hamed adlı muzdurunun köməyilə Bağdadda etirazçılar və onların rəhbərlərinə qarşı terror hücumları hazırlamaq istiqamətində əməliyyat qərargahı yaradıb. Bununla da Hacı Hamedin başçılığı ilə bir qrup snayperə nümayişçiləri öldürməklə bağlı göstəriş verilib”.

 

Digər millət vəkili Faiq əl-Şeyx Əli də İraq xalqını İran əleyhinə qızışdıran rəsmilərdəndir. Onun da fikrincə, İraq etirazçılarını qətlə yetirən İrandır: “Bu, heç kimə sirr deyil. Tehranın imam-cüməsi də açıq-aşkar bəyan edib ki, iraqlı etirazçılar Amerikanın əlaltıları olduqlarına görə öldürülməlidir”.

Əslində İraq şiələri arasında İranın təcrid olunmasının tarixi və siyasi-fəlsəfi əsasları da var. Bildiyimiz kimi, dünyada əsasən iki şiə ekolu mövcuddur. Bunlardan biri İranda yerləşən Qum, digəri isə İraqdakı Nəcəf hövzəsidir. Nəcəf və Qum ekolları arasındakı rəqabətlərdə, sözsüz ki, gizli olaraq yürüdülən millətçiliyin də ciddi rolu olmuşdur. Şiə inanışının ilk mərkəzi Nəcəf olsa da, bu hövzənin tarixən yaşadığı bir sıra keşməkeşlər Qum hövzəsinin yaranmasına və daha çox inkişafına yol açmışdır. Belə ki, yaranışının ilk dövründə Abbasi zülmü ilə qarşılaşan Nəcəf hövzəsi, daha sonra Osmanlı sünniliyinin, nəhayət, Səddam Hüseyn Baazçılığının təsiri altında qalmışdır. Coğrafi olaraq çətin məkanda yerləşməsi Nəcəf üləmasının öz fəaliyyətlərini sükutla davam etdirmək xüsusiyyətini formalaşdırmışdır.

İki ekol arasında ciddi fikir ayrılıqları fiqhi məsələlərdə də özünü göstərsə də, bu barədə uzun-uzadı yazaraq, gözünüzü yormaq istəmirik. Bir gün bu barədə də lazım gələrsə dayanarıq. Hələlik isə iki ekol arasındakı taktiki fərqlərə qısaca nəzər salmaq niyyətindəyik.

 

 Hazırda Nəcəf hövzəsinin əsas lideri sayılan ayətullah Sistaninin uzun illər Səddam Hüseyn zülmü altında gizli fəaliyyət göstərməsi bu hövzənin tədbirli siyasət gələnəyini daha da gücləndirmişdi. Nəcəfin yüzillər boyu Osmanlı təsiri altında qalması və Səvəfilər dövründə yüksəlişə başlayan Qum hövzəsinə qarşı istifadə olunması da bu iki ekol arasında gizli ayrılıqların əsasını təşkil edir. Xüsuilə Şah İsmayıl Xətai dövründə Qum hövzəsinin ön plana çıxması Nəcəf tərəfindən xoş qarşılanmamış və onların ərəb millətçiliyinə yönəlməsinə yol açmışdır. Əslən iranlı olmasına baxmayaraq, İrandakı vəlayəti-fiqh ənənələrilə barışmayan Sistaninin Qum ekoluna qarşı gizli müxalifliyini sürdürdüyü də sirr deyil.

 

Qısası, İŞİD zülmünə qarşı İrandan hərbi dəstək alan və Həşdi-Şabi ordu birləşməsini quran Şistaninin bu problem ortadan qalxdıqdan sonra Qum hövzəsi ilə yollarını ayıracağı əvvəlcədən güman edilirdi. Sistaninin İrana qarşı gizli müxalifliyini məhz indi ortaya çıxarması da təəccüblü deyil. Səddam Hüseyn zülmünə qarşı səssiz mübarizə aparmaq strategiyası zatən Sistaninin əzəli metodlarından olmuşdur. Sistani dirənişi ABŞ-ın II körfəz hərəkatından sonra İraqı tam işğal edilməsiylə ortaya çıxmışdı. Səddam Hüseyn zülmündən qaçıb Quma sığınan digər iraqlı üləmalar isə bundan 10 il əvvəl l Körfəz savaşında həvəslənib Nəcəfə qayıtmış və Səddama qarşı qiyam bayrağı qalmışdılar. Heç vaxt təmkinini pozmayan Sistani isə həmin vaxt evindən belə çıxmayaraq uzun illərlə davam edən inzivaya çəkilmişdi. I Körfəz savaşını yarımçıq qoyan ABŞ-ın bu etibarsızlığından salamat qurtaran də tək o olmuşdur. İçərilərində Məqtəda əs-Sədrin əmisinin də olduğu digər din iraqlı şiə alimləri isə tələskənliklərinin qurbanına çevrilmişdilər.

Təmkini ilə özünü və davasını qoruyan Nəcəf hövzəsinin indi İrana qarşı aktiv fəaliyyətə keçməsi təsadüfə oxşamır. Görünən budur ki, Sistaninin burnuna yaxınlarda İranın vurulacağı qoxusu dəyib.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 065          Tarix: 8-10-2019, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma