![](/templates/Wmediat51/images/vetendash.jpg)
Azərbaycanın dövlət məmurlarının harınlığı barədə məlumatlara həm yerli, həm xarici mətbuatda tez-tez rast gəlirik. Son zamanlar isə bu sahədə ən çox SOCAR rəsmilərinin övladlarının adı hallanır. Bir müddət əvvəl Qərb mətbuatında SOCAR prezidentinin oğlunun 2 milyon avroluq saatını oğurlatması ilə əlaqədar dərc olunan məlumatların cəmiyyətimizdə yaratdığı ajiotajlar səngiməmiş, indi Yunanıstanın dövlət televiziyasında bənzər xəbərlər yayınlanmağa başlayıb.
Ovqat.com-un “Azad söz” internet televiziyasına istinadən verdiyi məlumata görə, xəbərdə adı çəkilməyən SOCAR yetkililərinin “gül balalarının” Yunanıstanın Mikonos adasında 19 günlük istirahət üçün 2 milyon avro xərclədikləri iddia olunur.
Xəbərdə o da vurğulanır ki, ötən il bu gənclər daha çox cömərd davranıblar: Bir aya 3 milyon avronu havaya sovurublar. Görünür, Rövnəq Abdullayevinin oğlunun saat skandalından sonra SOCAR balaları gözə batmamaq üçün daha təvazökar hərəkət etməyə qərar veriblər. Di gəl ki, onların bu təvazökarlığı da acgöz yunanlılara həddindən artıq məsrəfli görünüb.
Qeyd edək ki, Yunanıstanın Mikonos adası öz eqzotik abu-havası ilə turistləri həmişə özünə cəlb edib. Daş küçələrlə döşənən Mikonos qəsəbəsi qeyri-adi bitki örtüyü ilə də seçilir. Sahil boyu düzülən yel dəyirmanlarının füsunkarlığına bir də daş küçələri bəzəyən yasəmən rəngli gül ağaclarının qatdığı gözəlliklər Mikonosu dünyanın cənnət guşələrindən birinə çevirir. Egey dənizinin ortasında yerləşən Mikonosa həm də gecə həyatı ilə ünlüdür.
SOCAR uşaqlarını bu adaya gətirən daha hansı dəyərlərin olduğunu deyə bilmərik. Yunanıstanın dövlət televiziyasının iddialarına görə isə, uşaqlar adadakı hotellərdə qalmaq üçün nə az nə çox gündə 50 min avrolarından keçiblər.
Hansı ki, bu pulun yarısına Binəqədinin “itazan”ında Qarabağ əlilləri özləri üçün daxma tikmək istəyir, amma SOCAR qoçularının hücumuna məruz qalırdılar. SOCAR qoçuları ilə Qarabağ əlillərinin bir daxma üçün amansız döyüşlərə girdiyi zamanlarda dövlətin neft şirkəti rəhbərlərinin övladları isə bir günlük Mikonos keyfinə onminlərlə avro xərcləyirmişlər.
Maraqlıdır ki, SOCAR öz qoçularını təkcə Binəqədidə əlillərin üzərinə deyil, həm də Mikonos adasına da göndəribmiş. Məlumata görə, gəncləri hər addımda 12 cangüdən qoruyurmuş. Onların hər biri bu xidmətlərinin müqabilində gündəlik 700 avro maaş alırmışlar. Cangüdənlər gənclərin gündəlik xərcləri üçün içərisində 50 min avro olan camadanlar gəzdirirmişlər. Bəzən gündəlik xərclər bu limiti belə aşırmış. Bu zaman gənclər özlərinin kartlarından istifadə edirmişlər.
Məlumatla daha ətraflı tanış olmaq üçün bu videonu izləyin.
Paylaş: