Xəbər lenti

 

“Mən bu yaxınlarda qardaş Türkiyədə oldum. Orada mali müşavirləri, böyük mükəlləflər rəisi ilə görüşdüm. onların vergi və maliyyə sistemi ilə bağlı bəzi məlumat mübadilələri apardıq. İqtisadiyyatı qeyri-neft sektoru üzərində təkşəkkül tapmış, büdcə gəlirlərinin əsası vergi daxilolmaları ilə formalaşan bir ölkənin vergi sisteminin bir sıra ölkələrə nisbətən daha sosialyönümlü olması məni çox sevindirdi”.

İqtisadçı ekspert Elçin Qurbanov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Türkiyədə əmək müavinətləri ilə bağlı sosial təminat isə, demək olar ki, ən düşük həddi 455 manat, yüksək həddi isə 1651.94 manat civarlarındadır: “ƏDV ( KDV) isə differensiallaşdırılmış qaydada tətbiq olunur. Vergi qanunvericiliyinə əsasən, təhsil və tibb xidmətlərinə tətbiq olunan ƏDV-nin faiz dərəcəsi 8 faiz, çorək və un məmulatlarına isə 1 faizdir. Qeyd etmək lazımdır ki, ƏDV ilkin mərhələdə mahiyyət etibarilə vergi deyil, dəyərə əlavə olunan faizdir. ƏDV əmtəə və xidmətlərin birbaşa qiymətinə təsir edən vergi növüdür. Bu da xüsusilə istehsal və idxal sahəsində özünü göstərir”.

E.Qurbanovun fikrincə, ƏDV-nin təkrar dövriyyədə əvəzləşdirilməsi heç də bütün sahələrdə mümkün olmur: “Məsələn, xidmət istehsalçılarını buna misal çəkmək olar. Əgər aztəminatlı vətəndaşların maliyyə imkanlarını nəzərə alsaq ƏDV-nin differensiallaşdırılması sosial yüklü cəmyyətlər üçün çox aktualdır. Soyuq müharibələrin nəticələridir ki, dünyada və ölkəmizdə xərçəng xəstəliyi durmadan artır. Qida məhsullarının keyfiyyətsizliyi və ekoloji problemlər səhiyyə xidmətlərini vətəndaşların ən çox müraciət etdikləri bir sahəyə çevrilib. Ənənəvi olaraq millətimiz təhsilə xüsusi önəm verir. Nəyin bahasına olursa- olsun övladına təhsil vermək hər bir valideyin üçün ən böyük arzudur”.

Bu məsələlərdə qardaş Türkiyənin örnək alınmasını məsləhət görən ekspertə görə, qardaş ölkə bizdən çox öndədir: “Onlarda vergi siyasəti daha sosialyönümlü , daha humanitar sosial baza əsasında formalaşdırılıb və daha sabit xarakter daşıyır. Bu da investisiya mühitini real resurslar əsasında düzgün təşviq edə bilir. Ən inkişaf etmiş ölkələrdə büdcə daxilolmalarının əsas payını fiziki şəxslərin gəlir vergisi təşkil edir. Bu isə məşğulluğun yüksək həddi, əmək münasibətlərinin daha şəffaf olması deməkdir. ƏDV və mənfəət vergisinin dominantlığı isə sosial rifaha təsir göstərən amillərdəndir”.

Dövlətin aşağı faizli ƏDV tətbiq edəcəyi sahələrdə qiymətlərə nəzarət etməli olduğunu deyən həmsöhbətimiz tibb və təhsil müəssisələrini bu sektorlardan sayır: “Məsələn , tibb və təhsil müəssisələrinə tətbiq olunan ƏDV-nin faiz dərəcəsini 10 faiz azaldaraq, qiymətlərin 10-15 faiz aşağı salınmasına da nail olmaq mümkündür. Bu zaman həmin xidmətlərdən aztəminatlı vətəndaşların da istifadə edə bilməsi üçün qismən şərait yaranmış olar. Bu isə yeni vergi sisteminin daha sosial yönümlü təşkili deməkdir. Hökumət vergi məcəlləsinə yeni əlavə dəyişikliklərdə bu məsələni nəzərə alsa, yaxşı olar”.




Ana səhifəyə qayıt        Baxış: 1 348          Tarix: 14-10-2019, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma