Nəhayət, gözlənilən oldu. Söhbət PA-nın rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsindən gedir. Ölkə başçısı uzun illər özünün ən yaxın silahdaşı olan möhtərəm akademik barədə bu gün 3 fərman imzaladı. İlk fərman onun uzun illər tutduğu vəzifəsindən azad edilməsiydi. Məlumata görə, akademik Ramiz Mehdiyevin “könüllü” istefa ərizəsini qəbul edən Prezident onun bu “uzaqgörən” addımını dəstəkləyib vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.
İkinci önəmli addım akademikin Azərbaycanın ən nüfuzlu fəxri adı olan Heydər Əliyev adına mükafata layiq görülməsidir. Çox nadir adamların almaq şərəfinə nail olduğu bu mükafatı möhtərəm akademikə verməklə ölkə başçısı, sözsüz ki, qarşısındakı mənəvi məsuliyyət yükündən qutulmaq istəmiş və Azərbaycan siyasətinin “boz kardinalı” sayılan bu adamı xoş xatirə ilə yola salmışdir.
Üçüncü addım isə 80 yaşını tamamlamış akademikin AMEA-sına prezident təyin olunmasıdır. Məlumata görə, akademiyanın sabiq prezidenti akademik Akif Əlizadə tərəfindən bu kürsüyə namizədliyi irəli sürülən Ramiz Mehdiyev yeni vəzifəsinə gətirilib. Prezident İlham Əliyevin bütün 70-i ötmüş dövlət məmurlarını istefaya çağırdığı bir zamanda 81 yaşlı akademikin AMEA-nın rəhbəri vəzifəsinə təyin olunması beyinlərdə qəribə suallara yol açsa da, hər halda bu təyinat hədəfə bir addım yaxınlaşmaq kimi də qiymətləndirilə bilər. Zira Ramiz müəllimdən əvvəl akademiyaya rəhbərlik edən Akif Əlizadənin yeni prezidentdən 5 yaş böyük olması da bir həqiqətdir. Deməli, yeni təyinatla ölkə başçısı öz hədəfinə 5 il yaxınlaşmışdır.
Aldığımız bir başqa məlumat isə Prezidentin öz 70 yaş senzini pozması müəmmasına bir qədər aydınlıq gətirir. Mötəbər mənbələrdən sızdırılan məlumata görə, AMEA-nın da ömrünə çox qalmayıb. Yaxın zamanlarda ümumiyyətlə dünya təcrübəsində az rastlanan elmin dövlət nəzarətinə alınması ənənəsinin göstəricisi sayılan AMEA-nın tamamilə ləğv olunması istisna edilmir. Görünür, hörmətli akademikin onsuz da perspektivi olmayan bu quruma təyin edilməsi onun fəxri olaraq mükafatlandırılmasından başqa bir şey deyil. Məqsəd dövlət qarşısında xidmətləri olan ağsaqqala minnət borcunu qaytarmaq və onu təskin vermək, dost-düşmən arasında lağ obyektinə çevrilməkdən sığortalamaqdır.
Qeyd edək ki, Ramiz Mehdiyevin qələmi əslində çoxdan qırılmışdı. Sabiq deputat Gülər Əhmədova skandalından sonra indiki hakimiyyətin korrupsioner imicini yaratmamaq naminə Ramiz Mehdiyevə toxunulmamış və onunla vidalaşmaq üçün uyğun zaman gözlənilmişdir. Di gəl ki, üzərindən uzun zaman keçməsinə baxmayaraq, bu fürsət ələ düşməmiş və vaxt bir növ hörmətli akademikin xeyrinə istəmişdir. Halbuki, bu sətirlərin müəllifi hələ 6 il bundan əvvəl Ramiz Mehdiyevi könüllü istefaya çağıraraq, dövlətimizin adına salınan bu kölgəni aradan qaldırmağa dəvət etmişdi. Bu 6 illik zaman ərzində ölkə başçısı Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri olan akademiki istefaya göndərməyi özünə rəva bilməmiş və bəlkə də bunu onun öz insiativinə buraxmışdır. Görünür, getmək zamanının məhz bu gün gəldiyini düşünən akademik istefa ərizəsi yazaraq ölkə başçısını da bu böyük mənəvi yükdən xilas etmişdir.
Cənab İlham Əliyevin iki gün bundan əvvəl Hacıbala Abutalıbovu qəbul edərkən bütün qoca məmurlara ünvanladığı məşhur mesajının da ən çox Ramiz Mehdiyevə aid olduğu düşünülür. Biz də öz növbəmizdə 6 il geçikən bu addımı alqışlayır, Ramiz müəllimə ittihaf etdiyimiz şeirimlə onu bir daha xatırlamağı uyğun görür və akademiki şeirimizdə keçən bir neçə misrayla uğurlayırıq:
“Vaxt - getmək vaxtıdır, haydı, xoşca qal!
Boş yerə zamanı itirmədən get!
Bu son fürsətini, cənab Kardinal,
Taleyin hökmünə ötürmədən get!"
Paylaş: