“Bakıda caz musiqi festivalı; Azərbaycan xalqının dini inanclarına hörmətsizlik”.
Ovqat.com xəbər verir ki, bu sözlər İranın yarırəsmi informasiya saytı Qafqaz.ir-in dünənki buraxılışında dərc olunan bir məqalənin sərlövhəsidir.
Məqalədə məhərrəm və səfər ayının son matəm günlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakıda keçirilən Caz musiqi festivalından bəhs edilir.
Caz konsertlərində iştirakın pulsuz olduğunu bildirən məqalə müəllifi bu ilin iyun ayında da Bakıda “caz günləri”, yaxud “caz yayı” adlı musiqi festivalının keçirildiyini xatırladaraq qeyd edir ki, “üzərindən bir neçə ay ötməmiş yenidən müsəlmanların matəm saxladığı səfər ayının son günləri ilə eyni zamanda bu festival təşkil edilmişdir”. Məqalədə bunun səbəbi Azərbaycanda getdikcə yayılan dindarlığa qarşı yürüdülən siyasət kimi qiymətləndirilir: “Qeyd edək ki, ekspertlərin fikrincə, Azərbaycan Respublikasında bu il məhərrəm ayı mərasimlərinin möhtəşəm keçirilməsi və bu ölkə xalqının İmam Hüseyn (ə) Ərbəini yürüşündə iştirakının günbəgün genişlənməsi anti-din dairələrini narahat etmişdir. Bu üzdən caz musiqi festivalı keçirməyi, dini müqəddəslərə etinasızlıq, Azərbaycan müsəlmanlarının dini inanc və dəyərləri ilə mübarizə aparmağı öz iş proqramlarına salıblar”.
Azərbaycanın dini ənənələrində Ərbəin yürüşlərinin olmadığını, xalqımızın uzun illər boyu yalnız Tasua və Aşura mərasimlərini keçirdiyini unudan müəllif, yəqin, ondan da xəbərsizdir ki, fars mentalitetindən fərqli olaraq, türk gələnəklərində musiqi heç də yasa yad ünsür kimi qəbul edilməmişdir. Qədim dövrlərdən bəri ata-babalarımız öz dərd-qəmlərini məhz musiqi sədaları altında anmağa üstünlük vermişlər. İslamiyyətdən öncə ata-babalarımızın keçirdiyi yuğlama gələnəyi İslamı qəbul etdikdən sonra da davam etmiş və İranın bugünkü məhərrəmlik rutinlərindən sayılan mərsiyyə məhz yuğlamalardan doğmuşdur.
Təsadüfi deyil ki, bu gün İranda geniş xalq kütləsi tərəfindən matəm simvolu olan mərsiyyələr də xüsusi musiqi sədası altında oxunur və bu, minillik türk hakimiyyətlərinin fars mədəniyyətinə qazandırdığı dəyərlərdən sayılır. Bu mənada mərsiyyələr yuğlama gələnəyinin müasir formasından başqa bir şey deyil.
Yuğlama ilə mərsiyyələrin yeganə fərqi budur: yuğlamalar saz müşayiəti altında, mərsiyyələr isə sazsız oxunur. Bu kiçik fərq belə, heç də farsların yuğlamaya gətirdiyi yenilik deyil. Tarixçilər, yəqin razılaşarlar ki, qədim türklər islam mədəniyyətini qəbul etməmişdən əvvəl daha çox köçəri həyat mənimsəmiş və öz gələnəklərini şifahi xalq ədəbiyyatı formasında qorumuşdur. Türk şifahi xalq ədəbiyyatı nümunələri isə əsasən saz eşliyində ərsəyə gətirilmişdir.
İslamiyyəti mənimsədikdən sonra türklərin mədəniyyət ənənələri də iki sahəyə ayrılmış və bu da urbanizasiya nəticəsində olmuşdur. Şəhərlərdə məskunlaşan türklərdə yazı və bunun nəticəsi olaraq mədrəsə, ucqarlarda yaşayanlarda isə saz - aşıq sənəti əsas təbliğat vasitəsinə çevrilmişdi. Yazı ənənəsinin qorunmasında saza ehtiyac qalmadığından aşıqlıq sənəti də şəhər həyatından silinmiş, nəticədə dini rutinlərdə musiqi alətindən uzaq ifadə tərzi formalaşmışdır. Bu da sonralar mərsiyyə adlandırılmışdır.
Mədrəsə gələnəyinin tam oturuşa bilmədiyi ucqarlarda isə saz gələnəyi bu günlərə qədər davam edir. Heç uzağa getməyək, Türkiyədə yaşayan ələvilər indinin özündə də Aşuranı və digər dini rutinləri saz müşayiəti altında icra edirlər. Bunlardan bir örnəyini saytımızın hər xəbərini zərrəbin altında incələyən İran mollalarının diqqətinə çatdırırıq.
Göründüyü kimi, türk ələvi gələnəyinin bugünkü ifaçılarından olan Sebahat Kirazın bu gözəl əsəri saz müşayiəti ilə səsləndirilmiş, amma qətiyyən matəm havasına xələl gətirməmişdir. Sənətçinin “Kərbəla” adlı bu əsərini qədim türk yuğlamalarının müsair forması da adlandıra bilərik. İndisə İranın yuğlamadan sazı çıxarıb sinə döymə, zəncir vurma səslərini əlavə etdiyi bir mərsiyyəyə qulaq asaq:
Tamamilə eyni ruh, birində eşidilib, digərində eşidilməyən bənzər melodiya, eyni duyğuların ifadəsi. Bu kimi misalları xeyli artıra bilərik. Amma zənnimizcə, mərsiyyələrin türk ağı muqisi olan yuğlamadan törədiyini sübuta yetirmək üçün təqdim etdiyimiz bu iki örnək kifayətdir. O halda İran mollalarının Ərbəin yürüşləri zamanı keçirilən musiqi tədbirlərini süngüylə qarşılamaları başadüşülən deyil.
O başqa məsələdir ki, molla təfəkkürü ilə desək, səfər ayının sonlarında Bakıda caz əvəzinə saz festivalının keçirilməsi daha doğru olar, Azərbaycanın milli irsini qorumağa və tədbirin keçirilmə məntiqinə daha uyğun olardı. Nədən ki, Caz festivalının təşkilatçıları rəsmi mətbu orqanlarımıza verdiyi açıqlamalarda tədbirin əhəmiyyətinə belə aydınlıq gətiriblər. “Festivalın həmsədri Leyla Əfəndiyeva deyib: “Festivalın başlanma tarixi Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edib. Bu, bizim üçün ikiqat bayramdır. Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz azadlıq, demokratiya və əlbəttə ki, improvizasiya deməkdir”. https://azertag.az/xeber/On_dorduncu_Baki_Caz_Festivalinin_ilk_konserti_Icheriseherde_teskil_edilib_VIDEO-1344527
Şübhə etmirik ki, Leyla xanım Əfəndiyeva da ölkəmizdə sazın cazdan daha çox sevildiyini, azadlıq, deməli həm də demokratiya uğrunda mübarizələrimizdə əsas ideoloji silahımız olduğunu etiraf edər. İmprovizasiya sahəsində isə aşıq sənətinə çatan ikinci bir incəsənət növü yoxdur. Ən azı ona görə ki, aşıq məclisləri tarix boyu deyişməsiz keçməyib və onun yenidən bərpası bizi biz edən əsas milli kültürəl dəyərimizin eyhası deməkdir. Üstəlik, dövlət müstəqilliyimizə də cazdan çox, sazın dəxli var və saz festivalı keçirilərdisə, xalqımız üçün daha çox ikiqat bayram olardı.
Bununla belə, İranın molla təfəkkürlü analitiklərinin qalxıb Ərbəin yürüşlərinə kölgə salmaq üçün kiminsə caz festivalı keçirdiyini iddia etmələri, yumşaq desək, gülüş doğurur. Şəxsən mən inanıram ki, tədbirin əsas təşkilatçılarından olan Leyla Əfəndiyevaya “Ərbəin yürüşü nədir?” soruşsan, gözlərini döyə-döyə qalar. Çünki nəinki Leyla xanım, Azərbaycanın böyük əksəriyyəti bu mərasimin nə demək olduğunu bilmir və indiyədək keçirməyib də. Bizdə keçirilməyən bir dini tədbirin pozulması kimin ağlına gələ bilər?
İranın molla təfəkkürlü analitikləri öz məqalələrində bir az da irəli gedərək, ölkə başçısının yaxınlarının təşkil etdiyi caz festivalında çıxış edən müğənniləri “pozğun” adlandıraraq aşağılamaqdan çəkinmir və bunu dövlət səviyyəsində əxlaqsızlığı yaymaq siyasəti kimi təqdim etməyə çalışır: “20 oktyabrda da Bakıda Heydər Əliyev Mərkəzi parkinda Azərbaycan Respublikası prezidentinin qızı Leyla Əliyevanın iştirakı ilə bu ölkənin bir neçə pozğun müğənnisinin konserti təşkil olundu. Bu konsertdə Rusiyanın yəhudi-azəri xanəndəsi və Leyla Əliyevanın sabiq həyat yoldaşı Emin Ağalarov da konsert icra edərək Azərbaycan mahnısını oxudu”.
Özü də bu sərsəm iddialar İran xarici siyasət idarəsinin rəhbərliyinin Azərbaycana səfəri zamanı ictimailəşdirilir. Bir tərəfdən bizə dostluq əli “uzadan”, digər tərəfdən isə aşağılayan rəsmi Tehranın bununla nəyə nail olmaq istədiyi anlaşılmır.
Məqalədə bir müddət əvvəl Azərbaycanın İrandakı səfirinin Təbriz imam cüməsinə verdiyi sərrast cavab da xatırladılır. Təbii ki, öz maraqlarına uyğun şəkildə: “Bir neçə gün bundan əvvəl Təbrizin imam cüməsi höccətül-islam Ali-Haşim Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynovla görüşündə Bakı dövlətinin Azərbaycanın müsəlman xalqının dini inanclarına etinasız yanaşmasını və İmam Hüseyn (ə) matəmi günlərində musiqi müsabiqələri təşkil etməsini qınadı”.
Amma nədənsə Tehrandakı səfirimizin Təbriz imam cüməsinə verdiyi cavabın üstündən sükutla keçilir. Biz də o cavabı İran mollalarının yadına salmağı məsləhət görürük.
Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir: “Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəcübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub.
Güman edirik ki, gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq».
Səfir Bünyad Hüseynovun məntiqindən çıxış edərək soruşmaq istəyirik: Kimdir öz xalqının müqəddəs dəyərlərinə hörmətsizlik edən – saz əvəzinə caza qulaq asan sekulyarist rəsmi Bakı, yoxsa rəsmi dini ədiqəsinin sinə döyməyi, zəncir vurmağı tələb etdiyi bir gündə erməniyə atəşfəşanlı olimpiada keçirən teokratik Tehran rejimi?
Paylaş: