Xəbər lenti
27-11-2024, 19:25

  

Ötən həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü barədə müxtəlif fikirlər irəli sürülür. İqtidar mətbuatı Qoşulmama Hərəkatını az qala dünyanın taleyini həll edən beynəlxalq alyans kimi təqdim edir. Müxalifət isə Azərbaycanı dünyanın acından ölənlərinin quyruğuna bağladığı üçün rəsmi Bakını ağır tənqid atəşinə tutur. Xüsusilə Venesuela diktatoru Nikolas Maduronun sammitdə iştirakında simvolik məna axtaranlar Azərbaycanın da Şimali Koreya və Venesuellanın cərgəsinə qoşulduğundan narahatdırlar. Zorakılıqla dağıdılmış 19 oktyabr mitinqindən sonra Qoşulma Hərəkatının Bakıda keçirilən sammiti doğrudan da belə bir təəssürat yaradır.

Amma gəlin, etiraf edək ki, Qoşulmama Hərəkatının Bakı sammitinin keçirilməsinə 19 oktaybr mitinqi ərəfəsində deyil, 7 il bundan əvvəl, Tehran sammitində qərar verilmişdir. 2012-ci il Tehran sammitinin qərarına əsasən, 2012-2015-ci illərdə İranın sədrliyindən sonra 2015-2018-ci illərdə Venesuela sədrlik etməli idi. Azərbaycan isə Venesueladan sonrakı müddətə - 2018-2021-ci illər dövründə sədrlik etməyə dair öz namizədliyini vermişdi.  2012-ci ildə isə nə neft böhranının baş verəcəyinə, nə də bir sıra müxalif qüvvələrin hakimiyyətə qarşı dirənişə keçəcəyinə dair heç bir əlamət yox idi. Əksinə, rəsmi Bakı neftdən gələn qazancını hara xərcləyəcəyini bilmir, bəzi ölkələrə kredit vermək barədə düşünürdü. Deməli, sözügedən sammit Qərbə və müxalifətə “çox o yan-bu yan etsəniz, Venesuelalaşaram” mesajı vermək üçün yox, sadəcə beynəlxalq öhdəliyimizi yerinə yetirmək məqsədilə keçirilirdi.

 

O ki qaldı Venesuela prezidentinin Azərbaycana səfərinə, hər halda bu ölkə bizdən daha əvvəl “acından ölənlər alyansı”nın üzvü idi və əlbəttə, onun sammitlərində iştirak etmək hüququ var. Azərbaycan hakimiyyəti arzulamasa belə, Nikolas Maduroya “Bakıya gəlmə” deyə bilməzdi.

Başqa məsələdir ki, ölkəmizin bu Alyansa qoşulması beynəlxalq mövqeyimizin güclənməsinə çox da böyük töhfələr vermir. Amma Azərbaycanın geopolitik ziddiyyətlərin getdikcə kəskinləşdiyi indiki şəraitdə əks düşərgədə dayanmaq imkanı da iddia edildiyi qədər çox deyil. Söhbət təkcə ondan getmir ki, əks düşərgə də daha güclü qlobal imperializmin maraqlarını təmsil edən qurumlardır və bu qurumlarda bizim kimi ölkələrin yer alması yalnız müstəmləkə statusunda ola bilər. Bu da bizim vəziyyətimizin daha yaxşı olacağı anlamına gəlmir. Baxmayaraq ki, varlı ağanın qulu olmaq hansısa bir kasıba nökərçilikdən daha cazibədar görünür.  

Dərd burasındadır ki, Azərbaycan indiki şəraitdə istəsə belə, varlı ağanın qulu ola bilməz. Bunun bir neçə səbəbi var. Əsas səbəb isə regional dövlətlərin geopolitik maraqlarıdır. Azərbaycan kimi xırda dövlətlər bu maraqları gözləmədən ürəyi istədiyi addımı atarsa, Ukrayna, Gürcüstan kimi ağır tale ilə üzləşə bilər. Hətta daha ağır. Çünki Ukrayna və Gürcüstana yanaşmada xristian təəssübkeşliyi istər-istəməz öz sözünü deyir.

Üstəlik, onların Qərb dəyərlərini mənimsəyən yaxın qonşuları da var. Bəz bizim qonşularımız kimdir? Ermənistan, Gürcüstan və Türkmənistanı bizə ciddi təsir göstərəcək dövlətlər sırasından çıxsaq, yerdə əsasən 3 dövlət qalır. Bunlardan ən böyüyü Rusiyadır və onun bizə münasibəti bəllidir. Digər İrandır ki, Qərblə savaş durumunda olan və Azərbaycanı özünün torpaq bütünlüyü üçün potensial təhlükə kimi görən Tehran zatən belə bir səhvimizi gözləyir. Biz Qərbə inteqrasiya yolunu tutan kimi, İran Rusiya ilə əlbir olub biri şimaldan, digəri cənubdan, onların dəstəklədiyi Ermənistan isə qərbdən ölkəmizi param-parça etməməsi üçün heç bir səbəb yoxdur. Azərbaycanın isə bu təzyiqlərə nə hərbi, nə də iqtisadi qüdrəti çatar.

Bu durumda ümid bağladığımız yeganə ölkə bəlkə də Türkiyə ola bilərdi. O da 2011-ci ildən başını soxduğu Yaxın Şərq böhranında İran və Rusiyadan betər antiqərb mövqeyi mənimsəyib. Hətta bəzi ekspertlərə görə, getdikcə daha çox Rusiyanın təsir dairəsinə düşür və “Qazaxıstanlaşır”.

Yəqin “Qazaxıstanlaşmağ”ın nə demək olduğunu, türklər demiş, maraq etdiniz. Elədirsə, gəlin, əvvəl yazıb sonra bu bölümü əlavə etməyi lazım bildiyim yazının əsas hissəsinə keçək.

 

***

ABŞ prezidenti Donald Trampın dünən İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsiylə bağlı dünyaya verdiyi “muştuluq” açıqlamasında ən diqqəti çəkən xüsus əməliyyatı dəstəkləyən qüvvələrin kimliyini sadalaması və onlara təşəkkürünü bildirməsi oldu. Tramp həmin çıxışında əməliyyata dəstək verən əsasən 4 qüvvənin adını çəkdi - Rusiya, Türkiyə, Suriya və suriyalı kürdlər.

Təşəkkür mesajında suriyalı kürdlərin 3 dövlətlə birgə anılması məsələnin yalnız bir tərəfidir. Baxmayaraq ki, Ankara həmin qüvvəni əsla suriyalı kürdlər kimi qəbul etmir, PKK-nın bir uzantısı olduğunu bildirir və ABŞ-dan onların lideri Məzlum Abdini (Kobani) Türkiyəyə təhvil verməsini istəyir. Xatırladaq ki, R.T.Ərdoğan bu yaxınlarda TRT-yə verdiyi açıqlamasında ABŞ-lı həmkarı Donald Trampın ona göndərdiyi məktuba Məzlum Abdinin qələmə aldığı qeydləri əlavə etməsinə bərk qəzənlənmış, ardından Türkiyə XİN terrorçunu dəstəkləməmək barədə Vaşinqtona nota göndərmişdi. Üzərindən bir neçə gün keçdikdən sonra – yəni dünən həmin Məzlum Abdi sosial şəbəkələrdə ərəbcə status paylaşaraq, Əbubəkr əl-Bağdadinin zərərsizləşdirilməsi əməliyyatına ABŞ ordusu ilə birgə girdiklərini və kürd xalqının qisasının alınmasında şəxsən iştirak etdiyini bəyanladı. Bu fakt Ankaranın tələblərinin Vaşinqton tərəfindən o qədər də saya alınmadığının göstəricisi kimiydi.

 

Məsələnin digər, hətta deyərdim, kürd separatçılarından da vacib tərəfi Donald Trampın bu əməliyyatda Bəşər Əsəd rejimindən dəstək almasını açıq şəkildə etiraf etməsi idi. Sözsüz ki, Tramp Suriyaya təşəkkür edərkən məhz Bəşər Əsədi nəzərdə tuturdu. Bu həmin Bəşər Əsəddir ki, Rəcəb Tayib Ərdoğan onun devrilməsini dünyanın bir nömrəli məsələsi kimi alqılamış və ABŞ-la ittifaq quraraq Suriyada indi də davam edən vətəndaş qarşıdurmalarına start vermişdi. Üzərindən 8 il keçəndən sonra milyonlarla insanın fəlakətiylə nəticələnən Suriya gərginliyində ABŞ-ın da Bəşər Əsədin yanında yer alması Türkiyəni getdikcə yalnızlaşdırır, dünyadan təcrid edilmiş vəziyyətə salır. Bütün bunların yeganə səbəbi isə, açıq desək, Türkiyə hakimiyyətinin siyasi manevr imkanlarının və qabiliyyətlərinin yetərli səviyyədə olmamasıdır. Daha doğrusu, siyasi manevrlərin səhv istiqamətlərdə aparılmasıdır.

Bir çox türkiyəli ekspertlər də hesab edirlər ki, Rəcəb Tayib Ərdoğanın siyasi xarizmasından irəli gələn hikkəsi onun Suriya diktatorunu hələ də qəbul etməməsini şərtləndirdiyi kimi, Rusiya və Vaşinqton arasında təhlükəli gedişlərə sürükləyir və indiki çətin vəziyyətə salır. Xüsusilə ABŞ-ın Suriyadan çəkilməsindən sonra Vaşinqton və Moskva arasında qalan Ankaranın hər iki dövlətlə razılığa gəlməyə çalışmasının bölgədəki vəziyyətini daha da mürəkkəbləşdirdiyi iddia olunur.

 

Vaşinqtonda yerləşən Brookings İnstitutunun əməkdaşı politoloq Ömər Taşpınarın fikrincə, Türkiyənin Rusiyaya yaxınlaşması Vaşinqtonda xoş qarşılanmır: “ABŞ prezidenti Donald Trump Suriyanın şimalında başlatdığı əməliyyatlar səbəbiylə Türkiyəyə 14 oktyabrda tətbiq olunan sanksiyaları qaldırdı, ancaq yeni bir sanksiya paketi daha ABŞ Nümayəndələr Məclisinə təqdim edildi. Təqdim edilən yeni qətnamə layihəsində Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi satın aldığına işarə edilərək, Türkiyə rəsmilərə və müdafiə sektoru ilə əlaqəli banklara sanksiyaların tətbiqi tələb olunur”.

Almaniyanın DW nəşrinə müsahibə verən Taşpınar Türkiyə ilə Rusiyanın Soçidə əldə etdikləri razılaşmanın ABŞ Senatında birmənalı qarşılanmadığı bildirərək, NATO üzvü olan bir ölkənin Kremllə yaxınlaşmasının sorgulandığını deyir: "Bu səbəbdən də Türkiyəyə qarşı daha ciddi bir reaksiya gəlməsi mümkündür, ona qarşı ağır iqtisadi sanksiyalar da tətbiq oluna bilər”.

Həqiqətən də Soçi razılaşmasından sonra ABŞ-ın Türkiyəyə qarşı sərt açıqlamaları da diqqətdən yayınmır. ABŞ müdafiə naziri Mark Esper bir az da irəli gedərək, Türkiyəni Suriyada hərbi cinayət törətmiş ola biləcəyini və məsuliyyət daşıyanların hesab verməsi lazım olduğunu söyləmişdi. Esperin bu sözlərini şərh edən ekspertlər hərbi cinayət iddialarının BMT-yə daşınacağından, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın da  buna "xeyr" deyə bilməyəcəyindən ehtiyatlanırlar. Açıqlamasında ABŞ-ın əlindəki Halkbank kozırına diqqət çəkən Taşpınar da belə ekspertlərdəndir. Onun fikrincə, Türkiyəyə Halkbank iddiası səbəbiylə 20 milyard dollarlıq cəza gələ bilər: "Bütün bunlar Türkiyənin Rusiya ilə əlaqələri və sahədə nələr baş verəcəyinə paralel olaraq ələ alınacaq mövzulardır. Daha da ağır sanksiyaların gəlməsi də istisna deyil".

Moskvada yaşayan türk rusiyaşünası Kərim Has da Ankaranın Vaşınqtondan uzaqlaşıb Moskvaya yaxınlaşmasından narahatdır. ABŞ-ın Suriyadan çəkilməsilə bölgənin tək sahibinin Rusiya olduğunu düşünən ekspert Türkiyənin bundan sonra manevr imkanlarının azalacağına inanır. Onun fikrincə,  “Türkiyə artıq Rusiyanın maraqlarının maksimizə edilməsində bir vasitəçi, ya da asanlaşdırıcı ölkə mövqeyinə gəlir".

 

Ərdoğanın Rusiya baxımından "qızıl yumurtlayan toyuq" olduğu deyən Kərim Has fikrini belə əsaslandırıb: "S-400-lərin alınması, “Türk Axını” və “Akkuyu” layihələri, həmçinin sanksiyalardan qaça bilmək üçün banklararası əlaqələrin qurulması və milli pul vahidləriylə ticarət edilməsi kimi xüsuslar Türkiyəni Rusiyanın gözündə Qazaxıstanlaşdırır”.

ABŞ və Rusiya arasında sıxışan Türkiyənin Avropa ölkələriylə də əlaqələrinin xüsusilə 15 İyul çevriliş cəhdindən sonra yaşanan insan haqqları pozuntuları səbəbiylə zəiflədiyinə diqqət çəkən ekspertlər Suriyanın şimalında baş verənləri od üzərinə tökülmüş yağa bənzədirlər. Onların fikrincə, bu da Türkiyəni Rusiyadan daha da asılı vəziyyətə gətirib çıxarır.

***

Belə vəziyyətdə öz məhvərindən çıxan Azərbaycana Rusiyadan qabaq Türkiyənin göz ağardacağına şübhə yoxdur. Odur ki, Azərbaycan siyasiləri də (iqtidar və müxalifətdən asılı olmayaraq) ölkənin demokratikləşməsi ilə Qərbə inteqarsiyasını ayrı tutmalı, indiki şəraitdə maksimum səviyyədə regional maraqları gözləməyə çalışmalıdır. Azərbaycan istəsə belə Şərq cəhənnəmində Qərbin yaşıl adası ola bilməz. Fikrimizcə, xarici qüvvələrin ölkəmizdəki hibrid savaşçısına çevrilməmək, Suriya və İraqdakı vətəndaş  qarşıdurmalarının poliqonuna çevrilməmək üçün iqtidarlı-müxalifətli dialoq masasına oturmalı və çözüm yolları barədə düşünməliyik. Qərbə güvənib regional maraqların əleyhinə gedənlərin necə ağır tale ilə üzləşdikləri və üzləşəcəkləri Şimali Suriyadakı kürd separatçılarının timsalında bir daha təsid olundu.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 248          Tarix: 28-10-2019, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma