Xəbər lenti
27-11-2024, 19:25

 

Heydər Oğuz

Ovqat.com

Zaman-zaman Yaxın Şərqdən intihar hücumları barədə məlumatlar alırıq. Özünə patlayıcı maddələr bağlayan terrorçular əsgərlərin qarşısına çıxıb üzərilərindəki bombaları partladır, həm özlərini, həm də düşmənlərini həlak edirlər. Dünyanın ən qüdrətli ordularının belə bütün acımasız metodlarına baxmayaraq, intihar saldırılarının qarşısını kəsmək hələ ki mümkün olmayıb.

Bu da istər-istəməz bəzi suallara yol açır: Həm özlərini, həm düşməni yox etməkdən çəkinməyən bu insanlar həyatlarına son qoyacaq qədər cəsarəti hardan alırlar?

İŞİD terrorçularının ideoloji rəhbərləri bunu döyüşçülərinin iman gücüylə izah edirlər. Onların fikrincə, həyatlarını ideyaları uğrunda fəda edən mücahidlər Allahın cənnəti ilə müjdələndiklərindən çəkinmədən bu yola gedə bilirlər. İlk baxışdan, xeyli məntiqli görünən bu əsaslandırma kiçik bir təftişə tab gətirməyəcək qədər zəifdir. Əvvəla, ona görə ki, intihar İslam dinində qadağan olunub. Dolayısıyla, intihar saldırısının da İslam inanışında yeri yoxdur və həqiqi iman sahibi qadağan olunmuş metodlarla savaşmazlar. Təsadüfi deyil ki, 14 əsrlik İslami tarixində intihar hücumlarına rast gəlmək mümkün deyil; nə Məhəmməd peyğəmdərin zamanında, nə sonrakı dövrlərdə. Bu metoddan yalnız İsmaili və ya başqa adıyla Xaşxaşilər təriqətinin mənsubları istifadə ediblər ki, demək olar, bütün İslami cərəyanlar onları özlərindən saymırlar.

İkincisi, ona görə ki, yaxın tariximizdə intihar hücumu metodlarından istifadə edənlər təkcə müsəlmanlar olmayıb. Vahid dini, inanc sistemi olmayan yaponlar da II Dünya savaşında intihar hücumlarından yetərincə istifadə ediblər. Hətta bəzi mütəxəssislərin fikrincə, çağdaş intihar hücumları əslində yapon kamikazelərindən örnək alınıb. Hansı ki, II Dünya savaşında Yaponiyaya hücum edən ABŞ gəmilərini yapon təyyarəçi kamikazeləri məhz bu metodla dayandırmağa çalışırdılar. Deməli, dinindən, irqindən asılı olmayaraq, bəşər övladı canından bezəndə son çarə kimi bu üsula əl atır. Buradan belə nəticə hasil olur ki, intihar hücumları dini yox, insani reaksiyadır və bəşər övladının xilqətindən, yaradılışından irəli gəlir. Adətən, amansız istismara məruz qalanlar bu yolun seçməyə məcbur olurlar və acımasız metodlarla onun qarşısını nəinki almaq mümkün deyil, əksinə, bu cür metodlar kamikazeliyin daha da artmasına xidmət edir.

Maraqlıdır ki, ağır istismar yalnız insanlarda deyil, hətta böyük göy cismlərində də kamikazelər yaradırmış. Belə ki, astronomlar göy üzündə eyni qalatikada həm mavi, həm də sarı ulduzlar kəşf ediblər. Bu isə astronomiya elminə görə, mümkün deyil. Çünki gənc ulduzların rəngi mavi, qoca ulduzlarınkı sarı görünürmüş. Bir qalatikada isə bütün ulduzlar eynu yaşda olmalı, deməli həm də eyni rəngdə görünməlidir. Dolayısıyla onlardan birinin sarı, digərinin mavi görünməsini heç cür anlamayan astoronomlar bir müddətdən sonra əsl mətləbi anlayıblar. Bir gün görüblər ki, həm mavi, həm də mavi ulduz yox olub. Burdan əsl səbəbin ipucunu yaxalayıblar. Araşırmalardan sonra məlum olub ki, sən demə, daha böyük olan mavi ulduz  yaxındakı sarı ulduzun qazlarını əmirmiş. Beləcə, daha çox qida qəbul etdiyindən gəncləşirmiş. Eynilə “mən hələ gəncəm, hər həftə 3 dəfə 1 km məsafəni 35 dəqiqəyə üzürəm” deyən deputat kimi. Nəticədə istismara məruz qalan kiçik ulduz tamamilə enerjidən məhrum olur və sıxlığı artan “ağ cücə”yə çevrilir. Bundan sonra cazibə mərkəzi ağırlaşan “ağ cücə” onun enerjisini əmən “müstəmləkəçi”yə verdiklərinin bir qismini almağa başlayır. Daxilindəki enerji artdığından bu təzyiqə dözə bilməyən “ağ cücə” partlayır. İŞİD və ya yapon kamikazeləri kimi, özüylə bərabər istismarçını da parladır.

Bu yerdə Quranın bir ayəsi yada düşür: “Yerlərdə və göylərdə nə qədər ibrət alınası ayələr var ki, çox insan onların yanından üzlərini çevirərək keçir”.

Yunis sürəsi 105-ci ayə.

Quranın təbirincə desək, bizə ibrət almaq üçün göndərilən həmin “ayə”ni təqdim edirik. Videonun 20.00-ci dəqiqəsindən 20.40-cı dəqiqəsinədək baxa bilərsiniz:




Ana səhifəyə qayıt        Baxış: 3 248          Tarix: 30-10-2019, 00:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma