Rəşad AYDIN
İki gün əvvəl qardaş Türkiyə dövləti bütün dünyada öz cumhuriyyət bayramını, yəni cumhuriyyətin elan olunmasının 96-ci ildönümünü qeyd etdi. Azərbaycanda da cümhuriyyət günü münasibətilə Türkiyənin Bakıdakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edildi.
Digər ölkələrin səfirlikləri tərəfindən də milli bayramlarda müvafiq olaraq bu tipli qəbullar təşkil edilir ki, bu da təbiidir və bir növ protokol qaydasıdır. Lakin Cumhuriyyət günü münasibətilə keçirilən tədbir iştirakçıların say çoxluğu ilə digərlərindən kəskin fərqlənirdi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər. İştirakçıların sayının çox olması da təbiidir. Çünki, birincisi, Türkiyə qardaş ölkədir və qardaş ölkə olaraq Azərbaycanda daha geniş auditoriya ilə təmaslarda olur. İkincisi, istiqlal savaşında Azərbaycan olaraq bizlər də minlərlə şəhid vermiş bir dövlətik və belə bir tədbirdə daha geniş şəkildə təmsil olunmaq həm də haqqımızdır.
Həmin tədbirdə iştirakçıların böyük əksəriyyətinin sanki fotoreportaj hazırlayırmış kimi, kiminlə gəldi yüzlərlə şəkil çəkdirib paylaşmasını da təbii qarşılamaq olar. Ən azından ona görə ki, harada və kiminlə şəkil şəkdirmək və bu şəkilləri sosial şəbəkələrdə paylaşmaq hər bir kəsin şəxsi işidir və buna kimsə qarışa bilməz.
Məni bir vətəndaş olaraq narahat edən isə tamamilə başqa məsələdir. Hamıya məlumdur ki, Türkiyə Cumhuriyyət bayramını qeyd etdiyi gün ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyənin əleyhinə 2 qətnamə qəbul edib. Qətnamələrin biri “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması, digəri isə Türkiyəyə sanksiyaların tətbiq edilməsi ilə bağlı olub. Üstəgəl, qətnamələrin qəbulu zamanı ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsi” Masis Mayilyan da müşahidəçi qismində həmin toplantıda iştirak edib.
Narahatlığım, yuxarıda qeyd olunan tədbirdən geninə boluna paylaşımlar edən siyasi partiya və qeyri-hökümət təşkilatları təmsilçilərinın, milllət vəkillərinin, ziyalılarımızın və yazarların, o cümlədən də incəsənət nümayəndələrimizin qəbul olunan qətnamə ilə bağlı mövqe ortaya qoymamasındandır. Qardaş-qardaş deyib təbrikləri bir-birinin ardınca düzən, şəkilərlə sosial şəbəkələri bəzəyən millət qətnamələrə etiraz etmək üçün bircə cümlə belə sərf etməyi özünə çox görür.
Mən hələ ayrı-ayrı siyasi partiya və QHT rəhbərlərinin, millət vəkillərinin rəsmi şəkildə ABŞ-ın Azərbaycandakı səfirliyinə etiraz bəyanatları ünvanlamamasından danışmıram. Ən azından iki dəqiqə sərf edərək bir cümləlik statusla sosial şəbəkələrdə etiraz səsini qaldırmayanların mövqeyidir məni narahat edən.
Qardaşlıq təkcə xoş günlərdə bir yerdə olub, xoş sözlər deməklə bitmir. Qardaşlıq yaxşı gündə də, pis gündə də qardaş dediyinin yanında olmaq, onun sevincinə də, kədərinə də şərik olmaqdan keçir. Qardaşlıq, qardaşına əl uzadanın əlini, dil uzadanın dilini kəsməyə hazır olmaqdan keçir. Qardaşlıq “iki dövlət bir millət” deməklə deyil, vahid bir yumruq kimi birləşərək düşmənin qarşısında dimdik dayanmaqla ölçülür.
Etiraz etmək üçün dəvət gözləyənlərin nəzərinə çatdırıram ki, bu gün ABŞ və digər super güclər başda olmaqla, əksər ölkələrdə dövlət siyasətinə çevrilmiş türk düşmənçiliyinin qarşısında bir millət kimi dayanmasaq, sabah daha ağır zərbələr almış olacağıq. Axı, etiraz etmək üçün nəyi gözləyirik? - Qəbul olunan qətnamələrin Tramp tərəfindən təsdiq olunmasınımı? Bu qətnamələrdən ilham alaraq digər dövlətlərin də anoloji addım atmasınımı? Beynəlxalq güclərin bu günə qədər sərgilədiyi siyasət toplum olaraq etiraz səsimizi ucaltmaq üçün yetərli deyilmi?
Qətnamələrin ABŞ Nümayəndələr Palatası tərəfindən məhz indi, Türkiyənin “Barış pınarı” əməliyyatını həyata keçirdiyi bir vaxtda qəbul olunması heç şübhəsiz ki, ABŞ-ın adı çəkilən əməliyyata verdiyi təpki kimi qiymətləndirilməlidir. Türkiyə bu əməliyyatla ABŞ başda olmaqla, supergüclərin böyük bir oyununu pozub və ABŞ bu cür qətnamə qəbul etməklə Türkiyədən qisas alacağını düşünür.
Bizlərin dövlət və millət olaraq üzərimizə düşən vəzifə isə bu haqsız qətnamələrin təsdiqlənməsinə imkan verməmək üçün etiraz səsimizi ucaltmaqdan ibarətdir. Əks halda çox gec olacaq.
Paylaş: