Xəbər lenti
27-11-2024, 19:25

 

Professor Qulu Məhərrəmlinin 65 illik yubileyinə

Bu gün ölkəmizin görkəmli qələm sahiblərindən biri olan professor Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Qulu müəllim mənim üçün istedad, ləyaqət və mərdlik mücəssəməsidir. Çoxlu sayda kitablar yazmış, jurnalistika elmimizin bünövrəsini qoymuş böyük alimdir. Milli dəyərlərimiz, o cümlədən ana dilimiz uğrunda mübarizə aparan fədakar ziyalıdır. Bu barədə çox yazılıb, əsərləri ciddi təhlil olunub, əməyi qiymətləndirilməsə də, millət qarşısında xidmətləri etiraf olunub. Amma mən tamamilə başqa bir məqam haqqında danışmaq istəyirəm.

Bir neçə il əvvəl AzTV-nin işbacarmaz və şübhəli reputasiyası olan sədri A.Alışanovun qeyri-peşəkarlığını kəskin tənqid etdiyinə görə həmin qurumda professor Qulu Məhərrəmliyə qarşı geniş miqyaslı hücuma keçmişdilər. Ona qarşı böhtan və təhqir kampaniyası aparmaqla ürəyi soyumayan AzTV sədri Q.Məhərrəmlini məhkəməyə vermiş və  qorxulu iddialar irəli sürmüşdü. Pullu sədr əvvəla, onu həbs etdirmək üçün Yasamal məhkəməsində jurnalistə qarşı cinayət işi açdırmağa nail olmuş, ikincisi isə Nəsimi məhkəməsində professora qarşı mülki iddia qaldıraraq təzminat kimi onun 100 min manat cərimə olunmasını istəmişdi.

Nə yaxşı ki, həmin çətin günlərdə vicdanlı insanlar Qulu Məhərrəmlini meydanda tək qoymadılar. Başda böyük ustadımız və müəllimimiz, mərhum professor Şirməmməd Hüseynov olmaqla bir qrup görkəmli ziyalı onun müdafiəsinə qalxdı. Üzdə olan gənc yazarlar da söz adamına qarşı məhkəməni pisləyən bəyanatla çıxış etdilər. Əlbəttə, həmin günlərdə olduqca yüksək təmkin, mətanət və ləyaqət nümayiş etdirən Qulu müəllim bir il sürən məhkəməni öz əzmi ilə udaraq məmur oliqarxı yerində oturda bildi. Məncə, həmin ədalətsiz məhkəmədən sonra Q.Məhərrəmlinin cəmiyyətdə nüfuzu daha da artdı, eyni zamanda cəmiyyət də haqq sözün əvvəl-axır qalib gələcəyinə əmin oldu.

Mən həmin günlərdə əziz dostuma mənəvi dayaq olmaq üçün bir şeir yazmışdım və həmin şeiri yenicə çapdan çıxmış “Dərd əlindən havalandım” kitabına (2019) daxil etmişəm. Görkəmli jurnalistin 65 illik yubileyində həmin şeiri “Hürriyyət”in oxucularına təqdim edirəm.

 

DÖZ, QARDAŞIM, AMANDI!

(Görkəmli jurnalist Qulu Məhərrəmliyə)

Döz, qardaşım, sinə gər,

Namərdlərə, amandı!

Qarğa-quzğun çoxalıb,

Zaman əyri zamandı.

 

Ədalətin yeri  dar,

Namərdlər sular meydan,

Yəhərləyib kor atı

Köndələn çapır şeytan.

 

Cahillərin üzündən,

Çox acılar yemisən. 

Qaranı qara görüb,

Sən ağa-ağ demisən, 

 

Bəs niyə düz deyənin

Dilini kəsir hakim?

Qanuna ağa olub,

Paraya əsir hakim.

Beyinlər çalxalanır,

Fırtına havasıdır,

Haqq nahaqla üz-üzə,

Bu, vicdan davasıdır.

 

Şirməmmədlər dayanıb

Kürəyində şir kimi,

Millət səni qoruyur

Bəd nəfəsdən pir kimi

Yolun Tanrı yoludur,

Geri baxma, düz yeri,

Düzlər  geri çəkilsə -

Əyri kəsər düz Yeri.

Ərşad Əzimzadə

18.04.2016

 

Qulu Məhərrəmli kimdir?

Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.

Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.

1991-ci ildən müntəzəm efirə çıxıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.

1993-1995-ci illər arasında “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub.

1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995-2007) bu qurumun baş redaktoru olub.

Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb.

1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.

2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin edilib

2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də AzTV QSC-ni tərk edib.

2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Hazırda həmin televiziyanın məsləhətçisidir.

2014-cü ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri seçilmişdir.

Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.

Q.Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, 1998-ci ildə baş müəllim, 2002-ci ildə dosent vəzifələrini tutmuşdur. 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir.

Jurnalistika və elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 60-a yaxın xarici ölkədə olmuşdur. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil etmişdir.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuş və "Şikayətlər üzrə komissiya"ya rəhbərlik etmişdir. Hazırda “Jurnalistikanın inkişafına yardım mərkəzi” adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara (“Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” və s.) layiq görülmüşdür.

2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri,

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilmişdir.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir. Gunaz tv-də yayımlanan "Mətbuat aynasında" proqramının aparıcısıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 699          Tarix: 2-11-2019, 08:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma