Türkiyə parlamenti Qətərə əsgər göndərilməsinə icazə verən qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.
Ovqat.com xəbər verir ki, 240 lehinə səslə qəbul olunan qanun layihəsi əslində gələcək həftə müzakirəyə çıxarılmalıydı.
Parlamentin layihənin müzakirəsini bir həftə əvvələ salması Qətərlə digər ərəb ölkələri arasında yaranmış böhranla izah olunur.
Anadolu Agentliyinin məlumatına görə, qanun layihəsində Qətərə göndəriləcək hərbi hissənin əsas missiyasının “müştərək hərbi manevr və təlimlərlə Qətərin müdafiə imkan və qabiliyyətlərinin inkişaf etdirmək, terrorizmlə mübarizə, beynəlxalq sülhsevər kampaniyalarda birgə iştirak və iki tərəfin yazılı razılığına əsaslanan digər vəzifələr” olduğu müəyyənləşdirilir. 28 apreldə Dohada imzalanan sazişə əsasən hazırlanan layihədə 600-ə yaxın əsgərin Qətərdəki Türk hərbi bazalarına yerləşdirilməsi nəzərdə tutulur.
Hərbi bazalara yerləşdiriləcək hərbçi sayının az olmasına baxmayaraq, Türkiyənin indiki zamanda bu tələsik addımı atması bir çox ərəb ölkələrinə qarşı Qətərə qahmar çıxmaq mənasına gəlir. Ölkədəki ana müxalifər partiyası CHP də məhz bu arqumenti əsas götürüb Türkiyənin özünə aid olmayan davalarda yer almasına qarşı çıxır. Partiya sədrinin müavini Öztürk Yılmaz “Reuters”ə açıqlamasında xüsusilə səsvermənin zamanlamasının əvvələ alınmasını tənqid edərək deyib:
"Bu addımıyla Türkiyə öz seçimini etdi. Qətərin yanında dayanaraq başqa ölkələri qarşısına aldı. Bu, səhv siyasətdir. Hansısa davanın tərəfi olduqdan sonra necə aradüzəldənlik (vasitəçilik) edə bilərsən?”
Qeyd edək ki, Qətər və ərəb ölkələri arasında yaranan gərginliyi ortadan qaldırmaq üçün Türkiyə vasitəçi ola biləcəyini açıqlamışdı. Qətər isə vasitəçi kimi Küveytə daha çox üstünlük vermişdi.
Türkiyənin Qətərin yanında yer alması nəticə etibarilə Yaxın Şərqdə İranın öz mövqelərini daha da gücləndirməsi, Səudiyyə Ərəbistanının isə getdikcə yalnızlaşması və daha çox İsrail-ABŞ strateji müttəfiqliyindən asılı vəziyyətə düşməsi deməkdir. Görünür, məhz bu vəziyyəti nəzərə alan İsrailin Müdafiə naziri Aviqdor Liberman bir müddət əvvəl parlamentdəki çıxışında Qətər böhranının Tel-əviv üçün ələdüşməz fürsətlər yaratdığını bildirmiş və “terrorizmə qarşı mübarizə aparmaq” üçün başda Səudiyyə Krallığı olmaqla, digər ərəb ölkələriylə əməkdaşlıq etmək təklifini irəli sürmüşdü.
Paylaş: