Naxçıvan MR-nın İran vətəndaşları üçün viza rejimini ləğv etməsinin əsl səbəbi aydın oldu. XİN-nin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın saytımıza verdiyi açıqlamadan belə anlaşılır ki, Muxtar Respublika rəhbərliyi bu addımın xeyir-duasını Xarici İşlər Nazirliyindən alıbmış.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz ekspert Elçin Qurbanov isə nə XİN-nin, nə də Naxçıvan Muxtar Respublikasının belə bir səlahiyyətinin olmadığına inanır. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin 2-ci hissəsinə əsaslanan ekspertin yekun qənaəti belə oldu: Beynəlxalq münasibətlər, diplomatik nümayəndəliklərin təsis olunması kimi məsələlər Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi həll edir. Naxçıvan MR Ali Məclisi bu kimi məsələləri müstəqil həlll etmək hüququna malik deyil”.
O zaman belə çıxır ki, Naxçıvan MR-nın Nazirlər Kabineti Azərbaycan Prezidentinin və Milli Məclisin səlahiyyətlərini mənimsəyərək bu addımı atıb. Bəs görəsən, kifayət qədər ciddi hüquqi və diplomatik qalmaqal sayılan bu fakt barədə partiya liderləri nə düşünürlər?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ovqat.com-un suallarına cavab verərək deyib ki, bütün bu təzadlıı qərarlar 1993-cü ildə Azərbaycan Konstitusiyasına edilən əlavələrdən və Naxçıvan Muxtar Respublikasına muxtar dövlət statusu verilməsindən qaynaqlanır: "Məhz həmin dəyişikliklərdən sonra, Azərbaycanın tərkib hissəsi olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının dövlət quruluşu Azərbaycanın dövlət quruluşundan fərqlənir. Azərbaycanda prezident üsul-idarəsi, Naxçıvanda isə parlament üsul- idarəsi mövcuddur. Yəni bu cür çoxlu konstitusion uyğunsuzluqlar var və bu uyğunsuzluqlar imkan verir ki, Muxtar Respublika Azərbaycandan fərqli qərarlar qəbul etsin. Bu isə, konstitusion dolaşıqlıqdır. Əslində, Naxçıvan Muxtar Respublikasının o cür qərar qəbuletmə səlahiyyəti olmamalıdır. Çünki viza məsələləri, beynəlxalq münasibətlər yalnız əlahiddə olaraq Azərbaycan dövlətinin səlahiyyətlərinə aiddir. Ölkənin hər hansı bir ərazisinin özbaşına başqa bir dövlətlə o cür münasibətlər qurmaq ixtiyarı yoxdur. "
Konstitusiyanın 95-ci maddəsinin 2-ci bəndi ilə bağlı məsələyə gəlincə, S. Cəlaloğlu öz fikirlərini belə ifadə etdi: "Təbii ki, Konstitusiyanın qeyd etdiyiniz maddəsi pozulub. Mən də deyirəm ki, bütün bu ziddiyyətli qərarlar konstision boşluqlardan qaynaqlanır. Bu cür dolaşıqlara yol verməmək üçün Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin dəqiq çərçivələri müəyyən olunmalıdır. Muxtar dövlət statusu verildiyinə görə, zaman-zaman Azərbaycan Konstitusiyasına, qanunlarına zidd qərarlar qəbul edilir. Bundan əvvəl də bənzər qərarlar qəbul olunmuşdu”.
Sərdar Cəlaloğlu bu cür absurd vəziyyətlərə düşməmək üçün çıxış yolunu Naxçıvanın dövlət idarəetməsini Azərbaycanın dövlət idarəetməsinə uyğunlaşdırmaqda görür: “Təbii ki, ilk növbədə mərkəzi tabeçilik gücləndirilməliidr. Amma indi Azərbaycanda dövlətçilik bir oyuncağa çevrildiyinə görə Naxçıvanda bu cür addımlar atılır. Bu da çox pis, olduqca mənfi presedentdir. Sabah Dağlıq Qarabağ da Naxçıvanın bu qərarını əsas götürüb müstəqil xarici siyasət yürütdüyünü iddia edə bilər. Ona görə də, Azərbaycan prezidenti öz səlahiyyətlərinə sahib çıxmalı və öz səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbul edilmiş qərarları ləğv etməli, günahkarları cəzalandırmalıdır. İlham Əliyevin prezident kimi əsas vəzifələrindən biri də Azərbaycan Konstitusiyasını qorumaqdır. Ona görə də təcili bu məsələyə bir düzəliş verməli, ya da ən azı Naxçıvan Muxtar Respublikasının xüsusi vəziyyətini nəzərə alıb İrana vizasız gediş-gəlişlə bağlı Naxçıvan Ali Məclisinin qərarını təsdiqləməlidir".
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə qeyd etdi ki, bu məsələni öyrənmək lazımdır: "Prinsipcə, xarici siyasət, hərbi siyasət məsələləri Naxçıvan Muxtar Respublikasının səlahiyyətində deyil və o cümlədən sərhəd məsələsi də. Naxçıvanın sərhəddi də Azərbaycan Respublikasının dövlət sərhəddidir. Dövlət sərhəddi, oradakı viza rejiminin müəyyən olunması və s. kimi problemlər bütövlükdə mərkəzi hakimiyyət orqanlarının səlahiyyətlərinə aid olan məsələlərdir. Ola bilsin ki, əgər elə bir məsələ varsa, bu, Azərbyacanın mərkəzi səlahiyyətli orqanları ilə razılaşdırılıb. Əgər belə bir razılaşdırılma olmasa, mən güman etmirəm ki, Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanları özləri özbaşına belə bir addım atsın".
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə bildirdi ki, bu qərarın hansı motivlə bağlı verildiyi barədə məlumatı yoxdur: "Amma mən ümumiyyətlə, İranla viza rejiminin ləğv olunmasının tərəfdarıyam. Çünki sərhədyanı bölgədə yaşayan insanların rifahının artması və gediş-gəliş rahatlığı üçün bu, vacibdir. Naxçıvan üçün isə xüsusilə vacibdir, çünki blokada şəratindədir, ticarət imkanları ancaq Türkiyə və İranladır. Ona görə də belə bir addımın atılması normaldır. Amma qərarı hansı əsaslandırma ilə veriblər, Azərbaycan qanunvericiliynə uyğun gəlib-gəlmədiyi barədə oxuyub, tanış olandan sonra fikrimi bildirə bilərəm".
Konstitusiyanın müvafiq maddəsini nəzərinə çatdırdıqda isə F. Mustafa dedi ki, bəlkə Xarici İşlər Nazirliyinin bağladığı protokol, yaxud hansısa addım əsasında edilib, bunu araşdırmaq lazımdır.
Paylaş: