Xəbər lenti

 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti noyabrın 26-da İran vətəndaşları üçün viza rejimini ləğv edib. Artıq sabahdan İran vətəndaşları Muxtar Respublika ərazisinə vizasız keçə biləcəklər.

Bəs, bu qərar nə qədər qanuna uyğundur?

Xatırlayırsınızsa, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən yayılan bu məlumatı şərh edən Ovqat.com həmin qərarı "qanunsuz və diplomatik özbaşınalıq" kimi qiymətləndirmişdi.

Əməkdaşımızın bu şərhlə bağlı mövqeyini öyrəndiyi Ədalət partiyasının sədri İlyas İsmayılov da  fikrimizi bölüşmüş və Naxçıvan rəhbərliyini Azərbaycanın suverenliyinə hörmət etməyə çağırmışdı.

 

Sirr deyil ki, Azərbaycan SSR-in Respublika Prokuroru, SSRİ  Baş Prokurorluğunun şöbə müdiri, müstəqil dövlətimizin ilk Ədliyyə naziri olmuş İlyas İsmayılov ölkəmizin ən savadlı hüquqşünasıdır. Bir çoxlarından fərqli olaraq, pulu hesabına yox, öz əqli fəaliyyəti və dərin araşdırmaları sayəsində hüquq elmləri doktoru səviyyəsinə yüksələn, “Hüquqi dövlət” kitabı kimi fundamental əsər ortaya qoyan İlyas İsmayılov bu məsələdə səhv edə bilməzdi. Naxçıvan MR Nazirlər Kabineti heç olmasa bu nüansı nəzərə alıb İlyas müəllimin tövsiyələrinə əməl etməli və qərara yenidən  baxmalı idi. Nədən ki, görkəmli hüquqşünasın dediyi kimi, faktiki hüquqi məsuliyyəti bu göstərişi verənlər deyil, Muxtar Respublikanın Baş naziri Əlövsət Baxşıyev daşıyır. Naxçıvan rəhbərliyi isə indiyədək bu istiqamətdə ona tövsiyə edilən addımı atmayıb. Bu da azmış kimi, XİN-nin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da muxtar iradəyə qahmar çıxıb.

 

Əməkdaşımızın sorğusuna yazılı cavab verən Leyla xanım hüquq elminin nəhəngi İlyas müəllimin tezislərini şübhə altına alan həmin açıqlamasında bildirir:

Sualiniza cavab olaraq aşağıdakı məlumatı diqqətinizə çatdırıram:

 

Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu ilin 26 noyabr tarixində Muxtar Respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının 15 gün müddətinə viza tələbindən azad edilməsi haqqında qərar verib.  Dövlətlərarası münasibətlərə aid olan bu məsələ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilib və XİN-in bu xüsusda rəyi verilib. AR XİN-in müvafiq təlimatı əsasında nazirliyin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi İran vətəndaşlarının 15 gün müddətinə Naxçıvana vizasız səfər edə biləcəyinə dair açıqlama ilə çıxış edib.

Hörmətlə,

Leyla Abdullayeva”.

Maraqlıdır ki, Leyla xanım əsaslandığı müvafiq qanunvericilik aktlarının nə konkret adını çəkib, nə də maddəsini göstərib. Üstəlik, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bu qərarının XİN-nin xeyir-duası ilə verildiyini bildirib. Bir növ, sözçüsü olduğu XİN-ni də  “muxtar özbaşınalığın” məsuliyyətinə ortaq edib. Halbuki, bu cür qərarlar XİN tərəfindən deyil, ölkə başçısı və ya parlament kimi xalqın iradəsini ifadə edən seçkili orqanlar tərəfindən verilir. XİN-in vəzifəsi isə bu seçkili orqanların müəyyənləşdirdiyi siyasəti həyata keçirməkdir.

Bütün bunlar öz yerində, bəs görəsən, Konstitusiyamıza görə, Naxçıvan Muxtar Respublikasının viza rejimini ləğv etmək hüququ varmı?

 

Fikrini soruşduğumuz ekspert Elçin Qurbanovun bu suala cavabı kifayət qədər konkret oldu:

“Naxçıvan Müxtar Respublikası Konstitusiyasının 24-cü (müəyyən etdiyi ümumi qaydalar) və 25-ci maddəsinə (təsbit edilmiş NMR Ali məclisnin həll etdiyi məsələlər)  əsasən, Naxçıvan MR Ali Məclisinin müəyyən etdiyi qaydalar və həll etdiyi məsələlər yalnız Azərbaycan Respublikası Konstitusiyası ilə ona həvalə edilmiş hədləri əhatə edə bilər. Bununla yanaşı, Naxçıvan MR Konstitusiyasının 2-ci maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

 Beynəlxalq münasibətlər, diplomatik nümayəndəliklərin təsis olunması kimi məsələlər isə Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi həll edir.  Naxçıvan MR Ali Məclisi bu kimi münasibətləri müstəqil həlll etmək hüququna malik deyil”.




Ana səhifəyə qayıt        Baxış: 4 581          Tarix: 30-11-2019, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma