“Biz münaqişənin “Madrid prinsipləri” əsasında həllində maraqlıyıq və bunu Rusiyanın özü də qəbul edib. Digər yandan, Rusiya münaqişənin mərhələli həll edilməsi kimi variantlara əl ata bilər ki, bunlar Azərbaycanın maraqlarını əks etdirməyə, suveren hüquqlarını poza bilər”.
Politoloq Elşən Manafov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvandan sonra Bakıya da gəldi, Qarabağ münaqişəsi ilə bağlı önəmli fikirlər səsləndirdi. Bu fonda isə Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Sizcə, bu gəlişməni münaqişənin həllinə gətirib çıxara biləcək fəallaşma hesab etmək olarmı?
- Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanda bir sıra suallar doğurdu. Lavrov o zaman demişdi ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın siyasi iradəsi ilə yanaşı, “Dağlıq Qarabağ xalqı”nın da bu prosesdə iştirakı ilə öz həllini tapa bilər. Kifayət qədər təcrübəli diplomat olan Lavrov “Dağlıq Qarabağ xalqı” deyəndə nəyi nəzərdə tuturdu? Söhbət hazırda Qarabağda yaşayan ermənilərdən gedir? Söhbət bundan gedirsə, Moskvanın özü də bilməmiş deyil ki, Yeltsin dönəmində Rusiyanın dəstəyi nəticəsində Ermənistan və Qarabağdakı erməni icmasının birbaşa iştirakı ilə bölgədə etnik təmizləmə siyasəti aparılıb. Dağlıq Qarabağın aborigen xalqı olan azərbaycanlılar bu etnik təmizləmə və dövlət səviyyəsində aparılan terror siyasəti nəticəsində öz yurdlarından didərgin düşüb.
Əslində azərbaycanlı icmasının iştirakı olmadan bu münaqişəni həll etmək mümkün deyil. Söhbət “Dağlıq Qarabağ xalqı”ndan gedirsə, bu adda xalq yoxdur. Söhbət Dağlıq Qarabağ icmalarından gedə bilər ki, bu icmalar azərbaycanlılar və ermənilərdən ibarətdir. Digər yandan, Lavrov onu da bilməmiş deyil ki, bu kimi münaqişələrdə separatçı və ya dövlət terroruna müraciət etmiş tərəf heç vaxt masa arxasında oturmur. Özünə hörmət edən dövlət heç vaxt separatçılarla danışıqlara getmir. Beynəlxalq hüquq da bunu ehtiva edir. Amma Lavrovun Bakı səfəri ərəfəsində Rusiyadan verilən açıqlamalar göstərir ki, Moskva bu münaqişənin dinc yolla və tərəflərin maraqlarının nəzərə alınması şərti ilə həllində maraqlıdır.
- Bəs bu nöqtədə hansı model təklif olunur?
- Rusiya tərəfinin vaxtilə irəli sürdüyü “Lavrov planı” Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutur ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Perspektivdə buna razılıq versək, bu, bizim Dağlıq Qarabağ üzərində olan suveren hüquqlarımızın itirilməsinə gətirib çıxara bilər. Çünki Qarabağ erməniləri tam mənada Azərbaycandan müstəqillik istəyirlər. Azərbaycan tərəfinin rəsmi mövqeyi isə budur ki, Qarabağda yaşayan ermənilərə muxtar statusun verməyə razıdır. Vaxtilə Heydər Əliyev də belə bir fikir səsləndirmişdi. Bu, Naxçıvana verilən statusa bərabər hüquq ola bilər. Amma Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşları sayılmalıdır, ikili vətəndaşlığı olmamalıdır, orada erməni ordusu olmayacaq, orada Azərbaycan manatı tədavüldə olacaq. Heç bir halda da, bufer zonanın yaradılmasına getməməliyik. Ermənistan tərəfinin mövqeyi isə bundan ibarətdir ki, bölgədə bufer zona olmalı və erməni Silahlı Qüvvələri bura yerləşdirilməlidir. Habelə gömrük məsələsi və Qarabağ ermənilərinin xarici ölkələrdə nümayəndəliklərinin açılması Azərbaycan üçün qəbuledilməzdir.
Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin son çıxışları göstərir ki, hələlik tərəflərin baxışlarında ortaq məxrəc yoxdur. Buna görə də düşünürük ki, Rusiyanın təklif etdiyi variant, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva etməlidir. Burada “xalqların öz müqəddəratını təyin etmək” məsələsindən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bildirib ki, ikinci dəfə Azərbaycan ərazilərində ermənilərə dövlətin yaradılmasına icazə verilməyəcək. Əlbəttə biz anlayırıq ki, Rusiya bizim strateji tərəfdaşımızdır, münasibətlər yüksək səviyyədədir, amma hansısa təklif irəli sürəndə, Azərbaycanın milli maraqları nəzərə alınmalı, suverenliyimizə təhdid olmamalıdır.
Biz münaqişənin “Madrid prinsipləri” əsasında həllində maraqlıyıq və bunu Rusiyanın özü də qəbul edib. Digər yandan, Rusiya münaqişənin mərhələli həll edilməsi kimi variantlara əl ata bilər ki, bunlar Azərbaycanın maraqlarını əks etdirməyə, suveren hüquqlarını poza bilər.
- Bəs son aylarda tərəflər arasında müzakirə olunan humanitar layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər özündə nəyi ehtiva edir? Hər halda Azərbaycan buna razılıq veribsə, deməli ciddi bir əsası var.
- “Xalq diplomatiyası” adlandırılan üsullarla belə ağır münaqişələri həll etmək mümkün deyil. Xalq diplomatiyası uzun müddət münaqişə vəziyyətində olan dövlətlərin xalqları, ziyalıları ictimaiyyət arasında etimadın yaradılmasına xidmət edəcək üsul və vasitələri özündə ehtiva edir. Amma tərəflər ilk növbədə münaqişənin həlli ilə bağlı siyasi və hüquqi müstəvi üzərində razılığa gəlməli, Ermənistan dövləti və Qarabağdakı separatçı rejim münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verməlidir. Üstəgəl, burada “xalqların öz müqəddəratını təyin etmək prinsipi”ndən söhbət gedə bilməz. Çünki biz bunu qəbul etsək, dolayı yolla Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına razılıq vermiş olacağıq.
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əks halda, münaqişənin hansı variantda həlli BMT Nizamnaməsinin 57-ci maddəsində öz əksini tapıb: Azərbaycan bu münaqişədə təcavüzə məruz qalmış dövlət kimi işğal altındakı ərazilərini hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Bunu beynəlxalq ictimaiyyətlə yanaşı, ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər də yaxşı bilir.
- Bəllidir ki, Rusiyanın bu məsələdə mövqeyi həlledici ola bilər. Bəs Rusiya Azərbaycandan konkret olaraq nə istəyir?
- Əlbəttə, Rusiyanın Azərbaycandan müəyyən istəkləri var. Məlumdur ki, Azərbaycan strateji bir bölgədə yerləşir. Azərbaycan MDB dövlətləri arasında özünün zəngin resursları və maliyyə imkanları ilə fərqlənən bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz bu gün kredit alan yox, kredit verən dövlətik. Rusiya da Azərbaycanın bu üstünlüklərini görür, onun geostrateji mövqedə yerləşməsi faktorunu nəzərə alır, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu görür və bunu qiymətləndirir.
Bunlarla yanaşı, Rusiya Azərbaycanı özünün patronajlığı altında olan Avrasiya İttifaqında görmək istəyərdi. Əlbəttə, Azərbaycan müəyyən şərtlər daxilində Avrasiya İttifaqına qoşula bilər. Lakin Rusiyanın başqa bir istəyi də budur ki, Azərbaycan Qərbdə “Rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da qoşulsun. Vaxtilə Azərbaycan bu hərbi-siyasi blokun üzvü olub. Amma Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə bu blokdan çıxmağa məcbur olduq. Çünki bu ittifaqda təmsil olunan Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Bu mənada, Ermənistanla eyni hərbi-siyasi blokda təmsil oluna bilmərik. Ən azı Rusiya təminat versə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq, bu halda məsələyə baxılması mümkün ola bilər.
Bununla yanaşı, Rusiyanın bir istəyi də bundan ibarətdir ki, bölgəyə - Azərbaycana sülhyaratma adı altında rus qoşunları yeritsin. Hər halda Azərbaycan bu məsələlərə ölkəmizin milli təhlükəsizlik məsələləri baxımından münasibət bildirə bilər. Düşünürəm ki, bütün hallarda Azərbaycanın suveren hüquqları nəzərə alınacaq.
Paylaş: