Xəbər lenti

 

2000-cı ildən 2017-ci ilə qədər Azərbaycanda Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun, sən demə, 22 cinçıxaranı varmış. Təəccübləndinizmi? Haqlısınız. Amma bundan daha təəccüblü məsələ də var.  O da bundan ibarətdir ki, vergilər sisteminə cinçıxarmaqlıq “elmini” calaq edə-edə 17 il nazir işləyən Fazil Məmmədovun milyardlarla pul mənimsədiyi iddia olunur. Di gəl ki, o, indiyədək məsuliyyətdən yayına bilib. Sabiq nazir bu gücünü hardan alır: Cinlərinin kəramətindən, yoxsa bizim bilmədiyimiz başqa səbəblər var?

Ovqat-com-un sualını Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı belə cavablandırdı: "Heç kim dana bilməz ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq bu hakimiyyətin mahiyyəti olmaqla yanaşı,  həm də dövlət idarəçilik formasıdır. Elə bir dövlət strukturu yoxdur ki, orda korrupsiya və rüşvətxorluq olmasın.  Korrupsiya və rüşvətxorluğun iki forması mövcuddur. Birincisi, hakimiyyətin özünün yaratdığı və nəzarətdə saxladığı, digəri isə nəzarətsiz sahələrdir. Nəzarətsiz sahələr əsasən aşağı əmək haqqı alıb, dolanışığını vətandaşdan əldə edən təbəqələrə aiddir - müəllimlər, səhiyyə sahəsində işləyənlər və s. Bunlar aşağı səviyyədə maliyyələşən sahələrdir. Nəzarət olunan sahələrin isə  hansı postları əhatə etdiyini də  hamı bilir”.

 

Tahir Abbaslının fikrincə, ölkədə baş alıb gedən korrupsiyanın günahını ayrı-ayrı fərdlərdə axtarmaq ədalətli deyil: “Korrupsiya və rüşvətxorluğu ayrı-ayrı şəxslərin tamahı deyil, rejimin mahiyyəti doğurur. Fazil Məmmədov da 17 il Vergilər naziri işləmiş, ondan əvvəl isə Dövlət Gömrük Komitəsində korrupsioner rejimin formalaşdırdığı kadrlardan biridir. Onun fəaliyyəti başqa cür ola da bilməzdi.

Mövcud rejimdə ümumi “kotyol"dan nəzərdə tutulmuş faizdən artıq pay götürənlərin cəzalandırıldığını düşünən T.Abbaslı sabiq nazirin də bu tamahgirliyinin “qurbanı” olduğunu istisna etmir: “Belə hallar baş verəndə də Fazil Məmmədov kimi korrupsioner kadrlar etimadsızlıqda günahlandırılaraq  vəzifədən kənarlaşdırılırlar.  Əldə etdikləri vəsaitlər isə onlardan alınır. Sabiqləri  komandadan uzaqlaşdırmaqla qalmayıb,   onları həm də xüsusi nəzarət altında saxlayırlar. Fazil Məmmədovun bu gün cinayət məsuliyyətinə cəlb olunmaması o demək deyil ki, cəza almayıb. O, rejimin yazılmamış daxili qaydaları ilə cəzalandırılıb. Məsələyə münasibətimi isə  Karl Marksın bir fikri  ilə bitirirəm: "Müttəhimlər kürsüsündə oturmuş bir şəxs özünün şəxsində cəmiyyətin bütün eybəcərliklərini ittiham edir. Heç kim anadan cinayətkar və oğru doğulmur. Onu zaman və mühüt belə olmağa məcbur edir".

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə məsələ barədə fikirlərini bir qədər fərqli  ifadə etdi: "Mən onun barəsində vaxtilə kifayət qədər məlumatlar vermişəm. İndi haradadır, nə iş görür, məlumatım yoxdur. Qoy bu sahə ilə  məşğul olan şəxslər düşünsünlər, hər şeyi biz ictimailəşdirməli deyilik, axı. Bizim işimiz sadəcə bildiyimiz faktları çatdımaqdır, onu da demişik. Gördünüz ki, vəzifədən kənarlaşdırıldı. Ola bilər ki, belə cinayətlərə yol verdiyi üçün gec-tez cəzasını da alacaq. Son vaxtlar onun barəsində heç bir məlumatım yoxdur. Mən bu gün cınçıxaranların onu qoruduğunu da  deyə bilmərəm, araşdırmalardan sonra onu zaman  göstərər. Hazırda seçki prosesidir, başımız qarışıb. Ona görə də konkret heç bir şey deyə bilmirəm. Çox şey bilirəm, amma hələ ki, heç bir şey demirəm".

 Şamo EMİN,

Ovqat. com




Ana səhifəyə qayıt        Baxış: 1 538          Tarix: 8-12-2019, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma