Xəbər lenti

  

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bir hərbi bazaya raket hücumu nəticəsində 6 əsgər yaralanıb.

Ovqat.com xəbər verir ki, məlumatı İraq Müdafiə Nazirliyinin Media Təhlükəsizlik Şəbəkəsi yayıb.

Bildirdiyinə görə, hərbi bazayaa 4 katyuşa mərmisi atılıb və hücumdan sonra başlanan axtarışlar nəticəsində yaxın ərazidə bir raket qurğusu və bir neçə mərmi tapılıb.

Xəbər verilir ki, son aylarda ABŞ-ın İraqdakı hərbi bazalarına hücumlar artıb və bu hücumların məsuliyyətini müxtəlif terror dəstələri öz üzərinə götürüb. Son hücuma isə hələlik sahib çıxan yoxdur.

AFP-yə məlumat verən təhlükəsizlik mənbələri hücumda yaralananların ABŞ tərəfindən hazırlanan və silahlandırılan terrorla mübarizə bölməsinin əsgərləri olduqlarını bildiriblər.

 

Ötən çərşənbə axşamı da ABŞ qoşunlarının yerləşdiyi Anbardakı Eynül-Əsəd hərbi bazasına 5 raket atılmış, lakin heç bir itki qeydə alınmamışdır. Bənzər hücum iki gündən sonra Bağdadın şimalında yerləşən Balad Hərbi aviabazasına edilmişdi. Ümumiyyətlə son hücum altı həftə içində ABŞ hərbi bazalarına və ya Yaşıl Zonadakı səfirliyinə edilən doqquzuncu terror həmləsidir. Bütün bunlar isə İraqda sosial gərginlərdən istifadə edən bəzi terrorçu qrupların fəallaşdığından xəbər verir.

Bəs bütün bu hücumların arxasında kim dayanır?

  

Sualımızı cavablandıran fəlsəfə elmləri doktoru Aydəm İsmayılovun fikrincə, ilk baxışdan terror hücumlarının təşkil olunmasında İŞİD və ABŞ-ın rol oynayacağı gümanı ağır basır: “Bu ehtimalı gücləndirən amillər də az deyil. Türkiyənin Şimali Suriyada həyata keçirdiyi Barış pınarı əməliyyatı ərəfəsində ABŞ-ın kürd separatçılarının əlində olan bölgədəki İŞİD-çiləri çıxarıb İraqa apardığı barədə məlumatlar yayılmışdı. Mümkündür ki, indi həmin qüvvələr Vaşinqtonun göstərişilə azadlıqlarının bədəlini ödəyirlər”.

Aydəm İsmayılova görə, hazırda İraqda yaşananlar ölkəni qorumaq adı altında ABŞ-a yenidın Yaxın Şərqə əsgər göndərməsi üçün bəhanə verir: “Pentaqondan gələn son məlumatlar da Vaşinqtonun Yaxın Şərqə 5-7 min nəfərlik əlavə qoşun göndərməyi planlaşdırması istiqamətindədir”.

Bununla belə, ekspert bu hücumların arxasında İŞİD-çılərin yox, İrana bağlı Həşdi-Şabiçilərin də dayana biləcəyini istisna etmir. Onun fikrincə, İraq xalqının artıq 2 aydan çoxdur ki, davam edən İran və Həşdi-Şabi əleyhinə etiraz aksiyaları dayanmaq bilmir, İrana bağlı qüvvələr isə onlarsız vəziyyətinin yenidən dözülməz hal ala biləcəyinin əyani örnəyini yaratmağa çalışırlar.

 

“Xatırladaq ki, Həşdi-Şabi yaranmamışdan əvvəl İraqda vəziyyət olduqca ağır idi. Şimali İraqda peyda olan İŞİD kəndləri, şəhərləri ala-ala Bağdada qədər yaxınlaşmışdı. İraqın dini lideri ayətullah Sistani əvvəl bütün israrlara rəğmən İŞİD-ə qarşı xalq müqaviməti hərəkatı yaratmağa tələsməsə də, vəziyyətin ağırlığını nəzərə alıb bu barədə fitva verdi”, - Aydəm İsmayılov belə deyib.

 Ekspert onu da vurğulayıb ki, Sistaninin son ana qədər gözləməsi İraqın indiki vəziyyətinə düşəcəyini, İŞİD-dən sonra İranın bu ölkədən çıxarılmasının daha çətin olacağını proqnozlaşdırmasından qaynaqlanırdı: “Son iki ayda yaşananlar ayətullah Sistaninin haqsız olmadığını təsdiqləyir”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 170          Tarix: 9-12-2019, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma