Xəbər lenti

  

Naxçıvan Ali Məclisinin sədri yerli parlamenti buraxmadan seçkilər keçirməklə bağlı sərəncam imzalayıb. 9 fevralda Muxtar Respublikada da seçkilər keçiriləcək. Mövcud parlamentin səlahiyyət müddəti isə noyabrın ilk həftəsində bitir. Belə çıxır ki, 2020-ci ilin fevralından noyabrına qədər hardasa 9 ay Naxçıvanda iki Ali Məclis fəaliyyət göstərəcək. Yəni parlamentli muxtar respublikanın ən yüksək hakimiyyət qolu siam əkizinə çevriləcək. Bu nə dərəcədə qanunauyğundur?

Ovqat.com-un suallarını cavablandıran mərhum Heydər Əliyevin hüquq məsələləri üzrə müşaviri Elman Cəlilovun fikrincə, bu sərəncamın  heç bir hüquqi əsası yoxdur və vaxtaşırı qarşılaşdığımız “muxtar özbaşınalıq”ların ciddi səbəbləri var: “Problemin başlıca qaynağı Naxçıvan MR konstitusiyasının Azərbaycan Konstitusiyasına müvafiq olmamasından qaynaqlanır”.

Elman Cəlilov açıqlamasında bu qeyri-müvafiqliyin səbəblərinə də aydınlıq gətirdi. Onun bildirdiyinə görə, Azərbaycan Konstitusiyası qəbul olunanda Prezdentin parlamenti buraxmaq səlahiyyəti yox idi: “Son referendumla Konstitusiyanın tələbləri dəyişdirildi və Prezidentə bu səlahiyyət verildi. Amma həmin dəyişiklikdə nə Prezidentə, nə də Ali Məclis sədrinə Naxçıvan MR Ali Məclisinin buraxılması səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdı. Dolayısıyla Naxçıvan Ali Məslisi heç cür buraxıla bilməz”.

 

Həmsöhbətimiz Ali Məclisin bu toxunulmazlığının sirrini də açdı: “Mən hələ Naxçıvanda olarkən Heydər Əliyevə təklif etmişdim ki, elə bir konstitusiya tərtib etmək lazımdır ki, hakimiyyət qolları, konkret desək, icra hakimiyyəti ilə qanunverici hakimiyyət bir-birinə mane olmasın. İkinci bir təklifim isə parlamenti ikipalatalı etmək idi. Bu təklifimə görə, bütün maliyyə məsələlərini yürütmək aşağı palataya verilməliydi. Heydər Əliyev ikinci təklifimə tərəddüdlə yanaşdı. Dedi ki, Azərbaycan balaca ölkə olduğundan parlamenti ikipalatalı etməyə ehtiyac yoxdur. Ancaq birinci təklifimi qəbul etdi və yeni Konstitusiya da bu prinsip əsasında tərtib olundu. 2016-ci il referendumundan sonra Konstitusiyanın bu “qızıl qaydası” pozuldu. Naxçıvan MR Konstitusiyasında isə hələ də keçmiş prinsiplər özünü qoruyur. Muxtar Respublikada qəbul olunan bir çox qərar və sərəncamların hüquqi cəhətdən əsaslandırıla bilməməsi də məhz bundan qaynaqlanır”.

Bəs bu hüquqi qeyri-müəyyənliklərdən çıxmağın bir yolu varmı?

Elman Cəlilovun fikrincə var: “Qanunvericilikdə belədir: Naxçıvan MR Ali Məclisinin və onun sədrinin imzaladığı qanunların hər biri , o cümlədən MR Konstitusiyası Azərbaycanın müvafiq qanunvericilik aktlarına  uyğun deyilsə, öz qüvvəsini itirmiş olur. Vasif Talıbovun da bu sərəncamının heç bir hüquqi əsası yoxdur və qüvvəyə minə bilməz”.

 

Elədirsə, növbəti sual ortaya çıxır: “Naxçıvan MR qanunlarının fövqündə dayanan Azərbaycan Konstitusiyasına görə, hakimiyyətin mənbəyi xalqdır. Bu həm də ölkəmizin respublika adlandırılmasının ən önəmli şərtidir. Xalq isə parlament, bələdiyyə və prezident seçkilərində seçdikləri təmsilçiləri ilə öz hegemonluq səlahiyyətlərini həyata keçirir. Nəzəri baxımdan, xalqın seçərək formalaşdırdığı parlamentin səlahiyyət müddətini Ali Məclisin sədri necə məhdudlaşdıra bilər? Məhdudlaşdırarsa, onda hakimiyyətin mənbəyi kimdir və biz doğrudanmı unitar respublikayıq?

Elman Cəlilova görə, bu sualın cavabı elə özündə olduğundan şərhə çox ehtiyacı yoxdur: “Sizin də məntiqinizdən belə çıxır ki, Vasif Talıbov Naxçıvan seçicilərinin səlahiyyətlərini mənimsəyib. Naxçıvan Ali Məclsinin sədrinin öz səlahiyyət hədlərini aşmaqla cinayət törədib törətmədiyini isə biz yox, Azərbaycan MM və Prezidenti müəyyən etməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 3 287          Tarix: 10-12-2019, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma