Azərbaycan xalqı şair xalqdır. Tarixən ən böyük qəhrəmanlarımız belə, sazla-sözlə silahlanıb döyüşə gediblər. Qoç Koroğlu qurşağında qılınc, çiynində saz daşıyıb. Dədə Qorqudun qopuzu çox qəhrəmanlarımızın qılıncına güc verib. Bu baxımdan Türk kültüründə söz qılıncdan, qələm nizədən öndə gəlib.
Biz də bir çoxlarımızın siyasətçi kimi tanıdığımız İbrahim İbrahimli ilə ən böyük silahımız - ədəbiyyat barədə söhbət etdik.
İstiqlalçı deputat, Milli Şuranın aparıcı liderlərindən biri İbrahim İbrahimlinin Ovqat.com-a müsahibəsini təqdim edirik:
- Sizin ədəbiyyat biliyiniz çox yüksək səviyyədədir. Hətta siyasi yazılarınızda belə ədəbiyyatdan sitatlar çəkirsiniz...
-İndi siyasi-analtik yazılar çox oxunmur, mövzunu maraqlı və oxunaqlı etmək üçün ona bədii rəng qatmaq, estetik çalar vermək lazım gəlir ki, oxucu verilən mesajı rahat qəbul edib mənimsəyə bilsin. Və bədii əsərlərdən müəyyən nümunələr gətirməklə, paralellər aparmaqla mövcud durumu şərtləndirən siyasi hadisələrin mahiyyətini açmaq və onu oxucuya çatdırmaq asan olur. Məsələn, keçid dövrü mülkiyyətə münasibətin formalaşmasında xeyli ziddiyyətlər üzə çıxıb və paradoksal bir vəziyyət yaranıb. Məzmunla forma arasında yaranan bu ziddiyyətləri və yaşanan böhranı oxucuya doğru-düzgün izah etməyin ən yaxşı yolu bədii ədəbiyyata müraciət etmək və paralellər aparmaqdır. Misal üçün, “oliqarxiya və oliqarx nədir” sualına ən yaxşı izahı Cek London “Dəmir Daban” əsərində verib. Cek London hələ 100 il əvvəl kapitalizmin ilkin kapital yığımı mərhələsində maliyyə oliqarxiyasının necə meydana gəlməsini çox ustalıqla təsvir edir. Hadisələr üçüncü şəxsin- Evisin 1912-18-ci illərdə yazılan gündəlikləri əsasında onun Çiqako üsyanında həlak olmuş əri inqilabçı Ernest Everqardın dili ilə təsvir olunur. Cek Londonu bir ədəbiyyat adamı kimi peşəkar siyasətçilərdən fərqləndirən ən böyük üstünlüyü də elə bundadır: o, baş verən itimai-siyasi proseslərə ideoloji aspekdən-solçu və ya sağçı kimi deyil, peşəkar bir yazıçı kimi yanaşır. Oliqarxiya ilə gələn fəlakəti instinktiv olaraq hiss edir və bu, hisslərini əsərin əsas qəhrəmanı Ernestin dili ilə oxucusu ilə bölüşür, onu gözləyən təhlükədən xəbərdar edir: “Əgər bu mübarizədə oliqarxalar qalib gəlsə cəmiyyət onların dəmir dabanı altında əziləcək”.
Və ya Corc Oruell “1984” əsəri... Nə qədər ki, dünyada totalitarizm və avtoritarizm mövcuddur, təbii ki, “1984” əsəri hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq. Əsər mürəkkəb olduğu qədər də sadədir: şüşədən düzəlmiş evlər, 24 saat kamera nəzarəti, şəxsi həyatın hər sahəsinə girmək haqqı olan polis və təhlükəsizlik ordusu, gecə-gündüz bezib-usanmadan təbliğat aparan böyük ekranlar, yalançı və saxtakar mətbuat, yalançı ideologiyalar, saxtalaşdırılmış tarix, idarə edənlərlə idarə olunanlar arasındakı dərin uçurum, bir ovuc dövlət məmurundan başqa hər kəsin yadından çıxmış və taleyin ümidinə buraxılmış qara camaatdan- “prollar”dan bəhs edən bir romandır. Corc Oruelldən roman haqqında da müəllif kimi onun fikrini soruşan tənqidçilərə belə cavab verib: “Mən bu cür cəmiyyətin nə vaxtsa ortaya çıxmasına tam inanmıram, amma belə bir despotik rejimin yaranması ağlabatandır, çünki siyasi ambiçiyozların şüuraltında totalitar və avtoritar ideyalar daim mövcud olur və əllərinə keçən ilk fürsətdə bu ideyalardan istifadə edirlər”.
70 il bundan əvvəl Corc Qruellin ağlına gələnlər indi bizim başımıza gəlir: Axı bizim də əzəli və əbədi olan Böyük Qardaşımız var, axı bizim də hər şeyə sahib olan Daxili partiyamız, əl buyruqçusuna və qulluqçusuna çevrilən Kənar partiyalarımız var, axı bizim də zombiləşdirilmiş prollarımız var! Axı bizim də neftimiz qazımız, anoloqsuz inkişafımız var!
- Həm də çox güman ki, mübarizə apardığınız vaxt ədəbiyyat sizə söykək yeri olub...
- Bəli... Alber Kamyunun bir essesi var: “Sizif əməyi”. Qədim yunanlar Sizif əfsanəsi ilə allahların qəzəbinə tuş gələn insanlar üçün gerçək və işıqlı dünyanın necə cəhənnəmə çevrildiyini təsvir etmişlər. Sizif həmən insanların - “cəhənnəmin əbədi əzabkeşləri”nin ümumiləşdirilmiş mifoloji obrazıdır. Zevs Sizifi ən ağır cəzaya - əbədi faydasız və ümidsiz əməklə məşğul olmağa məhkum edir. Sizif böyük qaya parçasını dağın başına qaldırıb o biri tərəfə aşırmalı idi. Amma günün sonunda daş dağın başından diyirlənib yenə əvvəlki yerində dururdu. Beləliklə, Sizif əməyi Kamyuya qədər dünya ədəbiyatında boş-boşuna faydasız, ümidsiz və ağır işlər görməyin metaforasına çevrilmişdi. Amma Alber Kamyu bu münasibəti “Sizif haqqında yazdığı essesi ilə dəyişdi. O, qədim yunan əsatirinə yeni həyat həyat verdi. Yeni məna və fəlsəfi məzmun alan əsər lirik bir əfsanədən umidsiz mübarizə ideologiyasına çevrildi. Bu, ən ağır şərtlər altında, hətta son ümidi tükənib öləziyəndə belə, sınmadan, əyilmədən əzmlə sonsuzluğa qədər - əbədi mübarizə aparmaq ideologiyası idi.
Kamyu insanın mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyilə müqayisə edir və o dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, daimi hərəkətdə, bitib-tükənmək bilməyən mübarizədə görür və yazır: “Mən Sizifi dağın yamacındaca tərk edirəm! Kiminsə yükünü yenidən daşımağa başqa birisi hər zaman tapılır. Lakin Sizifin bənzərsizliyi məhz bundadır ki, o, Tanrıları danan və qayaları qaldıran ali sədaqəti, vəfa və inamı öyrədir. O, hamıdan çox belə nəticəyə gəlir ki, hər şey yaxşıdır. Bundan sonra yaradanından, sahibindən məhrum olmuş dünya ona nə bəhrəsiz, nə də mənasız görünür. Yuvarladığı daşının hər bir zərrəsi, hər bir mineral layı özü öz içərisində sıldırım və uçurumlarla doldurulmuş dünyasını zülmətdə də qaydaya salır. Zirvəyə yönəlmiş mübarizənin özü insan qəlbindəki boşluqları doldurmağa kifayət edir. Ona görə də Sizif xoşbəxt təsəvvür edilməlidir”.
- Mübarizəyə səsləyən əsərlər var, ilk yadıma düşəni deyim: Cek Londonun “Martin İden”i. Bu cür əsərlər sizə stimul olurdumu?
-Bizim nəslin bəxti onda gətirdi ki, sovet senzurasından keçməyən bütün qadağan olunmuş əsərləri 60 –cı illərin ab-havasında oxuya bildik. Məsələn Soljenitsının "Qulaq Arxipelaq"ını, Boris Pasternakın "Doktor Jivaqo"sını, Nabokovun "Lolita"sını , Volterin "Kandid"ini, Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattalı Sarrotun , Virciniya Vulfun və başqalarının… adlarını sadaladığım və sadalamadığım xeyli müəlliflərin əsərlər keçmiş SSRİ məkanında birmənalı şəkildə qadağan olunmuşdu. Rəsmi ideologiyanın qapıları mühacir ədəbiyyatının üzünə bağlı idi. Bu əsəri ilk dəfə 11 ci sinifdə oxumuşam. O vaxt əsər məni o qədər uzaqlara aparmışdı ki, kitabı oxuyub bitirməyə heyfim gəlirdi. İstəyirdim kitabdan aldığım ləzzət heç bitməsin. Ona görə də kitabı çalışırdım lap yavaş-yavaş oxuyum. Qəhrəmanla kövrəlirdim, sevinirdim. Əsərdə ictimai qınaq və onunla kəskin mübarizə var. Fərdin savaşı var.
Cek London “Martin İden” romanını öz həyat hekayəsindən yola çıxaraq yazmışdır. Gəncliyindən sosializmin sehri altında olan yazıçının inqilabın gücünə olan inamı ədəbi qəhrəmanlarına da sirayət etmişdi. Qəhrəmanlarının içindəki ölüm-dirim savaşı elə yazıçının öz daxilində gedən mübarizənin bədii ifadəsiydi. Cek London ömrünün son illərində inqilaba, sosializmə inamını tamamilə itirmişdi. Avtobioqrafik xarakter daşıyan “Martin İden” romanında Cek Londonun bu romanda şəxsiyyətin mənəvi süqutunu sərgiləyir. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir. Əslində, Martin İden Cek Londonun özüdür. Roman avtobioqrafik səciyyə daşısa da, həm də psixoloji romandır. Psixoloji romanda yazıçı, realist romanlarda olduğu kimi, yalnız yaşanan hadisələrlə kifayətlənmir, bu hadisələri ortaya çıxaran səbəblərin altqatını enir və onu açır... Ustqatda mübariz görünən Martin İden, altqatda dərin psixioloji sarsıntılar yaşayır. Məsələn... Martin öz sönən zəkası ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermir. Bu hələ həyatdır, həyatın son sarsıntısı, son əzablarıdı. Bu, həyatın ona vurduğu son zərbə idi.
-Oxuduğunuz əsərlər içərisində sizi motivasiya edən, dərin iz qoyan, güclü təsir buraxan əsər olubmu?
- “Yalquzaq”əsəri olub... XX əsri hər nə qədər “elmi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırsalar da, unutmaq lazım deyil ki, məhz bu dövrdə bəşəriyyət özünün ən dəhşətli faciələrini - iki dünya müharibəsini, ayrı-ayrı xalqların soyqırımını, hətta kütləvi qırğın silahlarının insanların üzərində sınaqdan keçirilməsi kimi ağır olaylar yaşadı. Nə yazıq ki, insanlar maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mənəvi cəhətdən yoxsullaşıb alçalırlar.
Məhz, bu illərdə Avropada mənəvi böhran o həddə gəlib çıxmışdı ki, çəmiyyətdə və onun ətrafında baş verən gerçəkliklərin yenidən dəyərləndirilməsi tələb olunurdu. Ədəbi-fəlsəfi elita böhrandan çıxmaq ücün yeni humanist dəyərlərlə çıxış etməyə başladı…Qüvvələr nisbəti fərqli idi: Bir tərəfdə dünyanı yenidən bölüşdürmək istəyən və tarixin ən böyük qətliamlarını törədən ideologiyalar və onun daşıyıcıları dayanırdı, digər tərəfdə isə yeni humanist dəyərlərlə çıxış edən, böyük və nəhəng yazarlar.
Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattalı Sarrotun və Virciniya Vulfun yaradıcılığı o zaman sanki bir təcrübə laborotoriyasıydı. Əsas hədəf isə “yeni-azad insan” formalaşdırıb mənəvi böhrandan çıxmaq idi… Ona görə də onların üzərində işlədikləri əsas xammal hansısa ideologiyalar deyildi, məhz insanın özü və onun psixologiyası idi. Sanki insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzablarından keçirərək xilas etmək istəyirdilər.
Amma Herman Hesse həmkarlarından fərqli olaraq insanın psixologiyasını deyil, onun ilkin təbiətini və bütövlükdə isə mahiyyətini dəyişmək istəyirdi. Çünki onun yaratdıqları bütölükdə yarıheyvan və yarıinsan idı. Hessenin yaradıçılıq “laboratoriyasında” yaranan insan əvvəlcə içindəki heyvanı öldürür, sonra öz mənini dirildir və yeni, azad insanı yaradırdı…
Bu mənada “Yalquzaq” romanı bütün zamanlar və məkanlar üçün əvəzolunmaz bir nümunədir. Çünki bu əsər yazıçının özünün də dediyi kimi, insanı ölümə deyil, yaşamaq uğrunda mübarizəyə səsləyir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy, kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir. Mənə görə insan bu həyatda ləyaqətli bir ömür yaşamaq üçün mütləq seçim etməlidir: ya haqsızlıqla barışıb kütlə qanunlarına uyğun ömür sürməli, ya ona qarşı mübarizə aparmalı, ya da tamamilə bir kənara çəkilib tərki dünya olmalıdır.”
Hər insanın içində bir canavar gizlənib... Canavarlar təbiətdə yeganə canlı varlıqlardır ki, erkək dişiyə, yaxud da əksinə, dişi erkəyə, xəyanət etmir. Onlardan biri öldükdə dıgəri dəstədən ayrılır, ömrünün sonuna qədər tənha yaşayır və yalquzağa çevrilir.
Herman Hessenin bu adı seçməsi təsadüfi deyil, uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olan atası ona iki canavar haqqında bir hind pritçası danışmışdı və bu onun yaddaşında iz qoymuşdu. Deməli, dünyagörmüş nurani bir hindlii öz nəvəsinə həyat həqiqətlərini belə anladır: “Hər bir insanın içində sanki iki çanavar gizlənib və onların arasında daima ölüm- dirim mübarizəsi gedir. Bu canavarlardan biri şəri- zülmü təmsil edir… digəri isə xeyiri – haqqı təmsil edir”. Uşaq bir qədər düşünüb soruşur: “Bəs, axırda hansı canavar qalib gəlir? Babası cavab verir: “O, baxır insana… Hansını yemləsə o, da qalib gəlir”.
Əslində, ”Yalquzaq” adı qəhrəmanın- Harrinin xarakterindəki döyüşkənliyi ifadə etməklə bərabər, həm də onu üzvi şəkildə təbiətlə bağlayan bir “vəhşilikdir”. “Vəhşilik”-insanın üzvi şəkildə təbiətlə bağlılığı, Alman ədəbiyyatında həmişə aparıcı tendensiya olub. Hətta Yohan Volfqanq, Volfqanq Amadey Motsart kimi dahilərin adında (volf – almanca canavar deməkdir.) “canavar” sözü işlənmişdir. Sən demə, Harrinin pərəstiş etdiyi bu dahilərin də daxilində bir yırtıcı canavar gizlənib daim ölüm-dirim mübarizəsi aparırmış. Və onların xarakterindəki insani keyfiyyətləri şərtləndirən humanizm ona görə güclü və yenilməzdir ki, onlar bu şəxsi keyfiyyətləri məhz daxillərində gedən amansız mübarizədə qazanıb təsdiq ediblər. Dünya “Yalquzaq”dan keçib təmizlənməlidir, yoxsa…
Əslində, “Yalquzaq”lıq yadlaşan bir insanın daxili ziddiyyətlərinin təzahürü və bu zidiyyətlərin fonunda onun bir fərd kimi tədricən inkişaf edib təşəkkül tapmasının bariz bir göstəricididir: ziddiyyətlər içərisində boğulub əldən düşən insan uzun sürən daxili mübarizədən sonra xaraktercə yeni məna və məzmun alaraq, sonda qalib gəlir və bütün dəyərlərin yeganə ölçüsünə çevrilir.
Bəli, yaşadığımız məmləkətin “Yalquzaq”a, çox böyük ehtiyacı var… Nəinki bizim, hətta bütün dünyanın belə “Yalquzaq”dan keçib təmizlənməyə əşədü ehtiyacı var.
Çünki “Yalquzaq” romanı həm ideya-məzmun, həm də estetik baxımından çoxqatlı, çoxlaylı, çoxşaxəli olub müxtəlif fəlsəfi konsepsiyaları, düşüncə tərzlərini özündə ehtiva edir. Bu qatlardan biri də insanın özünüdərkidir. Daha doğrusu, real həyatdan təcrid olunub yadlaşan insan, bir tərəfdən özündə “insanlıq”, digər tərəfdən isə “canavarlıq” xisləti hiss edir. Və daxili ziddiyyətlərdən çıxış yolunu ancaq intihar etməkdə görən insan, nəhayət öz daxilindəki bu mürəkkəbliyi dərk edərək “ölməzliyə” gedən yolu tapır. Deməli, özünüdərk son anda xilasa gətirib çıxarır.
-Azərbaycan ədəbiyyatına gələk... 60-cılardan başlayaq... Onlar sovet qəliblərindən çıxdıqlarını və ortaya yeni dünya görüşü qoyduqlarını düşünürdülər... Necə düşünürsünüz? Həqiqətən də 60-cılar sosrealizm ədəbiyyatı deyildimi?
-Məncə, yazıçıları nəsillərə bölmək nəsillərarası süni ziddiyyətlərin yaranmasına və bir-birinin inkarına gətirib çıxardır. İnkarçılıq nəsillərin biri digərini əvəz etməsini çox ağrılı bir prosesə çevrir. Sovet dönəmindən qalan, sosializm ideyalarına uyğun olan, sosrealizmin doğurduğu bu acı miras - yeniliklə köhnəliyin mübarizəsi adı altında bu gün də davam edir. Düz, iki yüz ilə yaxındır ki, dünya ədəbiyyatının aparıcı mövzusu kimi məhz "atalar və oğullar" təqdim edilir. Özü də bu mövzu az qala bütün bəşəriyyətin problematik sahəsi kimi təqdim olunur, guya insanlararası munasibətlər gərgindi, qəlizdi və hətta bir çox hallarda həllolunmazdı. Bu psixoloji gərgin münasibətlərin ən birinciləri sırasında ata-oğul münasibətləri təqdim olunur.
Yeri gəlmişkən, Füzilinin "Rind və Zahid" əsəri bu mövzudan bəhs edir. Bu adlar orta əsr ədəbiyyatında rəmzi məna daşıyırdı. Rind və Zahid obrazlarını ata və oğul timsalında verən Füzuli hər iki obraza özünəməxsus ilahi bir yanaşma sərgiləyir. Əslində, şair bu iki obrazın mükaliməsində iki müxtəlif nəslin - atalar və oğulların Allah, Cahan və İnsan əlaqələrinə münasibətini açıqlayır. Hər iki nəslə rəğbətlə yanaşaraq onları belə səciyyələndirir: “Əcəm diyarında olduqca vüqarlı, çox təmiz və pak bir zahid var idi... Onun Rind adlı bir oğlu var idi ki, kamalda misli-bərabəri yox idi”.
Sofokldan bu yana tarix boyu problem kimi davam edən ata-oğul münasibəti bu əsərdə öz həllini tapır. Füzuli qəhrəmanlarının həm zahiri, həm də batini dünyalarında bir-birilərinə ehtiyyaclarını qabardır, onların birləşib şəklində bir- birinin mövqeyini təkmilləşdirib, tamamlayıb zənginləşdirməsini və inkişafını daha münasib, daha məqbul sayır. Zahid irfan sahibi Rindin fikirlərindən nəticə çıxarır, riya, təkəbbür kirini simasından silir. Rind isə təcrübəli Zahidin məsləhəti ilə öz surətini tövbə örtüyü ilə zinətləndirir. Uzun sürən mükalimələrdən, sual və cavablardan sonra bir- birini başadüşən və qəbul edən hər iki obraz - Rind və Zahid əl-ələ verib məhəbbət dəlili olan hidayət küçəsini seçirlər, daha doğrusu, birgə addımlayırlar.
60-cı illər tarixi bir dönüş dövrüydü. Bu tarixi dönüşü təkcə ədəbiyyatla bağlamaq olmaz. İctimai-siyasi həyatın bütün sahələrində bir dönüş idi, o cümlədən ədəbiyyatda da dönüş dövrü başladı. 60- cılar bu dövrdən üzüağ çıxsalar da, müstəqillik dövründə sınaqdan çıxa bilmədilər - məmurlaşdılar və imtiyazlı bir təbəqə yaratdılar.
Yeri gəlmişkən bir tarixi örnək verim.
Tarixi arayış:
Viktor Hüqo Fransa kralı tərəfindən təyin edilən təqaüddən – beş min frankdan imtia edir və İctimai İşlər Nazirliyinə məktub yazır: “…Kralın təyin etdiyi bu təqaüd sərbəstliyin əl-qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Reallıqda bu hədiyyəni qəbul etmək, müstəqil fəaliyyətdən imtina edib hökumət qarşısında öhdəlik götürmək deməkdir. Əslində, yazıçı hakimiyyətə müxalifətdə olmalıdır. Belə olan halda, namuslu yazıçı gərək hər şeydən əvvəl hökumətlə pul haqq-hesabını kəssin. Ona görə də mən öz təqaüdümdən imtina edirəm”.
İkinci tarixi bir örnək:
Fransa parlamentdə respublika tərəfdarları ilə monarxiya tərəfdarları arasında amansız mübarizə başlayır. Bu mübarizədə təşəbbüsü öz üzərinə götürən Viktor Hüqo Məslis üzvü kimi Lui Napoleon başda olmaqla bütün monarxiya tərəfdarlarına qarşı çox sərt və kəskin çıxışlar edir: “Siz başqa əsrin adamlarısınız, siz meyitsiniz. Gəlin canlıları rahat buraxın… Siz qəbirdən xortdamaq istəyirsiniz? Keçənləri unutmusunuz? Ayağınızı məşum Tüilri sarayınin iki addımlığında olan səkiyə qoyun, onda iki şeydən birini seçməli olacaqsınız: ya köhnə monarxiyanı qəbirə sürükləyən eşafot, ya da yeni kralları sürgünə göndərən kirayə edilmiş kareta. Ömürlük prezidentlik sizə hara aparıb çıxaracaq? Əlbəttə imperiyaya… Məgər biz vaxtilə Fransada Böyük Napoleon olduğuna görə indi də Kiçik Napoleona dözməliyik?”
Parlamentdə təmsil olunan müxalifətçi deputatlar Milli Müqavimət Hərəkatını təşkil etmək üçün Viktor Hüqonun başçılığı altında Milli Müqavimət Komitəsi yaradırlar. Vəziyyət təhlükəli hal alır. Müqavimət Komitəsinin üzvlərini izləyirlər. Onlar 2 gün ərzində 17 dəfə yerlərini dəyişməyə məcbur olurlar. Lui Napoleon şəxsən Hüqonu tutub təslim edənə və ya öldürənə 25000 frank mükafat vəd edir.
-Yeni nəsil yazarlar haqqında nə deyə bilərsiniz?
-Məncə, Azad Yazarlar Ocağı çox böyük iş gördü. Yeni çağdaş Azərbaycan ədəbiyyatını sosrealizmin təsirindən xilas etdi.
Söhbətləşdi: Nazilə,
Ovqat.com
Paylaş: