Azərbaycan xalqı tarixən şair xalq adlandırılıb. Tarix boyu şairlərimiz təkcə gözəlin xalına, gül cəmalına qəzəl oxumaqla qalmayıb, yeri gələndə xalqın dərdlərini ən yüksək kürsülərdə dilə gətiriblər.
Bir çoxları buna farslardan gələn mədəni-mənəvi ənənə kimi baxsalar da, tarixi sənədlər türk topluluqlarında ozanın xüsusi yer tutduğunu, hətta ölkənin idarə olunmasında önəmli məsuliyyətlər daşıdığını ortaya qoyur.
Heç uzağa getməyək, Azərbaycan türkünün milli epopeyası sayılan “Kitabi Dədə Qorqud” əsərindəki Dədə Qorqud obrazının nüfuzu xanlardan, bəylərdən nəinki aşağı deyildi, əksinə, bir çox baxımdan onları üstələyirdi. Xanların, bəylərin, sərgərdələrin son məsləhət aldığı ünvan kimi Dədə Qorqud Oğuz yurdunun idarə olunmasında birbaşa iştirak edirdi. Hətta ona insanüstü varlıq, Müqəddəs Ata kimi baxıldığını da iddia edə bilərik.
Rus işğalından sonra şair və ədiblərimizə bəslədiyimiz bu sayğı tədricən yox oldu. Baxmayaraq ki, sovet hakimiyyəti illərində söz adamlarına qeyri-adi dərəcədə etimad hələ də özünü qoruyurdu. Müstəqillik illərindən sonra isə şair və ədiblərimiz ümumiyyətlə təsir güclərini itirdilər. İndi şair sözünə əhəmiyyət verən də yoxdur.
Sözsüz ki, bu nüfuzdan düşmənin səbəbləri arasında obyektiv amillər də az deyil. Qələmini şəxsi maraqlarının alətinə çevirən, idarəçilərə yaltaqlanan, mədhiyyələr deyən söz adamımız artıqca, söz öz çəkisini itirdi. Əlbəttə, bu çəki itirmə prosesində hakimiyyətin məddahlığı mükafatlandırması, haqq aşiqlərini cəzalandırması da mühüm rol oynadı. Bununla belə, zənnimizcə, əli qələm tutan, tutmayan hər kəsin şairlik eşqinə düşməsi, ədəbi dəyərlərin kasadlaşması, yaradıcılıq keyfiyyətinin zəifləməsi söz adamlarımızı etibardan salan əsas amillərdən biridir.
Bəyənmədiyimiz İranda isə tarixi şüurumuzdan gələn söz adamına hörmət hələ də öz ağırlığını qoruyur. Cənubi Azərbaycan şairləri bu ölkədə indi də xalqın dili olmaq vəzifəsini rahatlıqla icra edə bilirlər. Bəzən onlar İranın ən böyük diktatorları qarşısında tənqidi fikirlərini şeir halında səsləndirmək hüququndan faydalanırlar.
Marağalı ustad Kərimi də ədalətsiz rejim mənsublarına sözlə mübarizə aparanlardandır. Onun İran dini lideri qarşısında Azərbaycan dilində səsləndirdiyi “Dəyməz” rədifli qəzəlində açıq şəkildə rəyasət adamlarını hədəfə alması, iynələməsi milli mənəvi ənənələrimizin bu ölkədə indiyədək yaşadılmasını göstərir. Baxmayaraq ki, İranda Azərbaycan milli mədəni dəyərlərinin formalaşmasının qarşısında çox böyük əngəllər mövcuddur: nə ana dilimizdə məktəblər fəaliyyət göstərir, nə təmiz türkçəmizdə yayınlanan televiziya kanalları var, nə də milli musiqilərimiz, dram əsərlərimiz, kinomatoqrafik fəaliyyətlərimiz təşviq olunur. Bununla belə, milli təxəyyülümüzdə hələ də yaşayan ozançılıq ənənələri zaman-zaman özünü göstərir.
Marağalı ustad Kəriminin rəyasətə qarşı söylədiyi qəzələ İran dini liderinin göstərdiyi təpki də xeyli maraqlıdır. Şairin incə tənqidindən qətiyyən inciməyən ayətullah Xamaneyi dinlədiyi nəsihətamiz şeirdən həzz aldığını gizlətmir və müəllifə Azərbaycan türkçəsində təşəkkürünü bildirir.
Şairlə dini liderin görüşündə çəkilən videonu Ovqat.com oxucularına təqdim edirik:
Paylaş: