Bir neçə gün bundan əvvəl “Ovqat.com” saytı adından bir neçə qələm sahibinə belə bir sualla müraciət etdik: Prezident seçkilərindən sonra ictimai-siyasi, mədəni həyatda nə kimi gözləntiləriniz var?”
Düzü, fikirləşirdik ki, dövlət mətbu orqanlarında, xüsusən ədəbi qəzetlərdə çalışan, ordan aldığı əmək haqqı ilə keçinən, gün-güzəranını qaydaya salan qələm sahibləri belə bir vacib, əhəmiyyətli, mövqe bildirən suala mütləq cavab verər. Tam mənada yanıldıq da deyə bilmərik. Şair-jurnajist Faiq Balabəyli sualımıza ətraflı və dolğun cavab verdi. Vurğuladı ki, indiki sabit vəziyyət belə də davam edəcək, əhalinin güzəranı daha da yaxşı olacaq. Azərbaycanın beynəlxalq aləmdə müsbət imici daha da artacaq. Gözləntilərini isə belə dilə gətirdi: "Güman edirik jurnalistlərin, şairlərin, qələm sahiblərinin güzaranının daha da yaxşılaşmasına dövlət qayğısı daha da artacaq".
Şair Zirəddin Qafarlı isə fikrini belə ifadə etdi: "Mən siyasətçi olmasam da, onu deyə bilərəm ki, xalqımızın gələcəyi üçün yaxşı nəticələr gözlənilir.
Tərcüməçi, tərcümələri əsasən “Ədəbiyyar qəzeti”ndə işıq üzü görən Əyyub Qiyas isə sualımızı belə dəyərləndirdi ki, guya biz onu nədə isə şantaş edirik. Bizə cavabı təhdidlərlə dolu olan bir qələm sahibinin belə hərəkəti doğrudan da təəccüblü idi. Əvvəla, bu gün prezident seçkiləri kimi mühüm əhəmiyyətə malik bir hadisəyə belə laqeyd münasibət başadüşülməzdir. Üstəlik, belə mühüm məsələ ilə bağlı məsələyə səndən fikir soruşulur və sənin cavab verməyin bir yana qalsın, sual verən, fikrinizi almaq istəyən birini dəfələrlə təhqir edirsən. Mən Əyyub Qiyasın bəndənizə yazdığı fikirləri olduğu kimi diqqətinzə yetirirəm: ”mənə ağıl öyrətməyə də qalxmayın Mən özümü gözəl tanıyıram.Nə işlə məşğul olduğumu da gözəl bilirəm. sizə fikri bildirmək həvəsində deyiləm.xoş gəldiz”
Mən qəsdən Əyyub bəyin cümlələrinini sonunda nöqtə və vergül işarələrini yerinə qoymadım.Hətta cümləni də kiçik hərflə başladığı üçün “hörmət əlaməti olaraq” müdaxilə etmədim. Əyyub bəyin son cümlələri isə daha hikkəli və üsyankar idi: ” Siz və sizin kimiər yanlış yoldasız. Guya millət üçün, gələcək üçün nəsə edirsiz. Əslində, milləti bir-birinə qatmaq, parçalamaqdır qayəniz. Özünüz də bunu gözəl dərk edirsiz. Mən bir qələm adamı kimi millətin maarflənməsi yolunu tutmuşam, bu yolda əlimdən nə gəlirsə edirəm. Odur ki, nə qədər gec deyil, separat fikirlərdən uzaq olun.”
Əgər “Prezident seçkilərindən sonra ictimai-siyasi və mədəni həyatda nə kimi gözləntiləriniz var?” cümləsində Əyyub bəyin dediyi kimi, separatçı fikir varsa, buyursun, göstərsin. Oxucunun fikrini Əyyub bəyin bir cümləsinə yönəltmək istəyirəm:”Mən bir qələm adamı kimi millətin maariflənməsi yolunu tutmuşam”.
Bu cümlələrin sahibi “Ədəbiyyat qəzeti”nin 17 fevral 2018-ci il tarixli nömrəsində sonuncu səhifədə dərc edilən: "Ədəbiyyat üzrə 1969-cu ilin Nobel mükafatçısı: Samuel Bekket” adlı tərcüməsi ilə dediklərini “təsdiq edir”. Məqalənin mabədi olaraq verilən”Coys haqqında” yarımbaşlıqli tərcümə olduqca bərbad vəziyyətdə tərcümə edilib. Tərcümə edilən materialın ilk abzası ilə fikrimizi təsdiq edirik:”Ötən əsrin iyirminci illərində Bekket Parisdə Coysla tanış olmuş və bu tanışlıqdan sonra ədəbi katibi olaraq, ”Finneqanın xeyratı” mətni üzərində işləməkdə ona kömək etmişdi”. Burdakı cümlədə “ədəbi katibi olaraq” fikri anlaşılmazdı: nəyin ədəbi katibi olaraq?
Sonrakı abzasda “Burada forma-məzmun, məzmun isə - formadır “ cümləsində “forma” və “isə” sözlərindən sonra qoyulan defis işarələri Əyyub bəyin Azərbaycan dilinin qrammatik qayda-qanunlardan xəbərsizliyinin göstəricisidir. Tərcümənin sonrakı cümlələri isə daha bərbad, fikir dolaşıq və qeyri-müəyyəndir:”Mətn ingilis dilində yazılıdığı üçün ondan şıkayət edənlər çoxdur. Amma o, ümumiyyətlə, yazılmayıb (Nə?-red.). Onu oxumaq lazım deyil, daha dəqiq desək , onu yalnız oxumaq lazımdır”
Bu yerdə oxucu demək istəyir:Tərcüməçi qardaş, qərar ver, onu oxumaq lazımdır ya yox? Oxucunun vaxtına heyfimiz gəldiyi üçün bu səpkili nöqsanların sayını artırmağı lazım bilmədik.
Sonda güman edirik ki, Azərbaycan yazıçısının sevib-sevələdiyi “Ədəbiyyat qəzeti” bundan sonra tərcümə əsərlərinə diqqəti bir az da artıracaq, belə təsadüfi tərcümələrin qəzetdə yer almasına imkan verməyəcək.
Məmməd Tahir
Ovqat.com
Paylaş: