Xəbər lenti

 

Dövlət Təhlükəsizliyi Xidmətinin dekabrın 19-da Ağstafa və Yevlax rayonlarında keçirdikləri əməliyyat nəticəsində icra başçıları həbs edilib. DTX-nın yaydığı məlumata görə, həbs edilənlər Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, müavini və YAP-ın yerli təşkilatının sədri Ramiz Tatarovdur.

Meydan TV məlum əməliyyatdan yaranan sualları təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla ünvanlayıb.

- İlham bəy, çox güman ki, rəsmi təbliğatda dekabrın 19-da iki rayonun icra başçısı və müavininin həbsi islahatın tərkib hissəsi kimi qiymətləndiriləcək. Nə baş verir?

- İslahat deyil, amma müsbət hadisədir.

- Nə mənada müsbətdir?

- Hər halda rüşvətə görə 2 nəfər də həbs olunursa, cəmiyyətə də, vəzifəli şəxslərə də təsir edir. Düzdür, bundan sonra rüşvəti kabinetdə yox, başqa yerdə alacaqlar və yeni metodlar tapacaqlar. Hər halda mən hadisəni müsbət dəyərləndirirəm. Çünki bu, Dövlət Təhlükəsizlik Xidməti (DTX) vasitəsilə həyata keçirilir. Kaş, DTX-ya səlahiyyət verilərdi ki, bu işlərin tamamilə qarşısını alın. Belədə çoxlu sayda icra başçısı həbs olunacaq və rüşvətin qarşısı alına bilər. Ümumiyyətlə, rüşvətin qarşısını almağa DTX-nın bütün imkanları çatır. Qeyd etmək lazımdır ki, əməlliyyat çox peşəkarlıqla həyata keçirilib, qarşı tərəfin də alternativ fakt qoymağa imkanı yoxdur.

- Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Baş İdarəsi var. Vaxtilə də DTX-nin indiki rəhbəri Əli Nağıyev həmin qurumun rəhbərliyində olub. Bu cür əməliyyatları həmin Baş İdarə apardığı halda, indi DTX əməliyyat keçirirsə, idarənin səlahiyyətlərini üzərinə götürmürmü?

- Yox, əksinə. Əli müəllim Baş İdarədə birinci şəxs olmayıb, qurum Respublika Prokurorluğunun tabeliyindədir. Respublika Prokurorluğunun da bu işlərdə üzə çıxartdığı bir şey olmayıb. Bütün hallarda baş verənlərə hakimiyyətdaxili məsələlər kimi baxıram. Söhbət kiminsə zəiflədilməsindən gedir, nəinki icra başçılarının. Həmin icra başçıları ən zəif rüşvət alanlardır. Çox böyük rüşvət alan icra başçıları var, hamısı da məlumdur. Onlar üçün də oxşar əməliyyat keçirilsə, ortaya eyni məzmun çıxacaq. Təəssüf ki, belə şey yoxdur. İndiki ərəfədə baş verən bəzi dəyişikliklər bir nümunədir, vəssalam. Yəni bunun total şəkil alacağına inanmıram.

- Amma rüşvət və korrupsiyaya qarşı mübarizəni məlum Baş İdarə aparır. Əli Nağıyev də qurumun rəhbərliyində olubsa, deməli, indi həmin işləri DTX-ya gətirib.

- Yenə deyirəm, Əli müəllim Baş İdarədə birinci şəxs deyildi, Baş Prokurorluğa tabe olan qurumun rəis müavini idi. Fakt odur ki, 19 dekabr əməliyyatını DTX peşəkarlıqla aparıb. Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Baş İdarəsində bu cür sistem, texnika və əməliyyat aparmaq təcrübəsi yoxdur. Bu, elə xüsusi xidmət orqanının işidir və onlar da normal həyata keçirib. Bir daha qeyd edirəm, dünənki hadisə hakimiyyətdaxili məsələlərdir. DTX-ya şərait və imkan yaradılsa, neçə icra hakimiyyətinin başçısının həbs ediləcəyi təsəvvür olunmazdır. Amma bu, görünmür.

- Həbs olunan Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlanlarından biri məhkəmə hakimi, digəri isə Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Baş İdarəsində işləyir. Düzdür, övladlar ataya görə cavabdeh deyil, amma baş verən hadisə onlara təsir edəcəkmi?

- Bütün icra başçılarının və nazirlərin qohumları vəzifəli şəxslərdir. Xüsusilə hüquq-mühafizə orqanlarına yerləşdirilib. Bu saat da başqa bir rayonun icra başçısını rüşvətdə yaxalasanız, onun qohumlarından, kürəkənlərindən, yaxud övladlarından birini vəzifə başında görəcəksiniz. Bu, zəncirvari proses alıb və qeyri-adi bir şey deyil. Bəli, övladlar, başqa qohumlar cavabdeh deyillər, amma etibarlarını itirdilər.

- Hakimiyyətdaxili məsələ olduğunu vurğuladınız. Konkretləşdirə bilərsiniz fikrinizi?

- İşdən çıxarılan və işdən çıxarılmağa namizəd olan məmurları zəiflətmək üçün əməliyyat keçirilib. Parlament məsələsini də nümunə gətirmək olar. Belə adamlar icra hakimiyyətlərində də var. Onlara ərizə yazıb yola salmırlar. Başqalarına dərs olmaq, yaxud bir xəbərdarlıq, zəiflətmək üçün belə addım atılır. Biz başqalarının hansı hisslər keçirdiyini və onlar barədə hansı tədbirlər görüləcəyini bilmirik. Məsələnin mahiyyət etibarı ilə dəyişməsi üçün çox fundamental işlər görülməlidir, respublikanın ən kiçik rayonundan başlamaq yox. Həm də həmin rayonda rüşvətin miqyası çox kiçik idi.

- Rüşvəti yığan YAP-ın rayon təşkilatının sədri Ramiz Tatarov idi. Amma YAP-çı deputat Aydın Mirzəzadə deyib ki, hadisə partiaynın nüfuzunu qaldıracaq. Onun fikrini bölüşürsünüzmü?

- Parlament yarıtmaz işinə görə buraxılır, ancaq hadisəni siyasi mədəniyyət hesab edirlər. Halbuki, parlamentin buxarılması siyasi mədəniyyət deyildi, biabırçılıq idi və ölkənin birinci şəxsinin icazəsi olmadan belə qərar ola bilməzdi. Ölkənin birinci şəxsi də hakim partiyanın sədridir. Ümumiyyətlə, YAP-ın yerli təşkilatının sədrinin həbsi niyə hakim partiyanın nüfuzunu qaldırmalıdır? Faktiki olaraq, bütün yerli təşkilatların sədrlərinin hamısı rüşvətxorluqla məşğuldur.

- Son hadisə YAP-ın yaradıcılarından, mərhum Sirus Təbrizlinin “simasız quldurlar partiyası” ifadəsini təsdiqləmirmi?

- 100 faiz təsdiqləyir və elə həmin dövrdə də təsdiqləmişdi. Amma bu prosesin böyük miqyas alacağına inanmıram.

- Niyə?

- Sadəcə, iki icra başçısının həbsi nümunəvi dərsdir. Həbs olunmalı və vəzifədən azad edilməli olan icra başçıları hələ iş başındadırlar. Xüsusilə Bakı rayonlarının icra başçıları az qala milyoner kimi yaşayırlar. İşdən çıxarılmış və respublikanın ən kiçik rayonunun icra başçılarının həbsi yalnız nümunə ola bilər.

- Ümumiyyətlə, seçki öncəsi belə həbslər riskli deyilmi?

- Yox, riskli deyil. Əksinə, cəmiyyətdə müsbət emosiya yaradır. Dünəndən bəri sosial şəbəkələrdə rayonlardan mesaj verirlər ki, gəlin, burdakını da aparın. Hansı icra başçıları hakimiyyətə risk yarada bilər? Onlara elə tapşırıq veriləcək ki, seçkinin nəticəsində 77-78 faizli rəqəm daha yüksək olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 010          Tarix: 21-12-2019, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma