Son vaxtlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov tez-tez mətbu orqanlarda görünməyə başlayıb. Bir müddət əvvəl “Naxçıvan” özəl universitetinin yeni rektorunun mübahisəli təyinatı zamanı onu ali məktəbin pedaqoji kollektivinə təqdim edən Seymur Talıbov iki gün əvvəl isə Muxtar Respublikanın yarışlarda fərqlənən şahmatçılarını mükafatlandırmaqla gündəmə gəlib.
Naxçıvan MR Gənclər və İdman Nazirliyinin rəsmi facebook səhifəsində şəkilləri paylaşılan Seymur Talıbov şahmatçılara diplom və qiymətli hədiyyələr verərkən görüntülənib.
https://www.facebook.com/374644739318422/posts/2696856750430531/
Ovqat.com xəbər verir ki, Seymur Talıbovun son zamanlar ictimai həyatda aktivliyi Naxçıvanda birmənalı qarşılanmır. Atasının köməkçisi statusunu daşıyan Seymur müəllimin bu aktivliyi fevralın 9-da keçirilməsi nəzərdə tutulan Ali Məclisə seçkilərdən sonra sədr vəzifəsinə gətirilməsiylə əsaslandırılır.
İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Bildirilir ki, bu plan çərçivəsində Vasif Talıbov oğlunu özünün müavini təyin etdirmək istəyirmiş. Fəqət qanunvericiliyə görə, bu barədə qərarı Prezident İlham Əliyev imzalaya bilər və ölkə başçısı Naxçıvan rəhbərliyinin varis təşəbbüsünün altına indiyədək imza atmayıb. Vasif Talıbov isə Bakıdan müsbət cavab gəlməyincə, Seymur Talıbovu özünün köməkçisi vəzifəsinə gətirib. Müavinindən fərqli olaraq, Ali Məclis sədrinin özünə köməkçi seçmək hüququnun olduğu bildirilir.
Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir. Belə ki, Prezident İlham Əliyev də 2003-cü ildə hakimiyyətə gəlməmişdən 6 il əvvəl – 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş və indiyədək bu vəzifəni icra edir. Görünür, Naxçıvan rəhbərliyi bu məsələdə də Heydər Əliyev ənənələrinə sadiq olduğunu göstərmək və rəsmi Bakını “sizə olar, bizə yox” arqumentilə fakt qarşısında qoymaq niyyətindədir. Dolayısıyla Seymur Talıbovu İlham Əliyevlə müqayisə edir. Rəsmi Bakının bu müqayisəyə və arqumentə verəcəyi cavab gələn ilin 9 fevralında Ali Məclisə seçkilərdən sonra bəlli olacaq.
İddiaların nə qədər əsaslı olub-olmadığını deyə bilməsək də, Seymur Talıbovun son zamanlar aktivləşməsi gözdən yayınmır və həqiqətən də “varis planı”nın həyata keçirilməsi barədə təxminləri gücləndirir. Naxçıvanın gələcək rəhbərinin özünütəqdim niyyətilə çəkdirdiyi son şəkilləri paylaşırıq:
Paylaş: