Xəbər lenti

 

Qüdrət Həsənquliyev: "Müasir müharibələrin nəticələrini vətənpərvərlik, şəxsi qəhrəmanlıq, cəsarət, qəzəb və düşmənə nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:

- Qüdrət bəy, öncə deputatlığa namizədliyinizin qeydə alınması münasibətilə Sizi təbrik edirik. Yeni ili necə qarşıladınız? 2020-ci ilin ikinci günü İran generalı Qasım Süleymani ABŞ tərəfindən öldürüldü. Bu hadisə regionda müharibənin alovlanmasına yol aça bilərmi?

- Təbrikə görə çox sağ olun. Mən də fürsətdən istifadə edib namizədliyimin qeydə alınması üçün zəhmət çəkmiş və imza vermiş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Çalışacam ki, onların etimadını doğruldum. Yeni ili isə ailəmizlə birlikdə evdə qarşıladıq. Televiziyada atəşfəşanlığı və müxtəlif musiqi proqlamlarını dinlədik, qohumlarla, dostlarla, həmkarlarla telefon vasitəsilə bayramlaşdıq. 2020-ci il həm rəqəmlərin yuvarlaq olması, həm də insanlarımızın Yeni ili yüksək əhval-ruhiyyə ilə qeyd etmələri ilə əlamətdar oldu. Mən 20 Yanvar facəsindən sonra Bakı küçələrində bu qədər insan görməmişdim. Yüzminlərlə insanın küçələrdə, parklarda əylənməsi və şənlənməsi mənim ovqatımı xüsusilə yüksəltdi. Çünki insanlar kütləvi şəkildə əylənirsə, bu, onların yaxşı əhval-ruhiyyəsindən və gələcəyə inamlarından xəbər verir. İstərdim ki, 2019-cu ildə, 70 yaşında bığ çıxarması ilə yadda qalan, YouTube ulduzu, Milli Şura "sədri" Cəmil Həsənli 2020-ci ildə bir az da sosial psixologiyanı öyrənsin və aldatdıqları ilə birlikdə radikallıqdan imtina etsin. Siasəti dərindən bilməyən insanları cılız qisasçılıq hisslərinə və hakimiyyət ehtiraslarına görə mərhumiyyətlərlə üz-üzə qoyub, özləri də vanna otağına qədər gedib çıxmasınlar. Qasım Süleymaninin öldürülməsi isə sözsüz ki, regionda vəziyyəti daha da gərginləşdirəcək. Amma düşünürəm ki, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan böyük müharibədən qaçmaq mümkün olsun. .Müasir müharibələrin nəticələrini vətənpərvərlik, şəxsi qəhrəmanlıq, cəsarət, qəzəb və düşmənə nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edir. Qarabağın "göz çıxardan" işğalını İran görməli və nəticə çıxarmalı idi. Güclə hesablaşmamaq odla oynamaq deməkdir. Buna görə də, soyuq düşüncənin zəfər çalacağına, İranın dövlət adamlarının daha realist olacaqlarına ümid edirəm. Günahsız insanları ölümə göndərmək qəhrəmanlıq deyil. Hazırkı mərhələdə Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin, o cümlədən, qonşu ölkə kimi Türkiyənin vasitəçiliyinə böyük ehtiyac var. Regionda müharibənin alovlanması Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki qonşu ölkə olmaqla yanaşı, İran həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də biz İranın inkişafını və tərəqqisini arzulayırıq. Müharibə itkilər və dağıntılar deməkdir ki, Azərbaycan türkləri də buna məruz qalacaqlar. Qasım Süleymani də türk idi. Məhz həm də buna görə biz zaman-zaman İran rəsmilərini böyük qarşıdurmadan yayınmaq üçün vəziyyəti gərginləşdirməməyə, heç bir şərt qoymadan ABŞ-la danışaqlara başlamağa çağırırdıq.




Ana səhifəyə qayıt        Baxış: 1 500          Tarix: 3-01-2020, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma