İranın əfsanəvi generalı Qasim Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra SEPAH-ın sözçüsü Ramazan Şərif mətbuata açıqlamasında deyib ki, ABŞ-ın bayramı uzun sürməyəcək, tezliklə bu bayramı yasa çevirəcəyik. R.Şərifin açıqlamasında ən diqqəti çəkən məqam isə bütün İslam coğrafiyasını qisas meydanı olaraq göstərməsidir. O bildirib ki, “Bu gündən etibarən müdafiə cəbhəsi bütün İslam ölkələrini ABŞ-a qarşı müharibə meydanına çevirəcək”.
Azərbaycan da SEPAH sözçüsünün çərçivəsini çızdığı İslam coğrafiyasına aiddir, üstəlik, İranın nəzərincə, ABŞ və İsraillə yaxın hərbi strateji əlaqələri olan ölkədir. Elədirsə, Azərbaycan da İranın ABŞ-la hesablaşma poliqonuna çevrilə bilərmi?
Sərdar Cəlaloğlu: “İran Azərbaycanla münasibətlərini korlamaz”
Ovqat.com-un sualını cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, İran adekvat olaraq zərbə endirəcəyini deyirsə, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur: “Çünki Azərbaycanda Amerikanın hərbi gücü yoxdur. Əgər doğrudan da İran rəhbərləri dediklərini edəcəklərsə, Fars körfəzində Amerikanın hansısa bir hərbi gəmisinə hücum edə və yaxud hansısa bir müsəlman ölkəsində Amerikanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktı törədə bilərlər”.
Cəlaloğlu bildirib ki, Amerika-İran münasibətlərinə görə, İran heç vaxt Azərbaycanla münasibətlərini korlamaz: “Çünki Azərbaycanla münasibətlərini korlamaq Türkiyə ilə münasibətlərini korlamaq deməkdir. İndiki məqamda isə İranın daha çox müsəlman dövlətinin dəstəyinə ehtiyacı var”.
Nəzakət Məmmədova: “Azərbaycan təhlükəsizlik orqanları sayıqlığı artırmalıdır”
Təhlükəsizlik eksperti Nəzakət Məmmədova isə əməkdaşımızla söhbətində rəsmən həyəcan təbili çaldı. Baxmayaraq ki, o da ABŞ və müttəfiqlərinin məhz quru qoşunlarının iştirakı ilə İrana qarşı birbaşa hərbi əməliyyatlara başlayacağına inanmır: “Lakin aviasiya zərbələri və dəniz donanması hücumları ehtimalı nəzərdən qaçırıla bilməz. Təbii ki, bilavasitə sərhədlərimizdə savaş başlayarsa, bu, birmənalı surətdə bizim üçün də təhdiddir. Milli təhlükəsizlik konsepsiyamızda da bu maddə öz əksini tapıb”.
Nəzakət xanımın fikrincə, sərhədlərimizdə İran və ABŞ-ın, eləcə də onların müttəfiqlərinin qarşıdurması mümkündür: “Eyni zamanda Azərbaycan ərazisində ABŞ, İsrail səfirliklərinə, biznes obyektlərinə hücumlar, bu ölkələrə bağlı ictimai-siyasi xadimlərə qarşı sui-qəsdlər istisna edilmir. Azərbaycan təhlükəsizlik orqanları sayıqlığı artırmalıdır. Çünki 1961-ci ildə qəbul olunmuş “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına əsasən, bu, akreditasiya edən dövlətin bilavasitə öhdəliyidir. Eyni zamanda yəqin ki, ABŞ və İsrail səfirlikləri təhlükəsizlik tədbirlərini ən yüksək həddə çatdıracaqlar, onların buna həm texniki imkanları, həm də geniş təcrübəsi imkan verir”.
Məmmədovanın sözlərinə görə, Süleymani sui-qəsdindən sonra ölkəmizdəki İran agenturasının da xeyli fəallaşdığı diqqəti cəlb edir: “Biz bunu artıq virtual məkanda, sosial şəbəkələrdə hiss edirik. Azərbaycan üçün ən böyük təhlükə ölkə ərazisinin kəşfiyyat poliqonuna çevrilməsidir. ABŞ, İran və İsrail kəşfiyyatlarının buranı savaş meydanına çevirməsi, Azərbaycan vətəndaşlarının bu işə cəlb edilərək üçüncü dövlətlərin maraqları naminə istifadə edilməsi mümkündür”.
İlham İsmayıl: “ABŞ olmasa, Rusiya da, İran da Azərbaycana hücum edər”
SEPAH-ın sözçüsü Ramazan Şərifin bəyanatı ilə bağlı fikirlərini bölüşən keçmiş MTN zabiti İlham İsmayıl isə bildirib ki, bu, İranın müdafiə xarakterli çıxışıdır: “İranın qisası terrordan başqa heç nə ola bilməz. Amma terrorun müqabilində də iki qat cavablarını ala bilmək ehtimallarını yaxşı bildiklərinə görə İran söz atəşinə daha çox üstünlük verməli olacaq. Bugünləri Parisdə və Avropanın şəhərlərinin birində bıçaqlı saldırılar olub. Hamı bilir ki, bu bıçaqlı saldırılar hamısı “Hizbullah”ın xətti ilə olan işlərdir, İranın təsirinin altında olan məsələlərdir”.
İ. İsmayıl vurğulayıb ki, Azərbaycan bu məsələdə tərəfsizliyini qorumalıdır: “Yəni bizim nə ABŞ-dan qisas almaq, nə də zərərli İslam təəssübkeşliyinə getmək fikrimiz olmamalıdır. Düzdür, sosial şəbəkələrdə “5-ci kolon” nümayəndələri, farspərəstlər zərərli İslam təəssübkeşliyi nümayiş etdirirlər. Bu, bizim üçün olduqca zərərlidir. Çünki ABŞ olmasa, Rusiya da, İran da Azərbaycana hücum edər. Onlar elə ABŞ-dan çəkinib, bura hücum etmirlər. Bu ölkənin ikisi də heç vaxt bizə yaxşı münasibət bəsləməyib. Ona görə də İslam bayrağı altında İranın təsirinin altına düşüb Amerikaya qarşı hər hansı bir addım atmağımız qeyri-mümkündür, nə dövlət, nə də insanlar buna gedəsidir. Tək-tək insanların sosial şəbəkədə fikirləri ilə isə heç bir şey olası deyil. Yenə deyirəm, İranın da bu “qisas əməliyyatı” sözdə qalacaq. Hərəkətə gəlincə isə, Amerikanın, xüsusilə Tramp administrasiyasının nələr edə biləcəyini onlar özləri yaxşı bilirlər. Bilirlər ki, Tramp Obama deyil”.
Azərbaycanda Amerikanın, İsrailin diplomatik korpusunun qorunmasını vacib hesab edən İ. İsmayıl diqqətə çatdırdı ki, bu dönəmdə məhz elə Amerika, İsrail xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq fəaliyyətini genişləndirmək lazımdır: “Çünki İran məkrli ölkədir. Bu saat hərəkət etməsələr də, zamanı gələndə müvafiq addımlar atacaqlar. Bu işdə hər zaman sərvaxt olmaq lazımdır, kampaniya xarakterli yox”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: