Xəbər lenti

 

İsaak Çotiner

“Newyorker”, 03.01.2020

 

Cümə günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölməsi olan “Qüds” qüvvələrinin rəhbəri Qasim Süleymani prezident Trampın əmri ilə Bağdad Beynəlxalq Hava Limanında pilotsuz uçuş təyyarəsinin hücumu nəticəsində öldürülüb. Son 10 ildə Süleymani İranın Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsindən tutmuş İraqda İŞİD-ə qarşı apardığı döyüşlərə qədər bir çox hərbi-diplomatik səylərinin həyata keçirilməsinə cavabdeh idi. Onun ölümünün artıq bu həftə etirazlarla sarsılan İraqdakı gərginliyi və qarşıdurmanı gücləndirəcəyi demək olar ki, şəksizdir. Bununla yanaşı, İranın Suriyada, İraqda, Livanda və başqa yerlərdə hansı siyasət yürüdəcəyiniə dair suallar doğurur.

Yanvarın 3-də ABŞ-da xəbər yayıldıqdan bir müddət sonra Cons Hopkins Universitetinin İnkişaf etmiş Beynəlxalq Araşdırmalar Məktəbinin professoru və Obama Administrasiyası dövründə Dövlət Departamentinin böyük məsləhətçisi Vəli Nəsrlə telefon söhbətimiz olub. Söhbət zamanı Süleymaninin İran rejimindəki rolu, Yaxın Şərqdəki hərəkətlərinin əhəmiyyəti və İranın komandanın ölümünə necə təpki verəcəyi ehtimalını müzakirə etdik.

 

– Süleymaninin İİKK daxilində və bölgədəki şiə milisləri arasında pərəstiş statusunun olduğunu yazmısınız. Bu statusu daha ətraflı təsvir edə bilərsinizmi?

– Süleymani 20 ildən də çox bölgədəki digər qruplar kimi, şiə milisləri ilə geniş işləyib. O, “Taliban” əleyhinə döyüşən əfsanəvi əfqan komandiri Əhməd Şah Məsudun dostu idi. Qasim Süleymani “Taliban” əleyhinə mübarizədə Şimali Alyansı ilə birlikdə işləmişdi. “Qüds” briqadasının komandiri olaraq “Hizbullah”la əlaqələrə rəhbərlik edirdi. 2003-cü ildən sonra İraqda könüllülərin təşkilində iştirakçı və İraq hökumətlərini formalaşdıran çoxsaylı siyasi müzakirələrdə vasitəçi olub. Suriyada Əsəd rejimi ilə birlikdə döyüşən şiə milislərinin və Suriya üsyanı zamanı Əsəd rejimini xilas edən hərbi kampaniyanın təşkilində ən əhəmiyyətli şəxs idi. Yalnız onun Kremldə prezident Putinlə görüşdən sonra Əsədin xilas olunmasına kömək etmək üçün Rusiyanı hərbi qüvvələri Suriyaya yerləşdirməsinə inandırdığı bildirilir. Həm də Küveytdə, Bəhreyndə və başqa yerlərdə kiçik qruplar onun əmrinə tabe olub.

Yəqin ki, o, İran sərhədindən kənarda İranın bütün təhlükəsizlik, kəşfiyyat, hərbi əməliyyatlarının komandiri, bir növ, İranın CENTCOM rəhbəri idi. Üstəlik, İnqilab Keşikçilərinin ən uzun müddətli komandiri. Digər komandirlər müəyyən şərtlərə görə vəzifələrini tərk edir, lakin Süleymani uzun müddət “Qüds” briqadasının komandiri olaraq rotasiyadan kənarda qalıb.

Bununla yanaşı o, yalnız milis rəhbərləri, milis komandirləri və təkcə Həsən Nəsrullah kimi insanlarla deyil, Əsəd kimi dövlət başçıları, İraqda Məsud Bərzani və İraqın bütün baş nazirləri ilə də şəxsi münasibətlər qurub. Hamısı onu şəxsən tanıyıb, hamı onunla şəxsən görüşüb, onunla danışıqlar aparmağa saatlar sərf edib və o da hər kəsin 2003-cü ildən sonra tanıdığı yeganə komandir olub. Amerikalılar və ya avropalılar ümumiyyətlə, İİKK komandirlərinin adlarını bilmirlər. Lakin Qərbdə Süleymani demək olar ki, mifik nisbətdə ikonik şöhrət tapıb. Lap Con le Karrenin romanındakı sovet casusu kimi. Onun adı nə idi?

– Karla?

– Düzdür. Süleymani İranın regional siyasəti və regional gücü ilə də əlaqələndirilib. Sonra İran daxilində tədricən oxşar bir tanınma qazanıb. Halbuki iranlılar mütləq şəkildə İnqilab Keşikçiləri komandirlərini tanımırlar.

– Bəli, əksər amerikalılar CENTCOM rəhbərinin kim olduğunu bilmirlər. Deyəsən, onun rolu CENTCOM komandirinin rolundan daha böyük idi.

– Düzdür, amma bu da yenilikdir. İranda təhlükəsizlik qüvvələri populyar olmasa da, Süleymani barədə əks rəy var idi, çünki iranlılar onu ölkəni müdafiə edən qəhrəman, vətənpərvər və dindar biri kimi görürdülər. Son illərdə o, bu görüntünü daha açıq şəkildə inkişaf etdirib, məsələn, İŞİD-ə qarşı döyüşlərdə şiə milisləri ilə birlikdə İraqda selfi çəkdirməklə. Hətta İranda növbəti prezident ola biləcəyi rəyi yaranmışdı. Əlavə edim ki, əslində, bir çox şiə iraqlılar İslam Respublikasını bəyənməsələr də, İraqın tamamilə İŞİD caynağına düşməsinin qarşısını almağa vəsilə olduğuna görə ona borcludurlar.

Kürd liderlərindən eşitmişəm ki, 2014-cü ildə İŞİD Mosulu tutub Ərbil istiqamətində hərəkət etməyə başlayanda, kürd qüvvələrinə nə türk, nə də Amerika dəstəyi olub. 2 saat ərzində Süleymani 2 böyük hərbi təyyarə ilə Ərbilə gəlib və onun ön cəbhədə şəxsi iştirakı peşmərgə əsgərlərini ruhlandırıb. Buna görə də, Ərbil və Kərkükü İŞİD hücumlarından qorumaqdakı roluna görə Süleymaniyə minnətdardırlar. Cənubda İraq qüvvələri dağıldıqda, İŞİD Bağdad və Nəcəf bölgəsinin qapılarına çatdıqda, o, Ayətullah Sistaninin şiə hərbi milisini təşkil etmək üçün verdiyi fətvaya dayaqlanıb. Daha sonra döyüşlərdə onunla ABŞ hərbçiləri arasında dilə gətirilməyən əməkdaşlıq mövcud olub. Amerikan hava qüvvələrinin dəstəklədiyi yerlərdə İnqilab Keşikçiləri Qüvvələri və Xalq Səfərbərlik Qüvvələri (“Haşdi Şəabi”) vardı. Öldürüldüyü xəbəri ilə İraqın və ya iranlıların nə düşünəcəyindən, Qərbin onu yaramaz fiqur olaraq görməsindən asılı olmayaraq, Süleymaniyə İŞİD-in məğlubiyyəti prizmasından baxılmalıdır. İranın milli maraqlarını müdafiə etsə belə.

– Suriya müharibəsində İranın və xüsusən Süleymaninin rolunu təsvir edə bilərsinizmi?

– İran Əsəd rejimini nəyin bahasına olursa-olsun qorunub saxlanacağına və Əsədin hərbi kampaniyasına dəstək verəcəyinə qərar vermişdi. Süleymani və İran olmasaydı, Əsəd sağ qalmazdı və onun rejimi daha tez dağılacaqdı. Süleymani və İran olmasaydı, 2003-cü ildən sonra İraqın forması fərqli olardı və İŞİD asanlıqla İraqı ələ keçirə bilərdi. Süleymani bölgədə İranın izini qorumaq üçün məsuliyyət daşıyırdı, lakin Suriyada bu, baha başa gəldi. O, Suriyadakı humanitar fəlakətə səbəb olan müharibə ilə əlaqəli yeganə şəxsdir.

– Sizcə, İranın son 10 ildə Suriyadakı müharibə ilə əlamətdar olan mövqeyi nə dərəcədə onun iştirakı və fikirlərinin nəticəsi idi?

– Pentaqondakı hər hansı bir nüfuzlu general kimi, onun da fikri eşidilib, təcrübəsi və Ali Rəhbərə müəyyən təsirinə əsaslanaraq, amma son nəticədə o, əmrləri icra edib. Yəni İranın Suriyanı tərk edə bilməməsi və ya İranın ABŞ-ın İraqda mövcudluğuna icazə verə bilməməsi və ya Əsədin sağ qalması – bütün bunlar rejimin diktələridir. Süleymani xüsusilə təsirli idi, xüsusən son illərdə. Ancaq o, general idi. Milli siyasətini həyata keçirmək üçün orada idi.

– Dünya liderləri ilə arasında nə münasibətləri var idi?

– Onlardan çoxundan soruşmuşam. Deyiblər ki, tanıdıqları bütün inqilab liderləri arasında ən praqmatik idi. Yəni onun liberal demokrat olduğunu söyləmək olmaz. Lakin İranın bölgədəki maraqlarını müdafiə etmək, ABŞ-ı uzaqlaşdırmaq, İraq hökumətinin İran xəttini tutmasına əmin olmaqda çox praqmatik idi. Bu, onun uğurunun, praqmatizminin səbəbi idi. Diqqət yetirməli başqa vacib məsələ budur ki, Süleymaninin ölümü “Qüds” briqadası üçün büdrəmə ola və davamçısı onun qədər nüfuzlu olmaya bilər. Keçmişdə gördüyümüz kimi, “Həmas” və ya digər Fələstin qrupları liderlərinin İsrail tərəfindən öldürülməsi ilə yaramaz fiqurları gündəmə gəlib. Süleymanidən daha çox ideoloji və sərt.

…Süleymani İran üçün müəyyən səviyyədə diplomatik rol oynayırdı. İraqda koalisiya qurmaq, xarici güclərlə işləmək, ruslar, iraqlılar və Əsədlə işləmək məcburiyyətində olsanız, mütləq son dərəcə sərt əsgər olmazsınız.

– Əvvəlki administrasiyaların ona sui-qəsd etmək şansının olub-olmadığını bilirsinizmi?

– Bilmirəm. Ronen Berqmanın “Qiyam et və əvvəlcə sən öldür” adlı kitabında heyrətləndirici bir parça var: israillilər dəniz piyadaları kazarmalarının partladılmasına görə məsuliyyət daşıyan İmad Mugniyə adlı livanlı şiə terrorçusuna sui-qəsd etmək istəyərkən, Beyrutda, bir anda Süleymaninin də içində bomba olan avtomobilin yanında olduğunu görürlər, lakin Süleymanini öldürmək üçün icazə almadıqlarından əməliyyatı başa çatdırmırlar. İsraillilər böyük ölçüdə başa düşürlər ki, “Hizbullah”ın əvvəlki rəhbərlərinə sui-qəsd etdikdə, Argentinada bomba partlayışları da daxil olmaqla, kütləvi qisasla üzləşiblər.

– İndi qorxu nədir, məsələnin hara yönəldiləcəyini düşünürsünüz?

– Qismən bundan ki, İranın Livan və iraqlılar arasında nüfuzu var. Süleymaninin rəhbərliyi altında xidmət etmiş 20-30 min İraq milis qüvvəsi var. Sabah səfirliyə qarşı başqa bir ittiham irəli sürülə bilər. Bundan əlavə, İranın daxili vəziyyəti rejimi bu cür sui-qəsdə cavab verməyə məcbur edir. Belə mühüm ictimai xadim öldürülürsə, mütləq cavab verə bilməzsiniz. Təpki verməsələr, amerikalıların bunu qələbə və zəiflik əlaməti olaraq görəcəyindən qorxurlar. Bu, onlar üçün həm də bir fürsətdir. Qasim Süleymani və onun qəhrəman statusuna görə, hətta İraq ictimaiyyəti ABŞ-a qarşı İslam Respublikasını dəstəkləyəcək.

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 360          Tarix: 4-01-2020, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma