Heydər Əliyevdən sonra ən böyük insan kimdir?
Yəqin ki, bu sualı YAP-ın icra katibinin müavini, Naxçıvan MR-dən MM-ə deputat seçilmiş Siyavuş Novruzova versəydik, düşünmədən belə deyərdi: - Əlbəttə, İlham Əliyev!
Əminəm ki, təkcə Siyavuş müəllim deyil, onun müdiri Əli Əhmədov da eyni cavabı verərdi. Hətta vəzifəsindən qovulmasına baxmayaraq “Şöhrət” ordenli Əli Həsənov da tərəddüd etməzdi. Söhbət, əlbəttə, bir müddət əvvəl Baş nazirin müavini olmuş Əli Həsənovdan gedir. Prezidentin köhnə köməkçisi Əli Həsənovun nə deyəcəyini isə bir özü bilir, bir Allahı. Nədən ki, işdən çıxarıldıqdan sonra kabinetində yalnız Heydər Əliyevin şəkilini asmasından sonra şəxsən mənim ona çox da ümidim qalmayıb.
Amma deyəsən, YAP sıralarında Heydər Əliyevdən sonra ən böyük insanın kimliyində tərəddüd edənlərin sayı bir deyil. Bəziləri hətta İlham Əliyevi ikinci böyük şəxsiyyət kimi görmədiklərini gizlətmirlər də. Bunlar kim olsalar, yaxşıdır? - Naxçıvan YAP-çıları.
Naxçıvan YAP-çıları üçün ümummilli liderdən sonra ikinci ən böyük dahi şəxsiyyət Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovdur. Özü də bu düşüncə onlara Muxtar Respublikaya ayrılan dotasiyalar azaldıqdan sonra hakim kəsilməyib. Naxçıvan YAP-çıları hələ 2 il bundan əvvəl də eyni qənaətdə idilər və bunu açıq şəkildə sosial şəbəkələrdə paylaşırdılar. İnanmırsınızsa, gəlin, Naxçıvan MR-in rəsmi facebook səhifəsində 7 iyul 2018-ci il tarixində paylaşılan statusa nəzərə salaq. Statusda eynilə belə yazılır:
https://www.facebook.com/photo.php?fbid=418991378600406&set=a.122467848252762&type=3&theater
“Heyder Eliyevden sonra En bôyük İnsan Cenab Sedrimizdır !
Dôvletçilık mübarizesınde bacarıqlı, genış dünyagörüşe sahıb dövlet xadimi kımi formalaşan Cenab Vasif Talıbov - Muxtar Respublıkamızın GÔZÜDÜR.
Heyder Eliyevden sonra Xalqını ve Azerbaycanı Heyder Eliyev qeder seven en böyük İnsandır. Allah Cenab Sedrimizi bu Dövlete ve Millete cox görmesin..”
Əminik ki, bu xəbərimizdən sonra YAP-ın icra katibinin müavini Siyavuş Novruzov beyinlərdə yaranan müəmmaya aydınlıq gətirəcək. Nədən ki, o, həm də Naxçıvan MR-in deputatıdır və Muxtar Respublika barədə biri söz deyən kimi sinəsini qabağa verib mövqe ortaya qoymaqdan çəkinmir. Elədirsə, buyurun, Siyavuş müəllim, bu suala siz aydınlıq gətirin: Heydər Əliyevdən sonra ən böyük insan kimdir?
Paylaş: