Xəbər lenti

  

Bu gün Türkiyə prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bərabər “Türk axını” projesinin vintilini açıb.

Ovqat.com xəbər verir ki, İstanbulda açılış mərasimi keçirilən “Türk axını” vaxtilə Ukraynadan keçən boru xəttinin alternativi kimi ortaya atılmış, dəfələrlə ABŞ və bəzi Avropa ölkələrinin basqısıyla dayandırılmağa çalışılmışdır.

Sadəcə dənizdən keçən hissəsi 935 km və iki boru xəttindən ibarət olan bu layihə ilə ildə 31.5 milyard kub metr qaz daşınması nəzərdə tutulur. Həmin qazın yarısı 15.75 milyon kub metri Türkiyənin qaz ehtiyacının ödənməsinə sərf olunacaq. Mütəxəssislərin bildirdiyinə görə, Türkiyə Rusiyadan aldığı bu qazla 15 milyon insanı qazla təmin edəcək. “Türk axını” layihəsinin digər yarısı isə Avropa ölkələrinə nəql olunacaq. Digər yarısının da 15 milyon insanın illik ehtiyacı olduğunu nəzərə alsaq, “Türk axını” hardasa 30 milyon insanın həyatında mühüm rol oynayacaq.

Xatırladaq ki, Ukrayna böhranı çıxdıqdan sonra Ukrayna üzərindən nəql olunan qaz xəttinin fəaliyyətini dayandıran Rusiya əvvəl onun alternativini Bolqarıstan üzərindən çəkmək istəyirdi. “Cənub axını” adlanan bu layihə Avropa Birliyi tərəfindən xoş qarşılanmamış və Bolqarıstan ondan imtina etmişdi. Daha sonra Rusiya həmin xəttin Türkiyə ya və Yunanıstan üzərindən çəkilməsinə qərar vermişdi. Sonunda “Türk axını” layihəsi üzərində dayanılmışdır.

 

ABŞ-ın enerji stareqlərindən Amos Hokşteyn 2017-ci ildə mətbuata verdiyi açıqlamada “Türk axını” iqtisadi deyil, siyasi layihə olduğunu deyərək ona qarşı çıxmışdı. Onun fikrincə, ““Cənub Axını” ilə “Türk Axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir: “Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.

Hokşteyn “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibəsində Rusiyanın şirin dilinə aldanıb köhnə müttəfiqlərinə arxa çevirməyə çalışan Yunanıstana ağlını başına yığıb Azərbaycan qazına yönəlməyi məsləhət görürdü: “Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”

Bir zamanlar ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə müşaviri vəzifəsini icra edən strateqin  bu sözlərindən də aydın olur ki, Qərb dövlətləri “Türk axını”na TANAP-TAP layihəsinin alternativi kimi baxırdılar. Fəqət Avropanın qaza böyük ehtiyacı olduğunu və Rusiyanın eyni marşrutla sadəcə 30 milyon insanı təchiz edəcək qaz nəqlini nəzərə alsaq, Azərbaycanla Rusiya arasında bu sahədə ciddi rəqabətin yaşanacağını düşünmək sadəlövhlük olardı.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da açılış çıxışında bu iddianı doğrulayan fikirlər səsləndirərək deyib: “Avropa ölkələrinin Rusiya qazına böyük maraq göstərdiyini görürük. Enerjinin İpək Yolu olaraq görünən TANAP-ı da Türkiyə və Avropanın istifadəsinə verdik. Yeni tədarük mənbələrini açmaq üçün karbohidrogen kəşfiyyatı üzərində işləyirik. Məqsədimiz ölkəmizi qlobal enerji mərkəzlərindən birinə çevirməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 8-01-2020, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma