Xəbər lenti

  

Bağdadın “Yaşıl bölgə” adlanan yüksək təhlükəsizlik tədbirlərinin alındığı ərazidə yerləşən ABŞ səfirliyinin yaxınlığına iki raket zərbəsi endirilib.

Ovqat.com-un məlumatına görə, hücumun məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.

Bütün şübhələr isə İrana yönəlib.

Qeyd edək ki, İran generalı Qasim Süleymani sui-qəsdə uğradıqdan bir gün sonra eyni əraziyə iki raket atılmışdı. O hücumda da raketlər səfirlik binasının yanına düşmüşdü.

Mütəxəssislərin fikrincə, atılan raketlərin hədəfdən yayınması təsadüfi deyil. SEPAH-a bağlı qüvvələr səfirliyi qəsdən vurmaq istəmir, yan-yörəsinə raket zərbələri endirərək, ABŞ diplomatik missiyasının təhlükəsizlik tədbirləri səbəbilə İraqı tərkə vadar etməyə çalışırlar.

ABŞ əslində təhlükəsizlik səbəbilə İraqdakı diplomatik missiyasını ən aşağı səviyəyə endirib. Belə görünür ki, bu belə İranı qane etmir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani dünən çıxış edərək ABŞ-ın regiondan ayağını tamamilə kəsəcəklərinə söz vermişdi. İranın dini lideri ayətullah Əli Xamanei isə Ərbil və Anbar hərbi bazalarına edilmiş hücumun sadəcə şapalaq olduğunu, əsl intiqamın daha sonra alınacağını bildirmişdi.

  

İranın bu qəzəbi qarşısında ABŞ yetkililərinin səbri bəzi ekspertlər tərəfindən danışılmış güc nümayişi kimi qiymətləndirilir. Onların fikrincə, İranın Yaxın Şərqdə zəifləməsi əslində ABŞ-ın dövlət maraqlarına uyğun deyil. Çünki İran xofu aradan qalxsa, ABŞ-ın enerji zəngini ərəb dövlətləri üzərindəki hegemonluğunun bəhanəsi də yox olar. Odur ki, yeri gələndə ABŞ iradəsinə qarşı dayana bilən, hətta ona Xamanei zərbəsi endirməkdən çəkinməyən İran faktoru Vaşinqtonun da işinə yarayır. ABŞ məhz bu xofu bəhanə edib hərbi yatırımlarını daha da artıra və müasir silahlarını baha qiymətə özlərinin sağmal inəyi kimi baxdıqları ərəblərə sata bilərlər.

Görünən budur ki, ABŞ-ın “sağmal inək” siyasətinin tərkib hissəsi olan İran “xəmiri” hələ çox su aparacaq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 481          Tarix: 9-01-2020, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma