Xəbər lenti

 

Yanvarın 7-dən 8-nə keçən gecə İranın vurduğu ABŞ hərbi bazasında itkilər barədə müxtəlif fikirlər irəli sürülür. İran hücum zamanı 80 ABŞ əsgərinin öldüyünü bildirsə də, ABŞ prezidenti Donald Tramp bu faktı inkar etmiş və heç bir tələfatın olmadığını açıqlamışdı. Trampın dediyinə görə, həmin hərbi bazalara ciddi maddi ziyan da dəyməyibmiş: “Hərbi bazalar yerində qalmış kimi görünürlər”.

 

Müzakirələrə səbəb olan hərbi bazaların hücumdan sonrakı durumuyla bağlı kosmosdan çəkilmiş şəkillər paylaşılıb.

ABŞ hərbi qüvvələrinin 2003-cü ildən bəri yerləşdikləri Anbar hərbi bazasından çəkilən şəkillərdə bəzi ciddi dağıntılar aydın görünür. Məlumatlara görə, İraqın ən böyük hərbi bazası olan Anbarda 1500-dən çox Amerika əsgəri qulluq edir. Bu qədər çox hərbçinin yerləşdiyi bazada ən az 3 yerin vurulduğu aydın görünür. Həqiqətən də bu qədər qələbəlik bir məkanda ağır bombardımandan sonra heç bir canlı itkisi olmayıbsa, bunu böyük şans saymaq mümkündür.

 

İran İnqilab Keşikçiləri korpusunun həmin hücumda ballistik mərmilərdən istifadə etdiyi bildirilir. Bəzi ABŞ mütəxəssisləri itkinin azlığını İranın xoş niyyətilə əsaslandırıblar. Onların fikrincə, İran istəsəydi, ABŞ əsgərlərinin olduğu kazarmaları hədəfə alar və Pentaqona böyük itkilər yaşadardılar. Bu hücuma ABŞ-ın cavabı isə ağır olardı. Mülahizələrə görə, İran bu durumla qarşı-qarşıya qalmamaq, həm də öz hərbi xarizmasını qurtarmaq üçün boş anqarları hədəf kimi seçmiş və düşmənə “istəsəydik, sizə böyük itki verdirərdik” mesajı çatdırmağa çalışmışdır.

 

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, İran, hərbi taktikalarında tez-tez minillik Ələmut ənənələrinə əsaslanır. “Şəhid Süleymani” əməliyyatındakı qarşımıza çıxan “mümkün olduğu qədər az itki” nüansı da Ələmut  ənənəsindən bəhrələnmiş kimidir.

 

Belə ki, tarixi sənədlərə görə, Məlik şahın yerinə keçən Səlcuqlu hökmdarı Sultan Sunqur Xaşxaşilər üzərində hücuma hazırlaşırmış. Elə həmin sıralarda bir gün səhər tezdən yuxudan qalxanda balıncının bir xənçər sancıldığını görür. Səlcuqlu sarayında ciddi qorxuya səbəb olan xənçər müəmmasının üstü bir neçə gündən sonra aydınlaşır. Sultanla görüşə gələn bir dərviş ona deyir: “Balıncına sancılan xənçər sənin yumşaq ürəyinə də dələ bilərdi. Bizimlə uğraşmaqdan vaz keç”.

Salnaməçilər məhz bu hadisədən sonra Səlcuqluların Xaşxaşiliyə qarşı mübarizədən tamamilə vaz keçdiyini və onları Allahın ümidinə buraxdıqlarını yazırlar. Təsadüfi deyil ki, Ələmut qalası Səlcuqlulardan sonra Elxanlılar dövründə ələ keçirilə bilmiş və xaşxaşilər İran ərazisindən çıxarılmışlar.

 

Görünən budur ki, İran hərbi taktikalarında eyni metodu müasirləşdirmiş və daha təhlükəli vəziyyətə gətirmişdir. İndi hansısa sultanların, prezidentlərin yastığına deyil, dövlətlərin ürəyi olan hərbi bazalara “xənçərlər” endirilir. Ən maraqlı bənzərlik isə budur ki, Ələmutçuların Səlcuqlular üzərində tətbiq etdiyi bu metod indi də eyni nəticəni verir. ABŞ-ın məhz məlum “xənçər” göstərisindən sonra BMT-yə müraciət edərək İranla danışıqlara hazır olduqlarını bildirməsi də bundan xəbər verir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 9-01-2020, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma