Xəbər lenti

  

Son zamanlar ölkədə baş verən proseslər təhrif edilərək ictimaiyyətə təqdim olunur. Hakimiyyət köhnə kadrları yeniləri ilə əvəz edir və buna kadr və struktur islahatları deyir. Halbuki, bu dəyişikliklər sülalə hakimiyyətinin möhkəmləndirmə cəhdindən başqa bir şey deyil”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, dövlət mexanizminə, iş prinsiplərinin mahiyyətinə toxunmadan yaşlı kadrların gənclərlə əvəz edilməsi və ya kadrların yerini dəyişdirilməsi ilə (Saatlının icra başçısını Sabirabada, Sabirabadınınkını isə Saatlıya təyin etməklə) heç bir müsbət nəticələr əldə etmək mümkün deyil: “Bu ona bənzəyir ki, köhnə maşınının sürətini artırmaq üçün yaşlı sürücünü gənclə əvəz edirsən. Sözsüz ki, bu dəyişiklik nə maşının komfortunu, nə də sürətini artırar. Əksinə, yaşlı və təcrübəli sürücü yenə illərlə öyrəşdiyi maşını daha təhlükəsiz idarə edə bilirdi. Gənc sürücü isə dilini bilmədiyi maşını bir də sürətli sürmək eşqinə düşərsə, onun qəza törətməsi qaçılmaz olar. Əslində isə bu durumda sürücüdən qabaq maşın dəyişdirilməlidir”.

 

Ölkədə aparılan “islahatları” iqtidar sükanının hakim sülalənin bir üzvündən digərinə ötürülməsi kimi qiymətləndirən partiya sədri bunu edənləri dövlət və tarix qarşısındakı missiyalarını tam anlamamaqda, məsuliyyət hissindən uzaq olmaqda günahlandırıb: “Adama deyərlər, axı sən özün hansı uğura imza atdin ki, hakimiyyəti ötürmək istədiyin ailə üzvün də bu millət üçün nəsə etsin? Fikrimcə, hakimiyyətdə nəsil dəyişikliyi etməmişdən əvvəl ölkə rəhbərliyi qarşılarında dayanan missiyanı tamamlamalı, problemləri çözməyi bacarmalıdır. Hakimiyyətdə kimlərin təmsil olunması isə xalqın ixtiyarına buraxılmalıdır. Xalq sənin uğurlu siyasətini qiymətləndirərək sülaləndən başqa birisini özünün təmsilçisi seçə bilər. Azərbaycanda isə xalqa bu hüquq verilmir, seçki saxtakarlığı ilə onun əvəzinə təmsilçilər təyin olunur. Hətta eşitdiyimə görə, bəzi yaşlı deputatların övladları onları əvəz edəcəklər. Biz hansı dövrdə yaşayırıq ki, deputatın oğlu, yaxud qızı deputat, fəhlənin uşağı fəhlə olsun? Bu ibtidai dövrlərdən qalma sülaləçilik sisteminin bərqarar olması və milli iradəyə təcavüzdür, Azərbaycana vurulan ən böyük zərbədir”.

 

İlyas İsmayılovun fikrincə, 27 ildir davam edən hakimiyyətin qarşısında dayanan ən böyük problem Dağlıq Qarabağ məsələsidir və iqtidar bu problemi həll etmədən tarixə yaxşı adla düşməyəcək: “Hakimiyyət isə bu problemi ümumiyyətlə unutdurmaq istəyir. Bir zamanlar heç olmasa, hərbi əməliyyat keçirməsə də, yalandan əsib coşurdular. Bayrağımız Xankəndində, Şuşada dalğalanacaq”, deyirdilər. Açığını desəm, mən bunu müsbət qarşılayırdım. Çünki Fransanın əfsanəvi generalı, sonradan prezidenti olmuş Şarl de Qollun gözəl bir deyimi var: “Əgər siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”.  Mən də hesab edirdim ki, hakimiyyət Dağlıq Qarabağ problemini sərt ritorika ilə gündəmə gətirməklə bunu edir. Amma son zamanlar ermənilər bu sahədə də bizi üstələyib. Üstəlik, onlar bizim cəsarətsizliyimizi görüb Naxçıvanı da öz sərhədlərinə qatmağa çalışırlar. Bizimkilər isə “nöqtə”ni “nida”ya çevirməklə məşğuldurlar”.

Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaqlar tərəfindən təşkil edilən terrorçu-separatçı hərəkat olmasının artıq heç kimdə şübhə doğurmadığını deyən İlyas İsmayılov hakimiyyətin bu istiqamətdə indiyədək yürütdüyü sülh siyasətinin iflasa uğradığı qənaətindədir: “Mövcud hakimiyyətin Dağlıq Qarabağ probleminə yanaşması əvvəldən xətalı idi. Onlar problemi öz gücümüzlə çözmək əvəzinə, xarici qüvvələrin ixtiyarına buraxdılar. Halbuki, mən bunu uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər”.

 

Üstəlik, ATƏT-in qərarlarının konsensusla qəbul edildiyini, yəni bir nəfər razılığı olmasa, qərarın meydana çıxmadığını bildirən İlyas İsmayılov bu faktın da problemin həllini mümkünsüzləşdirdiyi fikrindədir: “Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər. Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də ATƏT-in Minsk qrupunun üzvü olsun. Türkiyə, bizi istəyən Pakistan da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq.

Odur ki, məsələnin yenidən BMT TŞ-nın gündəliyinə qaytarılmalısının vacibliyinə toxunan partiya sədri bu yolla da heç nəyə nail olunmasa, sülh variantından tamamilə imtina etməyin tərəfdarıdır: “BMT TŞ-dan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icrasına başlasın. Necə ki, Liviya ilə bağlı qərar qəbul etdilər və dərhal da həyata keçirdilər, təkcə M.Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər. Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı özümüz azad etməliyik. Bu bizim şərəf, ləyaqət, qeyrət işimiz, borcumuz olmalıdır”.

Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyinin olmadığını deyən həmsöhbətimizə görə, 10 milyon əhali eyni mövqedədir: “Bunun qarşısında isə heç kim dayana bilməz. 2016-cı ilin aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.

Ümumiyyətlə, Ermənistanla bütün danışıqları dayandırmağın daha doğru olacağını düşünən Ədalət partiyasının sədri fikrini belə əsaslandırıb: “Biz Ermənistan rəsmilərilə dil tapılacağı ehtimalına da inanmamalıyıq. Çünki onlar əsl söz sahibi deyillər. Bir tərəfdən Rusiyanın, ABŞ-ın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağımızın nə mənası var? Onlar istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməzlər. Odur ki, təkrar edirəm; torpaqlarımızı özümüz azad etməliyik”.

 

Bəzən münaqişənin sülh yolu ilə həllini təklif edənlərin bir neçə rayonu qaytardıqdan və azərbaycanlı qaçqınların öz yurd-yuvalarına geri dönməsindən sonra Dağlıq Qarabağda referendum keçirilməsini istədiklərini deyən İlyas müəllim bu proyektin heç bir hüquqi əsası olmayacağını düşünür: “Mən bu fikri dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq istəyirəm. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”. Bu maddədən də göründüyü kimi,  Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz”.

İlyas İsmayılov sonda hakimiyyəti ərazi bütövlüyümüz və suverenliyimiz qarşısındakı məsuliyyətini dərk etməyə, xalqa Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarla bağlı hesabat verməyə çağırıb.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 182          Tarix: 16-01-2020, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma