Qasim Süleymani sui-qəsdindən sonra İraq parlamentinin bütün xarici hərbi qüvvələrin ölkədən çıxarılması barədə qərarının ardından ABŞ-ın sərt reaksiyası ilə qarşılacağı gözlənilməz deyildi.
Bir müddət əvvəl rəsmi Bağdadı öz qərarına yenidən baxmağa dəvət edən ABŞ əks halda ölkənin bank hesablarını donduracağını açıqlamışdı. İraqın bu təhdidə də boyun əyməməsi Vaşinqtonu yeni təzyiq vasitələrini hərəkətə gətirməsinə səbəb olub.
Ovqat.com-un məlumatına görə, ABŞ İraqla bağlı B planını işə salmaq niyyətindədir.
2003-ci ildə İraqın işğalının ilk dövrlərində ortaya atılan və ölkənin 3 yerə - şiə, sünnü və kürd dövlətlərinə bölünməsini nəzərdə tutan bu plandan İŞİD faktorunun meydana çıxması ilə vaz keçilmiş, İranın yardımı ilə yaradılan Həşdi-Şabi könüllərinin vasitəsilə “xilafət” təhlükəsi ortadan qaldırıldıqdan sonra növbəti dəfə gündəmə gətirilməkdədir. İraq parlamentinin məlum qərarının sünni və kürd siyasiləri tərəfindən xoş qarşılanması da belə deməyə əsas verir.
Məlumata görə, 2003-cü ildən fərqli olaraq, İranın indi xüsusilə Şimali İraqda mövqeləri kifayət qədər sarsılıb. Hazırda İraqın şimalı tamamilə Barzani əşirətinin əlinə keçib və bu əşirət əzəl gündən rəsmi Tehrana məsafəli yanaşıb. İran yanlısı kürd siyasi fiqurların əksəriyyəti isə ya dünyasını, ya da situasiyaya uyğun olaraq mövqeyini dəyişib. Kürdlərlə şiələrin ittifaqında önəmli rol oynayan Əhməd Çələbinin (şiə siyasi xadim), ardından isə Cəlal Təlabaninin (kürd siyasi xadim) ölümündən sonra onsuz da sapdan asılı vəziyyətdə olan müttəfiqlik əlaqələri böyük ölçüdə zədə alıb. Müstəqillik tərəfdarı olan Məsud Bərzaninin yaranan bu boşluqdan istifadə edərək 2017-ci il referendumuna getdiyi, amma Təlabani klanının Həşdi Şabi ilə birləşməsi nəticəsində öz məqsədinə çata bilmədiyi xəbər verilir. İddialara görə, Təlabinilərin mərkəzi hakimiyyətə meylli siyasəti kürdlər arasında vətəndaş müharibəsinə səbəb olacağı ehtimalı doğurduğundan ABŞ-ın 2017-ci ildəki müstəqillik referendumunun nəticələrini tanımasını və Bərzanini tam dəstəkləməsini də əngəlləmişdi.
İndisə situasiyalar yenidən kürd separatçılarının xeyrinə inkişaf edir. İraq parlamentinin xarici hərbi qüvvələrin ölkədən çıxarılması barədə qəbul etdiyi qərarın Vaşinqton-Baqdad xəttində yaratdığı gərginlik Şimali İraq Kürd Muxtariyyətinin açıq mövqe ortaya qoymasını asanlaşdırır. Təsadüfi deyil ki, həmin qərara ən çox qarşı çıxanlardan biri İraq Kürd Muxtariyyətinin yeni rəhbəri Neçirvan Bərzani oldu.
“Al-Monitor” qəzetinə verdiyi müsahibəsində qərarın düzgün olmadığını bildirən N.Barzani bu barədə kürdlərin və sünnilərin fikrinin soruşulmadığını, onlarla məsləhətləşilmədiyini deyib: “Bu çox pis presedentdir. Qərar yalnız şiə siyasi partiyaları tərəfindən ölkənin iki vacib komponenti - sünni və kürdlərlə məsləhətləşmədən qəbul edildi. Bu, heç bir razılıq olmadan atılan çox kritik bir addımdır və konstitusiyanın ruhuna ziddir. Mövcud vəziyyət indi və ya gələcəkdə İraq üçün yaxşı heç nə vəd etmir".
Bərzaninin bu çıxışının İraq Baş nazirinin hərbi məsələlər üzrə sözçüsü Əbdülkərim Xələfin parlamentin məlum qərarını şərhindən sonra gəlməsi diqqətçəkiçicidir. Həmin şərhində Ə.Xələf bildirmişdi: “ABŞ qüvvələrinin ölkədən çıxarılması qərarı bütün İraq ərazilərində, o cümlədən Şimali İraq Kürd Muxtariyyətində keçərlidir”.
Mərkəzi hakimiyyət sözçüsünə cavab xarakterli müsahibəsində kürd lider ABŞ-ın rəsmi Bağdadın dəvətilə İraqa gəldiyini və İŞİD-in məhz onların dəstəyi ilə məğlub edildiyini xatırladıb: "ABŞ qüvvələri niyə buradadır? - 2014-cü ildə İŞİD Bağdadın kənarına qədər gələrkən İraq hökumətinin dəvətinə və BMT TŞ ilə aparılan məsləhətləşmələrə əsasən buradadırlar. İkinci sual budur: İraqdakı mövcud vəziyyət ABŞ və koalisiya qüvvələrinin İŞİD-i məğlub etməyə kömək etmək üçün missiyasına rəğmən geri çəkilmələrini şərtləndirirmi? Şimali İraq Kürd hökuməti olaraq cavabımız “Xeyr”dir və biz bu durumdan narahatıq. Bütün kəşfiyyat məlumatları göstərir ki, İŞİD yenidən bərpa prosesinə girir və hər gün İraqdakı hədəflərə hücumlar təşkil edir".
Bərzaninin sözlərindən görünür ki, İraqın ABŞ əsgərlərinə “get” qərarından sonra Vaşinqton bu ölkədəki status-kvonu yenidən 2014-ci ildən əvvəlki vəziyyətə gətirmək niyyətindədir. Bu isə faktiki olaraq ölkənin 3 yerə - şiə, sünni və kürd dövlətlərinə bölünməsi ilə nəticələnə bilər. Kürd liderin müsahibəsində İraq parlamentinin məlum qərarının sünni və kürd azlığı ilə razılaşdırılmadığını, bunun isə ağır nəticələr doğuracağını bildirməsi də sözügedən təhlükənin mesajı kimi səslənir.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərq ölkələri arasında ən çox kapital ayırdığı dövlət İraqdır. Məlumata görə, İraq hər il ABŞ-dan 5.2 milyard dollar yardım alır və bunun 89%-dən çox hissəsini hərbi yardımlar təşkil edir. İndisə həmin ölkə İrana görə ABŞ-la vidalaşmaq istəyir.
Görünür, bu qərarı özünə qarşı nankorluq hesab edən Vaşınqton İraqı Yaxın Şərqin bataqlığına, İranı isə bu bataqlığın içərisində çabalayan varlığa çevirmək niyyətindədir.
Ovqat.com
Paylaş: