(İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mə´nəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bə´zi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır" – Bəqərə surəsinin 249-cu ayəsində belə deyilir.
Quran təfsirçilərinə görə, burada haqqında danışılan sandıq - (əslində tabut) padşahlığa layiq olduğunu təsdiqləmək üçün Taluta göndərilən Əhd sandığı idi. İçərisində bir çox müqəddəs əşyaların olduğu bu sandıq düşmənlərin əlinə keçdikdən sonra İsrail oğulları xeyr-bərəkətlərini, qələbə şanslarını itirirlər. Daha sonra düşmən tayfa Əhd sandığını geri qaytarır və qədim yəhudilər yenidən uğur qazanmağa başlayırlar. Ta o zamana qədər ki, Əhd sandığı yenidən yoxa çıxır. Beləcə, Süleyman peyğəmbər dövründə uzun illər dünyanın super gücü olan İsrail oğulları min illər boyu bir daha dövlət qura bilmirlər.
Müqəddəs kitabımız tərəfindən təsdiqlənən bu qissədən aydın olur ki, millətləri millət edən, onu mübarizəyə həvəsləndirən, qəhrəmanlaşdıran çox dəyərli əşyalar var. Milli gücün mənəvi qaynağına və simvoluna çevrilən bu əşyalar qədim daş lövhələr, bayraq, hansısa peyğəmbərə aid əsa da ola bilər, xalqların tarixi yaddaşına həkk olunmuş xatirələr də. Bir çox dövlətlər tərəfindən əbədiləşdirilən tarixi günlər də millətləri ayaqda saxlayan belə ülvi dəyərlərdəndir və bu dəyərlər siyasi mövqeyindən asılı olmayaraq, toplumun bütün kəsimləri tərəfindən ortaq mənəvi miras kimi qəbul edilir.
Azərbaycan xalqının da müxalifətli-iqtidarlı hər kəs tərəfindən qəbul olunan bəzi dəyərləri, tarixi günləri var. Xüsusilə qələbə sevincinə tamarzı qoyulan xalqımız üçün bu nadir uğur rəmzlərindən biri də 31 Dekabrda qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Xalqımıza milli bütövlüyü, cənublu-şimallı Azərbaycanın birləşmək arzusunu təlqin edən bu rəmzi gün, sözsüz ki, ən çox İranı narahat edir. Onun ehtiva etdiyi ideyanı özünün torpaq bütünlüyünə təhdid kimi görən İran ideoloqları Dünya Azərbaycanlılarının həmrəylik duyğusunu ortadan qaldırmağa çalışırlar və bu məqsədlə də tarixi saxtalaşdırmaqdan belə çəkinmirlər.
Ötən cümə günü Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amilinin öz xütbəsində səsləndirdiyi fikirlər də bunun bariz nümunəsidir. Xütbəsində sərhəd hərəkatının 1989-cu ilin dekabr ayının 31-də baş vermədiyini iddia edən ayətullah deyir: “31 dekabr deyil, 19 yanvardır. Bunlar niyə apardılar 31 dekabra? Dedilər; 31 dekabr xristian bayramıdır, Noel bayramıdır. Gəlin, aparaq ora, camaatın təbii yığnağı var, o yığnaqdan biz istifadə edək. Yox, heç vaxt əqli istinadla tarixi təhrif etmək olmaz. Dəyişdirmək olmaz tarixi. 31 dekabrda heç nə baş verməyib, heç iynənin ucu qədər də hadisə olmayıb. Hadisə olub 19 yanvarda və biz 18 yanvarı əzəmətlə saxlamalıyıq”.
Göründüyü kimi, “tarixi təhrif etmək olmaz”deyən ayətullah gözümüzün içinə baxa-baxa milyonlarla canlı şahidinin indi belə yaşadığı hadisəni tamamilə inkar edir və onun yerinə yeni süni bayram yaratmağa cəhd göstərir. Şəxsən o hadisənin canlı şahidlərindən biri də elə bu yazının müəllifidir və ayətullah mərtəbəsinə yüksələn bir adamın dilindən bu təhrifi eşitmək insanda bəd gümanlara yol açır.
Hörmətli ayətullah Amilinin Azərbaycan türk folklorunu dərindən bildiyi və zaman-zaman gözəl lətifələrlə, deyimlərlə xütbələrini rövnəqləndirdiyini nəzərə alıb ona bir atalar sözünü xatırlatmaq istərdik: “Yalançının evi yanar, heç kim inanmaz”. Dini bilgisinə şübhə etdiyimiz, çıxışlarında Ərdəbil müsəlmanlarını haqq yoluna, əxlaqa dəvət edən ayətullahın xitab etdiyi xalq qarşısında etibarını itirməsini biz də istəmirik. Çünki onu Azərbaycan türkünün cənubda yetişdirdiyi dəyərli alimlərdən biri kimi görürük. Dilə gətirdiyi sözləri əlində tutduğu kağızdan oxuduğu da aydın sezilir. Görünür, kimsə onu təlimatlandırıb yalan danışmağa vadar edib. Ərdəbil imam-cüməsinə edilmiş bu pisliyi onun sözünün çəkisini azaltmaq, xalq qarşısında etibardan salmaq məqsədi daşıdığını düşünür və əsl həqiqəti əks etdirən təkzib edilməz dəlillərlə onu haqq yoluna qayıtmağa, rəsmi Tehranın və ya Qumun uydurduğu yalanlarla özünü etibarsızlaşdırmamağa çağırırıq. Ən azı ona görə ki, Amili həzrətləri digər azərbaycanlı ayətullahlardan fərqli olaraq çıxışlarında tez-tez ölkəmizin problemlərini dilə gətirir, Azərbaycan eşqiylə yanıb tutuşur. Belə milli insanların etibarsızlaşdırılmasını və nətcədə müsəlman donuna girmiş fars şovinizminə mənəvi terroruna qurban getməsini biz də arzulamır, bunu millətimizin kisəsindən oğurlanan nemətimiz sanırıq.
Məhz bu niyyətlə də Naxçıvanda sərhədlərin açılışı zamanı lentə alınmış video-görüntüləri Amili həzrətləri izləsin deyə təqdim edirik. Videolardan da göründüyü kimi, sərhədləri sökənlər, tikanlı məftillərin birləşdirildiyi dirəkləri yandıranlar qətiyyən İranın tərkibinə keçmək arzularını dilə gətirmirlər. Əksinə, cənublu-şimallı Azərbaycanın bütövləşməsini arzulayırlar. Təsadüfi deyil ki, bu aksiyalar əslində heç 31 dekabrda da başlamamışdı. Keçirilən ilk aksiya 12 dekabr – 21 Azər Gününə təsadüf edirdi və yəqin ki, ayətullah Amiliyə həmin günün nə anlama gəldiyini xatırlatmağa ehtiyac yoxdur. 31 dekabr - sadəcə bir aya yaxın sürən aksiyaların kulminasiya nöqtəsi idi. Aksiyaçıların son nöqtəni həmin günə saxlaması isə, hörmətli ayətullahın dediyi kimi, xristianların bayramı olan Neol gününü Azərbaycan xalqının yaddaşından tədricən silmək və milli dövlətçilik ənənələrimizə Talutun Əhd sandığına bənzər dəyər qazandırmaq idi. İndisə İslam Respublikası adlanan cənub qonşumuz yalan üzərində qurulan təbliğatları ilə nədənsə müsəlmanlığa yad olan həmin bayramı yenidən bizə hədiyyə etməyə çalışır. Özü də milli dəyərlərə sahib bir ayətullahın diliylə. Ümidvarıq ki, cənab Amili də burdakı fitnənin nəyə qulluq etdiyi barədə dərindən düşünəcək və bir də əlinə dürtülən mətnləri araşdırmadan xütbə namazlarında oxumayacaq.
Sonda onu bildirmək istərdik ki, İran İslam Respublikası tərəfindən Azərbaycan xalqına sırınan saxta bayrama rəsmi Bakının laqeyd qalması da anlaşılan deyil. Çünki 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması rəsmən dövlət bayramı kimi tanınıb və bu barədə fərmanı mərhum Heydər Əliyev 1991-ci ilin 16 dekabrında imzalayıb. İndi hansısa ölkənin ali dini liderinin təmsilçisinin əlinə dürtülən kağız parçası ilə dövlət tədbiri şübhə altına alınırsa, sözsüz ki, buna rəsmi reaksiya olmalıdır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: